İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Kiyevdən Azərbaycan daxil, üç ölkəyə ittiham

Partiya sədri: “Bu davranışın yanlış olduğunu Zelenskiyə kimsə başa salacaq”

Ukrayna Kəşfiyyatı Cənubi Qafqaz ölkələrini Rusiya məhsullarının beynəlxalq bazarlara ixracı ilə bağlı Moskva ilə danışıqlar aparmaqda ittiham edib. Bu barədə Gürcüstanın “civil.ge” xəbər portalı məlumat dərc edib. Bildirib ki, mayın 1-dən etibarən Rusiya mallarının sözügedən ölkələrin malı kimi tədarükünün həyata keçirilməsi və üçüncü ölkələrə ixracı planlaşdırılır.

“Cənubi Qafqaz ölkələrində artıq 200-dən çox şirkət yaradılıb. Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradır. Bu, xüsusən də İT sahəsinə aiddir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bu yana Ermənistana 85 min Rusiya vətəndaşı və 113 İT şirkəti gəlib. Rusiya vətəndaşları Ermənistan ərazisində hər iki ölkənin - Ermənistan və Rusiyanın büdcələrinə vergi ödəyən minə yaxın özəl müəssisə və 250-yə yaxın məhdud məsuliyyətli cəmiyyət yaradıblar”.

Məlumatda vurğulanır ki, Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün xüsusi əlverişli şərait yaradır.

Həmçinin Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyatı Moskvanın Gürcüstan ərazisindən qaçaqmalçılıq kanalı yaratdığını iddia edib.  Gürcüstan hakimiyyəti isə öz növbəsində bu ittihamla qəti şəkildə razılaşmır. Qeyd edək ki, məlumatda Ermənistan, Gürcüstanla yanaşı, heç bir arqument ortaya qoyulmadan Azərbaycanın da adı çəkilib. Kiyev niyə Qafqaz ölkələrini tez-tez ittiham edir? Bu ittihamlarda haqlılıq payı varmı? Bu cür siyasət Ukraynanın dövlət maraqlarına uyğundurmu? Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiyanı Qərbin  sanksiyalarından yayındırmaq ittihamı nə qədər əsaslı ola bilər?

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların təkcə Rusiya üçün deyil, həm də onunla əməkdaşlıq edən region ölkələri üçün  ciddi problemlər yaradacağı şübhə doğurmur: “Ancaq bu sanksiyalar həm də yeni imkanlar yaradır və Qərb şirkətlərinin boşaltdığı yeri tutmaq cəhdləri mütləq olacaqdır. Bu istiqamətdə Qərb dünyasının ”sevimlisi" olan Ermənistanın qabağa düşməsi, rusların və İT şirkətlərinin İrəvana axın etməsi gözlənilməz sayılmamalıdır. Xatırladıram ki, bundan əvvəl tətbiq olunan sanksiyalardan ən çox yararlanan Aleksandr Lukaşenkonun Belarusu olmuşdu və istehsalın “kəskin” artımı ilə hamını, ilk növbədə “böyük qardaşı” xeyli təəccübləndirmişdi.

Məlumdur ki, Azərbaycan Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmayıb. O da məlumdur ki, Rusiya Azərbaycanın ticarət tərəfdaşları içərisində qeyri-neft və qaz məhsullarının idxalında və ixracında birinci yerdə olan ölkədir. Ötən il qarşılıqlı mal dövriyyəsi 16 faiz artıb və 3,4 milyard dollara çatıb. Biz bundan sonra da iqtisadi əməkdaşlığımızı artan templə davam etdirəcəyik və bu məsələdə heç kim bizə mane ola bilməz.

Gürcüstan da müstəqil ölkə kimi hansı ölkənin şirkətləri ilə əməkdaşlıq etməkdə, hansı şirkətlərə şərait yaratmaqda sərbəstdir.

Ukraynanın rəsmi şəxslərinin Azərbaycanı və Türkiyəni ittiham edən əsassız bəyanatları nə ilə əlaqədardır? Hər şeydən əvvəl, qeyd etməliyik ki, bu gün Ukrayna xalqı həm də Azərbaycanın müstəqilliyi uğrunda döyüşür. Biz bunu qiymətləndiririk və həm Azərbaycan, həm də Türkiyə Ukraynaya yardım etmək üçün əlindən gələni və mümkün olanı edir.

Ancaq Ukrayna rəsmilərinin, ilk növbədə, prezident Volodimir Zelenskinin özünü “dünyanın lideri” sayması, müxtəlif dövlətlərin başçılarını “tənbeh” etməsi, “rəhbər göstərişlər” göndərməsi qəbuledilməzdir və bu davranışın ciddi narazılıq yaratması göz qabağındadır".

Partiya sədri hesab edir ki, Zelenskinin Almaniya prezidenti Ştaynmayeri az qala “persona non qrata” elan etməsindən tutmuş, müxtəlif ölkə liderlərinə  “direktivlər” verməsi, iradlar bildirməsinə qədər olanlar qəbul olunan davranış deyil və gələcəkdə Ukraynaya ciddi problemlər yarada bilər.

Bu baxımdan, Ukrayna liderinin Türkiyənin və Azərbaycanın ünvanına səsləndirdiyi əsassız iradlar, verdiyi “göstərişlər” qətiyyən qəbul edilə bilməz: “Ümid edirəm ki, bu davranışın yanlış olduğunu ona kimsə başa salacaq. Əks halda, əlavə problemlərin yaranması, onsuz da kifayət qədər ağır vəziyyətdə olan Ukraynanın daha çətin duruma düşməsi qaçılmaz olacaq”.

Həmsöhbətimiz həmçinin qeyd etdi ki, Cənubi Qafqaz ölkələrinin Rusiya şirkətləri ilə yeni əməkdaşlığı o dərəcədə böyük deyil ki, bu əməkdaşlıqlar Rusiyaya qarşı beynəlxalq səviyyədə tətbiq edilən sanksiyaları kompensasiya edə bilsin.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR