İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Məcid: "Qarşılıqlı ittiham və təhqirlər..." - VİKİPEDİYA SKANDALI SƏNGİYƏCƏKMİ?

Musavat.com-un xəbərinə görə, Vikipediya skandalına Mətbuat Şurasının sədri Rəşad Məcid də reaksiya verib.

Xəbər verdiyimiz kimi, texnobloqer Fərid Pərdəşünas və vikipediyaçılar arasında yaşanan şəhid məqalələri qalmaqalı bir neçə gündür gündəmi zəbt edib.

Pərdəşünas bildirib ki, aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantların da olduğu 3 min şəhid məqaləsi Vikipediyadan silinib.

O qeyd edib ki, buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğu əsas gətirilib.

Azərbaycan dilli Vikipediyanın 4 böyüklərindən biri, bürokrat və admin Eldar Əzimov isə öz sosial media hesabında qalmaqala münasibət bildirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid də bu mövzuda çağırış edib və tərəfləri təmkinli olmağa dəvət edib.

Onun statusunu olduğu kimi təqdim edirik:

"Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın Vikipediya platformasında şəhidlər haqqında yazıların silinməsiylə bağlı həyəcanını bölüşdüyümüzü və qarşı tərəfdən tutarlı əsaslandırmalar gözlədiyimizi bildirmişdim.

Qarşı tərəfdən müəyyən qaneedici açıqlamalar gəlsə də, bu həssas mövzu ətrafında müzakirələr səngimədi, əksinə, qarşılıqlı təhqirlərlə davam etdirildi. Prosesin belə məcra alması olduqca məyusedicidir.

Fikrimcə, Fərid Pərdəşünas problemlə bağlı narahatlığını bölüşəndən, ictimaiyyətin diqqətinə çatdırandan, bəzi vikipediyaçılaın təəssüf dolu üzrxahlıqlarından sonra müzakirələri səngitməli idi.

Qarşı tərəf təmsilçilərinin səsləndirdikləri müəyyən arqumentlər başadüşülən olsa da, Vikipediya inzibatçısı kimi təqdim olunan bəzi şəxslərin fikirləri təəssüf doğurdu. Onların cavablarındakı təkəbbürlü ton, etik çərçivələri aşan, ittiham, nifrət püskürən leksikon, bir budaqda oturub min budağı silkələmək cəhdi, yumşaq desək, cığallıq və problemdən yayınmaq idi.

Gənc vikipediyaçıların şəkillərini paylaşıb onların ictimai qəzəbə tuş gəlməsinə rəvac vermək isə birmənalı şəkildə qəbuledilməz addımdır. Unutmayaq ki, neçə illərdən bəri azərbaycandilli Vikipediyanın formalaşmasında və zənginləşməsində, o cümlədən şəhidlərimizlə bağlı məlumatların bu platformada yayılmasında təmənnasız xidmətləri olan şəxsləri bu dalğada ictimai hiddətə hədəf göstərmək təhlükəli fəsadlara yol aça bilər.

Bütün bu deyilənləri və yaranmış situasiyanı nəzərə alaraq mən həm Fərid Pərdəşünası, həm də vikipediyaçıları qarşılıqlı ittiham və təhqirləri dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə problemdən çıxış yolu axtarmağa çağırıram".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR