İnsanlara hürriyət, millətlərə istiqlal!

Rektorların nazirə susqunluğu - öz məzunlarını qorumamağın səbəbi

Sertifikasiya imtahanlarında minlərlə kənara atılmış müəllimə diplom vermiş universitet rektorları niyə onların taleyinə laqeyd qaldı?

Son illər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikasiya imtahanları nəticəsində minlərlə orta məktəb müəllimi işsizlər ordusuna qatılıb. Aralarında hətta 20-25 il iş stajı olan müəllimlər belə var. Bu mövzuda “Bakı-Xəbər” yazıb. Qəzet qeyd edir ki, insanlar uzun illər əmək fəaliyyətindən sonra əmək pensiyası hüququnu da itiriblər.

Məlumdur ki, həmin şəxslərin əksəriyyəti Azərbaycanın pedaqojiyönümlü universitetlərinin məzunları olub. Lakin maraqlısı odur ki, bu pedaqojiyönlü universitetlərin birinin rəhbərliyindən hər hansı reaksiya gəlmədi, onların səsi çıxmadı. Bir rektor demədi ki, məzunlarımızın 5 illik zəhmət bəhrəsi olan diplomunu bir an içində niyə bu qədər mənasız və hörmətsiz kağız parçasına döndərirsiniz.

Daha maraqlısı odur ki, bu sertifikasiya imtahanlarını tərtib edənlərin çoxu Azərbaycan universitetlərinin yox, xaricdə hansısa universitetin və ya kollecin məzunlarıdır. Yəni nəticə etibarilə burada xarici universitetlərin və ya xarici kolleclərin qarşısında Azərbaycan universitetlərinin aşağılanma prosesi də gedir.

Sertifikasiya imtahanlarında minlərlə kənara atılmış universitet müəlliminə təhsil və diplom vermiş universitet rektorları öz məzunlarının taleyinə niyə bu qədər laqeyd qaldılar?

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Bu, elə bir prosesdir ki, həm ağrılıdır, həm də biz məsələyə birtərəfli qaydada yanaşmamalıyıq. Yəni təhsil verənlərlə paralel təhsil alanları da düşünməliyik. Əgər kimlərsə bu gün kənarda qalırlarsa, sertifikasiya prosesindən keçmirlərsə, bir də onların təhsil verdikləri şagirdləri düşünməliyik: nə qədər şagird tam proqramda nəzərdə tutulan təhsili ala bilmir? Məsələyə belə yanaşmaq lazımdır. Ümumiyyətlə, rektorlar niyə bu məsələyə biganə yanaşır?

Rektorların əksəriyyəti dəyişib, bir çoxu dünyasını dəyişib, bəzilərinin əmək müqaviləsinə xitam verilib və s.

İndi aralarında kimlərsə sağdırsa, hələ də rektor vəzifəsindədirsə, ən azı onlar fikir bildirməli idilər. Amma nəzərə almaq lazımdır ki, bu da ümumi dövlətin müəyyən etdiyi qərar, qaydadır və proses həyata keçirilməlidir. Müasir dövrün tələblərinə cavab verən, ümumi tədris proqramını yüksək şəkildə mənimsəyən şəxslərin sırf prosesdə iştirakı nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən düşünürəm ki, əlbəttə, işsiz müəllim ordusunun formalaşması və yazılı sertifikasiyadan kəsilənlərin işsizlər ordusuna qoşulması - mən istəmərəm belə bir hal yaşansın. Amma yenə də dövlət tərəfindən müəyyən imkanlar yaradılır. Bəziləri ən azı yenə təhsil müəssisəsində hansısa istiqamətdə, auditoriyaya girməmək şərti ilə fəaliyyətə cəlb olunur. Yəni onların əlindən ümumi imkanlar alınmır.

Tutaq ki, hər hansı şəxs sertifikasiyadan kəsilibsə, növbəti ildə hazırlaşıb Müəllimlərin İşə Qəbul imtahanını versin, yenidən fəaliyyətinə başlasın. Yəni bu imkan onlara tanınır. Sertifikasiyadan kəsilmək o demək deyil ki, konkret olaraq bir daha müəllim işləyə bilməzlər. İşləmək istəsələr, yenidən imtahan verib əmək fəaliyyətlərinə başlasınlar. Dövlət müəssisəsində alınmırsa, keçsinlər özəl müəssisədə fəaliyyət göstərsinlər".

Təhsil eksperti maraqlı təkliflə də çıxış edib: “Amma mən əlbəttə ki, onun tərəfdarıyam ki, necə ki, biz hərbidə və yaxud digər istiqamətdə pensiya məsələsinə baxırıqsa, müəllim ordusunu da hərbi ordudan fərqləndirmirəm. Onlar da demək olar ki, öz mövqelərində hansısa xidməti keçirlər. Ona görə də düşünürəm ki, ən azı təqaüd məsələsinə gəldikdə, 20 illik pedaqoji fəaliyyəti olan müəllimin əmək pensiyasına vaxtından tez çıxmasına imkan yaradılmalıdır. Buna həm Milli Məclisdə Elm və təhsil komitəsi baxmalıdır, həm Dövlət Sosial Müdafiə Fondu baxmalıdır.

Tutaq ki, hər hansı müəllimin 20 illik pedaqoji stajı var, amma onun əmək pensiyası yaşına çatmasına hələ 10 il qalıb. Onun 20 ili tamam olubsa, düşünürəm ki, ona təqaüd vermək olar. Yəni bu məsələyə baxılsa, daha məqsədəuyğun olar ki, ən azından çalışdıqları dövr ərzində aldıqları əmək haqqının heç olmasa 50 faizi qədər pensiya təyin olunsa, məncə, bu həm də sertifikasiyadan kəsilmişlərin xeyrinə həll olunmuş məsələ olar.

10-15 il əvvəlki təhsillə indiki təhsil eyni deyil. İndiki tələblər tamamilə fərqlidir. Tutaq ki, 15-20 il əvvəl auditoriyaya girən müəllimdən başqa şey tələb olunurdusa, indi fərqli şeylər soruşulur. Və yaxud 20 il əvvəl pedaqoji fəaliyyət üzrə təhsil alan şəxs hazırda müasir tələblərə cavab verə bilmir bəzi hallarda. Məsələn, müəllim kompüter texnologiyasını işlədə bilmirsə, ağıllı lövhələrlə işləyə bilmirsə, müəyyən təqdimatları Microsoft proqramı ilə hazırlaya bilmirsə və s., bu dövrün tələblərinə cavab verə bilmirsə, ortada nə qədər ziddiyyətli məqamlar görünür. Bunların hamısı nəzərə alınmalıdır ki, əvvəlki dövrün təhsili ilə indiki dövrün təhsili eyni deyil".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR