İnsanlara hürriyət, millətlərə istiqlal!

Regionun ən böyük oyun festivalının möhtəşəm açılış mərasimi keçirilib

Bu il iyunun 1-2-də Bakıda regionun ən böyük oyun festivalı - “GameSummit Summer 2024”ün açılış mərasimi keçirilib.

Musavat.com bildirir ki, tədbir mayın 31-dən iyunun 3-dək elan olunan Rəqəmsal Yaradıcı Həftəsonu (Digital Creative Weekend) çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Kristal Zalında keçirilib.

Tədbirdə 3500-dən çox kompyuter oyunu həvəskarları, oyun tərtibatçıları və şirkətləri, icmaları, İT startapları eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edir.

Açılış mərasimi nitqini mədəniyyət nazirinin müavini Səadət Yusifova söyləyib. Nazir müavini qeyd edib ki,
“Gamesummit” festivalının keçirilməsində əsas məqsəd oyun texnologiyası sahəsində olan ən son nailiyyətlərini nümayiş etdirmək,  müstəqil oyun tərtibatçılarına istedadlarını üzə çıxartmaq və peşəkarlar oyunçularla əlaqə qurmaq üçün platforma yaratmaqdır.

Daha sonra mərasimin bədii hissəsi başlayıb, müğənni Hiss öz ifalarını təqdim edib.

Qeyd edək ki, tədbir çərçivəsində aparıcı xarici və yerli ekspertlərin iştirakı ilə beynəlxalq biznes konfrans təşkil edilib, “Yaradıcı” brendi, rəqəmsal incəsənət, animasiya və digər sərgi pavilyonları təqdim olunub. Bundan başqa, ziyarətçilərə müxtəlif interaktiv əyləncələr - arkad maşınları, VR zonası və müstəqil yerli tərtibatçıların oyunlarının nümayişi keçirilib. Sammitdə “e-Sports” kateqoriyası üzrə müxtəlif yarışmalar, “Cosplay” (xüsusi personajların həvəskar şəxslər tərəfindən təmsil və nümayiş etdirilməsi), “K-pop” (Koreya pop musiqisi) rəqsləri və musiqili çıxışlar, həmçinin “AzDimension” studiyası tərəfindən həmin günədək elan olunmamış oyunlar təqdim olunub.

Qeyd edək ki, iyunun 2-də Bakı Kristal Zalında ICESCO-nun “A-Hub Akselerasiya Proqramı”nın (2023-cü il üzrə) dünya finalı, iyunun 3-də Şuşada mükafatlandırma mərasimi baş tutacaq.

Onu da əlavə edək ki, “A-Hub Akselerasiya Proqramı” ICESCO-ya üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR