Onlayn ictimai-siyasi qəzet
“7 fevralda növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim Milli Cəbhə Partiyası üçün məqbuldur və biz partiya olaraq Azərbaycanın siyasi həyatında hər zaman fəal mövqe sərgiləməyin tərəfdarı olmuşuq və mövqeymizi saxlayırıq.
Növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim partiya üçün həm də o cəhətdən önəmlidir ki, suverenliyini tam bərpa edən Azərbaycan üçün xalqın öz siyasi və seçim mövqeyini bildirməsini vacib bilirik”.
Musavat.com-un məlumatına görə, bunu deputat Razi Nurullayev bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi partiya seçki qərarını tam müdafiə edir: “Bizim partiya üçün bu səbəb onunla xarakterizə olunur ki, dünyada Azərbaycana münasibət bəzən birmənalı olmur və xeyli qərəzli münasibətlər ortaya çıxır. Növbədənkənar seçkinin keçirilməsi bizim beynəlxalq aləmə, Azərbaycana qərəzli və qərəz üzərindən qurulan fərqli baxışlara verilən bir cavab olmalıdır və inanıram ki, olacaq.
Bu seçkilərin tam ədalətli və şəffaf olması, bütün iştirakçılara bərabər hüquqların və yanaşmaların tətbiq edilməsinin həm də ölkəmizə qarşı yönələn anti-demokratik çağırışlara və yanaşmalara cavab olacağını düşünürəm. Bununla bərabər, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu demokratik və azad seçkilərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərmiş olacaqdır”.
R.Nurullayevin sözlərinə görə, bu seçkilər Milli Cəbhə Partiyası üçün həm də ona görə önəmlidir ki, 7 fevraldan sonra cəmiyyətimiz daha iç-içə, daha mehriban və siyasi qüvvələr də daha real düşüncələrə malik olacaq: “Çünki ölkəmizdə yaranan vəziyyət elə münasibdir ki, əlavə şübhəli fikirlərə meydan vermir və verə bilməyəcəkdir.
İnanıram ki, bu seçkilər ölkəmizin inkişafında yeni müsbət meyllər yaradacaq”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ