İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Sürücü tabe olmadısa, digər hərəkət iştirakçılarına da təhlükə yaradaraq onu qovmağa ehtiyac yoxdur”

“Bu çıxışım heç bir halda Daxili işlər naziri hörmətli Vilayət Eyvazovun daxili işlər orqanlarında apardığı islahatlara və gördüyü işlərə kölgə salmaq yox, görülən işlərin daha da təkmilləşdirilməsi və məmnunluğun artırılması üçündür. Xüsusən, Daxili işlər nazirinin deputatlarla qurduğu iş mexanizmindən məmnunluğumu ifadə edir və cənab nazirə təşəkkürümü bildirmək istəyirəm. Ayrıca olaraq, göndərdiyimiz hər bir müraciətə, zəngə həssaslıq və qayğı ilə yanaşdığına görə də cənab nazirə təşəkkürümü bildirirəm”.

Deputat Razi Nurullayev bunu parlamentdəki çıxışı zamanı söylədi. Onun sözlərinə görə, bəzi yol polislərinin yerli-yersiz avtomobilləri saxlaması, avtonəqliyyat vasitələrinin arxasınca düşüb qovması haqqlı narazılıq yaradır: “Son zamanlar da yol gedərkən bu mənfi hallara şahidlik edirəm. Ən qəbuledilməz hal avtonəqliyyat vasitəsini qovmaq və ya arxasınca düşüb saxlatdırmaqdır. Bu sahədə mənə xeyli şikayətlər daxil olur və mən hələ bu məsələləri xeyli şəkildə yumşaldıb dilə gətirirəm. Qeyd edim ki, yol polisləri millət vəkillərinə hörmətlə yanaşır və narazılığımız yoxdur. Sadəcə, bu məsələləri çoxsaylı sürücülərin maraqları üçün deyirəm.

Birincisi, avtomobili qovmaq təhlükəlidir və insan tələfatına gətirib çıxara bilər. Mənim məntiqimə görə, şübhəli şəxsi, cinayətkarı qovmaq və həbs etməyə çalışmaq olar. Amma, bir sürücü tabe olmadısa, digər hərəkət iştirakçılarına da təhlükə yaradaraq onu qovmağa ehtiyac yoxdur. Hər tərəf, bütün Azərbaycan kameralarla əhatə olunub. Asanlıqla o yol hərəkəti pozan avtomobili müəyyən edib aidiyyatı üzrə dəvət etmək olar, cərimələmək mümkündür”.

R.Nurullayev ardınca avtomobil yollarında DYP postlarının missiyasına əlavə xidmətlərin əlavə edilməsini təklif etdi: “Bu postların avtonəqliyyat sahiblərini saxlamaq və cərimələmək üçün saxlanılmasının vacibliyi get-gedə zəifləyir. Çünki, əslində onların gördüyü işi radarlar tam olaraq yerinə yetirə bilir. Buna görə də bu postlarda ana və uşaq otağının, əsas dərman preparatlarının satıldığı bir güşənin, vəziyyəti ağırlaşan avtonəqliyyat sahiblərinin müvəqqəti dincələ biləcəyi bir otağın təşkil edilməsini, icbari sığorta xidmətinin və digər təklif edilə biləcək xidmətlərin göstərilməsini istərdim. Bu posta yaxınlaşan sürücü qayda pozuntusu ilə bağlı yalnız narahatlıq hissi yox, həm də xidmət görüb xoş hisslər keçirsin. Bu həm də polis ilə vətəndaşlar arasında daha böyük dostluq körpüsünün yaradılmasına yardımçı olar.

Yol polisləri arasında çoxlu dostlarım var və heç bir halda bu çıxışım onların qızmar günəş altında, soyuq havada, toz-torpaqlı yollarda göstərdikləri xidmətə kölgə sala bilməz. Onların bu xidmətini yüksək qiymətləndirir və təşəkkür edirəm. Ümumilikdə polis orqanlarının sosial rifahının artırılması barədə məsələlər gündəmə gələndə müdafiə etmişəm və edəcəm. Çünki, məhz onların sayəsində gecə saat 2-də, 3-də belə küçədə, çöldə təhlükəsiz gəzə bilir, ailəmizdən, uşağımızdan narahat olmuruq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR