İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudilərin əsrlik planı - Rotşildlər Fələsitini necə aldı və İsrail dövlətini qurdu

Fələstin-İsrail münaqişəsi, paralel olaraq sülh danışıqları illərdir davam edir. Söhbət təkcə İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından və iki dövlətin gələcək təhlükəsizliyindən getmir. Ortaq tarixlə bağlı olan iki xalq eyni əraziyə iddialıdır.

Həm israillilərin, həm də fələstinlilərin kimlikləri onilliklər boyu davam edən qarşıdurma nəticəsində formalaşıb. Onların ideologiyası, milli mifləri və qəhrəmanları əsasən bu münaqişədən qaynaqlanır. Sülhə gedən yolu tapmaq təkcə siyasi iradə deyil, həm də ideologiyaların dəyişməsini tələb edir.

İsrail xalqının böyük əksəriyyəti II dünya müharibəsinə qədər dünyanın bir çox hissələrində yaşayırdı. Deyilir ki, Holokost onları bir ərazidə var olmağın vacibliyini göstərdi və yəhudilər Fələstin torpağında məskunlaşmağı seçdi. Halbuki, Fələstinə köç 19-cu əsrin sonlarından başlamışdı və Holokostdan sonrakı addımlar planın bir hissəsi idi.

Osmanlıdan başlayan plan

dizrae.jpg (170 KB)

Böyük Britaniyanın 42-ci baş naziri, yəhudi mənşəli Benjamin Dizraeli dinini dəyişsə də, xalqının gələcəyi ilə bağlı planlarına sadiq idi. O deyirdi ki, Fələstinin təbii nemətləri var:

“Bunun üçün yalnız fermerlərin işləməsi və onların qorunması lazımdır. Türkiyədən torpaq almaq olar. Pul Rotşildlərdən və görkəmli ibranilərdən gəlir. Osmanlı imperiyası iflas ərəfəsindədir və gəlir əldə etmək üçün hər şeyi edəcək. Edilməli olan, torpaq üzərində hüquqlu koloniyalar yaratmaq və təhlükəsizliyi təmin etməkdir. Vətəndaşlıq məsələsi yerləşmə reallaşana qədər gözləyə bilər”.

Dizraeli əlavə edib ki, bu məsələlər tez-tez yəhudi xalqının gündəminə gəlir. Siyasətçi bunları həyata keçirənlərin “Yeni Məsih” olacağını söyləyirdi. Təxminən 100 il sonraya hesablanan bu layihə və böyük ideya sultan II Əbdülhəmid tərəfindən müvəqqəti olaraq dayandırıldı.

Yəhudilər hesab edirdi ki, xarici borcu çox olan Osmanlı imperiyası pul qarşılığında Fələstin torpaqlarını satacaq. Lakin niyyət məqsədə kömək olmadı. Sultan II Əbdülhəmid torplaqların satılmasının qadağan edilməsi ilə bağlı bir sıra əmrlər verdi.

Rotşild ailəsinin Osmanlı imperiyası ilə tanışlığı və Fələstinə gedən yol

Rotşildlərin osmanlılarla ilk təması 1834-cü ildə olub. Yunanıstan müstəqillik əldə etdikdən sonra Osmanlı da qonşu dövləti tanıdı. Nəticədə iki dövlət arasında sərhədlərin müəyyən edilməsi prosesi ortaya çıxmışdı. 1832-ci ildə imzalanan müqaviləyə əsasən Yunanıstanın dövlət sərhədinin müəyyənləşməsi üçün Osmanlı imperiyasına təzminat ödəməsi qərara alınır. Yunan dövləti adından təzminat ödəyəcək bankirlər Rotşildlər idi.

Bu ailənin Osmanlı torpaqlarına ayaq açmasının digər səbəblərdən biri də Rəisülküttap Bozoklu Akif paşaya yazdıqları kimi, 1828-1829-cu illər Rusiya müharibəsi zamanı taxıl məsələsi idi. Belə ki, vyanalı Sərraf Stametz və şərikləri Dunay qalalarını taxılla təmin etsələr də, osmanlılardan bunun əvəzini ala bilməmişdilər. Bu pulu Avropa qanunlarına görə yunan təzminatından ala biləcəyini deyən Rotşild borcla bağlı Osmanlı imperiyasına güvəndiyini bildirib.

Krım müharibəsi və islahat fərmanı ilə Osmanlı imperiyasında yeniləşmə fəaliyyətləri nəticəsində yeni xərclər ortaya çıxdı və üstəlik, davam edən maliyyə problemlərinə həll yolları axtarılması nəticəsində yenidən borclara əl atıldı.

Bu sürətli prosesdə maliyyə böhranının gətirdiyi iflasdan sonra sultan Əbdüləziz 30 may 1876-cı ildə taxtdan endirildi. Osmanlı imperiyasının borclarının Fransa və İngiltərənin zəmanəti altında olması Rotşildlərlə bağlı yarana biləcək problemin müəyyən vaxt üçün qarşısını aldı.

Rotşildlərin sultan II. Mahmudla görüşmək imkanı olub, lakin görüşün təfərrüatları mənbələrdə və sənədlərdə öz əksini tapmayıb. Get-gedə torpaqlarını itirən Osmanlı imperiyası üçün pul mənbəyi olan Rotşildlərin əsl istəyi Qüds idi. Bir müddətdən sonra bu xəyal da gerçək oldu.

Köç necə başladı...

Fələstin topraqları üzərində qurulan yəhudi dövlətinin ilk real addım səsləri 1880-ci illərdə eşidilməyə başladı. Rotşildlərin dəstəyi ilə ərəblərdən alınan torpaqlarda kənd təsərrüfatının inkişafı adı altında uğurlu yeni yaşayış məntəqələri salındı.

kibuts.jpg (245 KB)

Fələstində ilk yəhudi kibutsu

Bu dövrün ən vacib adı baron Edmond Ceyms de Rotşilddir. O, bütün həyatını və sərvətini həmvətənlərinin rifahı üçün sərf etdi. Rusiyadan gələn yəhudilər üçün koloniyalar qurdu və Fələstində torpaqlar almağa başladı.

Teodor Hertsldən (İsrail dövlətinin banisi hesab olunur) fərqli olaraq o, sakit məskunlaşmanın tərəfdarı idi. Gətirdiyi mütəxəssislərlə bataqlıq əraziləri qurutdu və orada müstəmləkəçiliyə şərait yaratdı. 1889-cu ildə o, 25 min hektar torpaq sahəsini, eləcə də köhnələrin inkişafı və yeni qəsəbələrin yaradılması ilə bağlı bütün idarəetmə funksiyalarını Yəhudi Kolonizasiya Cəmiyyətinin sərəncamına verdi. Ömrünün sonuna qədər Rotşild vəsaitləri məskunlaşma fəaliyyətinin əsas maliyyə mənbəyi olaraq qaldı (yalnız bir vaxt Rotşild Yəhudi Kolonizasiya Cəmiyyətinə 15 milyon franklıq qızıl çek hədiyyə etdi).

1924-cü ildə Yəhudi Kolonizasiya Cəmiyyəti Fələstində 500 km²-dən çox əraziyə sahib idi. Onun bütün bu təşəbbüslərə xərclədiyi pulun məbləğinin 50 milyon dollardan çox olduğu təxmin edilir. Rotşild Yəhudi Kolonizasiya Cəmiyyətinin nəzdində xüsusi olaraq yaradılmış Fələstin Şurasının prezidenti kimi bu fəaliyyətlərə birbaşa nəzarət edirdi.

1934-cü ildə ölümündən sonra onun və həyat yoldaşının qalıqları 1954-cü ildə İsrailə köçürüldü. Mərasim zamanı Haim Veysman (İsrailin ilk prezidenti) və David Ben-Qurion (İsrailin ilk baş naziri) Rotşildin İsrail qarşısındakı xidmətləri haqqında demişdilər: “Ondan artıq heç kim İsrailə xidmət etməyib”.

Hətta bir dəfə Edmond Ceyms de Rotşild Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qalan divarını da ərəblərdən almaq istəyib. Lakin bu plan gerçəkləşməyib. Ərəblər müəyyən mənada alqı-satqıya razı olasalar da, sadəcə, yəhuilər müqəddəs Qərb divarının kiməsə məxsus olmasına qarşı çıxıblar.

Alınan yerlərdə müstəmləkəçilik hərəkətləri, xəstəxanalar və universitetlər kimi effektiv milliləşdirmə institutları yaradıldı. Osmanlı imperiyasının qoyduğu qadağalara baxmayaraq, torpaq satışının davam etməsi və bu torpaq qazanclarının rüşvət əsasında olması da sənədlərlə təsdiqlənir. Təəssüf ki, mövcud yaranı iki əsr əvvəl alınan pullarla bağlamaq mümkün olmayacaq.

rothchild-absheron.jpg (120 KB)

Rotşildlər Abşeronda

Onu da qeyd edək ki, Rotşildlər İsraili qurmaq üçün ayırdıqları pulu Bakıda, Bakı neftindən qazanıblar.

İlkin Nəcəf,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR