Onlayn ictimai-siyasi qəzet
Özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim edən Rahib Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. R.Məmmədov ayrı-ayrı kinikalarda terapevt pulmonoloq kimi çalışıb.
Musavat.com xəbər verir ki, R.Məmmədov 3 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.
İttihama görə o, bir nəfərdən oğluna əlillik dərəcəsi düzəltmək adı ilə 7000 manat, başqa bir şəxsdən isə təqaüdünü bərpa edəcəyi adı ilə 3500 manat alıb. Üçüncü epizodda isə həbsdə olan Pərviz Abdullayevi azadlığa çıxaracağını vəd edərək onun ailəsindən 28 min manat pul alıb.
Rahib Məmmədov dindirilən zaman deyib ki, Fatma Abbasovadan oğlunun əlillik dərəcəsini düzəldəcəyi adı ilə 6500 manat alıb. Onun sözlərinə görə iş alınmadığı üçün pulu Fatma Abbasovanın kürəkəninə qaytarıb.
Rahib Məmmədov əlavə edib ki, ikinci epizodda 3500 manat pul alması ilə bağlı deyilənlərlə razılaşmır. Çünki həmin pulu borc alıb.
O, Pərviz Abdullayevi həbsdən çıxarmaq adı ilə 28 min manat almadığını da qeyd edib.
Zərrəçəkmiş Fatma Abbasova deyib ki, Rahib Məmmədovu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gedib-gələrkən tanıyıb: “Oğlum müharibə veteranıdır, amma qazi deyil. Rahib demişdi ki, oğluma prezident təqaüdü düzəldəcək. Aldığı puldan cəmi 1300 manat qaytarıb. Qalanı qaytarılmayıb”.
Digər zərərçəkmiş şəxslər də pullarını geri ala bilmədiklərini deyiblər. Bildiriblər ki, Rahib özünü vəzifəli şəxslərlə yaxın münasibətləri, əlaqələri olan şəxs kimi təqdim edib.
Məhkəmə Rahib Məmmədovu törətdiyi əməllərdə təqsirli bilərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan cəza çıxarıb.
Hökmə əsasən R.Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ