İnsanlara hürriyət, millətlərə istiqlal!

Qutsulu Azərbaycan hakimiyyəti azad etdirib? - detallar

Qaqauziya liderinin ev dustaqlığına buraxılmasında Bakının hansı rol oynadığı açıqlandı

Aprelin 9-da Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb. O, martın 25-də Moldovanı tərk etmək istəyərkən saxlanılmış, 20 sutka həbs cəzası verilmişdi. Muxtariyyətin rəhbəri Rusiya, Türkiyə və ABŞ liderlərinə məktub yazaraq, dəstək istəmişdi. Həbs 2023-cü il seçki kampaniyası zamanı qanunsuz maliyyələşdirmə və saxtakarlıq işi ilə bağlıdır.

Qutsul Moldova hakimiyyətinin ona qarşı iş uydurduğunu bəyan edib. 2024-cü ilin martında ölkə prezidenti Maya Sandu Qaqauziya başçısının hökumətə daxil edilməsi ilə bağlı sənədi imzalamaqdan imtina edərək, Qutsulun parlamentdə “işi olmadığını” söyləyib. Sandu Qutsulu “cinayətkar qruplaşmada işləmək”də ittiham edib. Moldova prezidenti Qaqauziyada keçirilən seçkilərdə Qutsulu dəstəkləyən “Şor” partiyasına istinad edib.

2023-cü ilin yayında Moldova Konstitusiya Məhkəməsi partiyanı konstitusiyaya zidd elan edib. “Şor” təmsilçiləri partiyaya qarşı bütün ittihamları siyasi motivli adlandırıblar. Qeyd edək ki, qaqauzlar türkdilli, pravoslav xristian inancına sahib olan qədim bir etnosdur. Onlar Oğuz türklərinə mənsub sayılırlar və dilləri Azərbaycan, Türkiyə türkcəsi ilə yaxınlıq təşkil edir. Qaqauzlar öz dillərinə “türk dili”, özlərinə isə “türk” deyirlər. O baxımdan, Qutsulun müraciətində xüsusən Türkiyə lideri Ərdoğandan dəstək gözlənilirdi.

Diqqətçəkən maraqlı detal odur ki, Qaqauziya rəhbərinin ev dustaqlığına buraxıldığı gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mihovu qəbul edib. Görüş zamanı Azərbaycan-Moldova əməkdaşlığının siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri, münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoyla görüşünü məmnunluqla xatırlayan C.Bayramov ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın inkişafında bu kimi təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, xüsusilə enerji təhlükəsizliyi sahəsi üzrə tərəfdaşlığın inkişaf perspektivlərindən istifadənin əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni gündə, Azərbaycan və Moldovanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov rəhbərlik edib.

Müşahidəçilər və təhlilçilər istisna etmirlər ki, “görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb” informasiyasında Qutsulun həbsi də yer ala bilər. Qaqauz liderinin Ərdoğana müraciətindən sonra Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanın onun azadlığa buraxılmasını Moldova hökumətindən xahiş etməsi kifayət qədər mümkündür. Üstəlik, Bakı ilə Kişineu arasında əlaqələr yaxşı səviyyədədir. Yada salmaq yerinə düşər ki, Moldova prezidenti Bakıda keçirilən “COP29" konfransında da iştirak etmişdi.

Ümumiyyətlə, Azərbaycanın bir sıra məsələlərdə barış rolu oynadığı faktdır. Elə son olaraq prezident ilk dəfə açıqladı ki, Türkiyə ilə İsrail arasında iki il qabaq barışığın əldə olunmasında rəsmi Bakı vasitəçilik edib. Niyə də Qutsulun azad edilməsi üçün də Moldovadan bunu istəməsin ki?! Yeri gəlmişkən, hələ 2021-ci ildə Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Qaqauz Muxtar Ərazisinin ovaxtkı rəhbəri İrina Vlahla görüşmüşdü. Yəni Bakının muxtar bölgə ilə təmasları və diplomatik kanalları da var. Eyni zamanda hazırkı rəhbər Qutsulun 2023-cü ildə Azərbaycan Prezidentinə ad günü təbriki var. Bundan başqa, Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən Çadır-Lunqa bələdiyyəsində mədəniyyət və təhsil mərkəzi inşa edilib.

ABŞ yeni ittifaq formalaşdırır" - ELXAN ŞAHİNOĞLU

Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğlu da bu ehtimalı mümkün sayır. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Türkiyə ilə İsrail arasında barışıq üçün vasitəçilik edibsə, Qaqauziya liderinə görə də Moldovaya xahişimiz ola bilər: “Eyni zamanda Türkiyə bizə müraciət edə bilər ki, Azərbaycan Moldovadan Qutsulun azad olunmasını xahiş etsin. Nəzərə alaq ki, Azərbaycan Moldova ilə GUAM-da bir yerdədir, yəni rəsmi Bakı özü də bu müraciəti edə bilər. Qutsulun Rusiya prezidentinə də müraciət olmuşdu. Ancaq Moldova hökumətinin Moskva ilə münasibətləri soyuqdur, ona görə düşünmürəm ki, Azərbaycan Rusiyanın xahişi etmiş olsun. Ona görə də Türkiyənin xahişinin nəzərə alınması mümkündür”.

Məlumat üçün deyək ki, Qutsul 1986-cı ildə Moldovanın Vulkanesti rayonunun Etuliya kəndində anadan olub. İxtisasca hüquqşünasdır. O, 2023-cü ilin martında Qaqauziya başqanı (prezidenti) postuna “Şor” partiyasından namizəd olub və ikinci turda qalib gəlib. Sonradan həmin partiya Moldovada konstitusiyaya zidd elan edilib və qapadılıb. Xanım Qutsul namizədliyini irəli sürdüyü gündən “Rusiyanın adamı” hesab edilib və onun seçki kampaniyasında bir sıra rus siyasətçiləri, eləcə də Rusiya mədəniyyət xadimləri fəal iştirak ediblər. Məsələn, Filipp Kirkorov, Nikolay Baskov, Stas Mixaylov kimi məşhur müğənnilər rus dilində Qaqauziyanın himnini oxuyub, buna videoklip çəkib, seçkilərin ikinci turunda xalqı Yevgeniya Qutsula səs verməyə çağırıblar. Birinci turda o, əsas rəqibi Qriqori Uzundan 0,07% çox səs toplayıb və 26,47% səslə seçki birincisi olub. Mayın 14-də keçirilən ikinci turda Y.Qutsul 52,34% səslə qalib gəlib. Qutsul qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilmiş, konstitusiyaya zidd elan edilən, qaçaq oliqarx İlan Şorun yaratdığı “Şor” partiyasına qarşı iki il əvvəl açılmış iş üzrə dindirilib. İ.Şor Qutsulun himayədarı, ağıl və maliyyə verəni hesab olunur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR