Onlayn ictimai-siyasi qəzet
II dünya müharibəsindən sonra Almaniyanın əsir düşərgəsində insanlara əziyyət verən nasistlərin bəziləri müvafiq cəzalar alsa da, bəziləri azadlığa çıxa bilib. Özlərini “rejimin qurbanı” kimi qələmə verən həmin şəxslər müxtəlif sahələrdə işləməyə başlayıblar.
Almaniyada öncə sabun firması kimi yaranan, lakin sonradan əczaçılıq şirkətinə çevrilən “Chemie Grünenthal” peptidlərdən antibiotik əldə etmək üçün ucuz üsul hazırlayarkən talidomid adlı dərman əldə edir.
Həbləri qəbul etdikdən sonra siçanlar oyaq qalır, hərəkətləri digər sakitləşdirici dərmanlar vurulan heyvanlara nisbətən daha çox rahat olurdu. Bundan əlavə, həddindən artıq doza eksperimental siçanları öldürmür. Bu məlumatlar komissiyanı təklif olunan dərmanın effektivliyinə və təhlükəsizliyinə inandırmaq və onun istehsalı, satışı üçün lisenziya almaq üçün kifayət idi.
Firma üçün dərman hazırlayan isə Henrix Mükter idi. Mükter nasist Almaniyasında qara qızdırma və ya tif xəstəliyinə qarşı təcrübələri ilə də tanınırdı. Onun sağ əli Martin Ştammler nasistlərin “Mənfi yevgenika”sını (yararsız hesab edilən insanların nəsil verməsinin qarşısının alınması və ya onların həvəsdən salınması ilə bağlı olan təcrübələrə aid edilməsi) müdafiə edirdi. Mükterin digər köməkçisi Haynz Baumkötter Zaksenhauzen konsentrasiya düşərgəsinin baş həkimi idi və məhbuslar üzərində təcrübələr aparırdı. Onlarla işləyən Otto Ambros Hitlerin kimyəvi silahlar üzrə məsləhətçilərindən biri idi.
Bu problemli komanda tərəfindən istehsal olunan talidomid 1957-ci ildə Contergan adı ilə hipnotik (sedativ, yuxuya səbəb olan) və qusmaya qarşı (ürəkbulanma və qusmanın qarşısını alan) dərman kimi satışa çıxarılmağa başladı.
Ümumilikdə, talidomid Avropa, Skandinaviya, Asiya, Afrika və Cənubi Amerikanın 46 ölkəsində satışa çıxarılır və burada 37 fərqli ad altında istehsal edilir. Talidomid astma üçün asmaval, yüksək qan təzyiqi üçün tensival və miqren üçün valgreyn kimi müxtəlif adlarla satılırdı. Buna baxmayaraq, heç bir ölkədə dərmanın əlavə müstəqil tədqiqatları aparılmışdı.
Əlil olan minlərlə uşaq
1961-ci ilə qədər elm adamları anadangəlmə qüsurlu körpələrin sayında kəskin artım müşahidə edirlər. Almaniyalı pediatr Hans-Rudolf Videman ictimaiyyətin diqqətini bu problemə çəkir, onu epidemiya kimi xarakterizə edir. Həmin ilin sonunda, demək olar ki, eyni vaxtda Almaniyada professor Lenz və Avstraliyada doktor Makbrayd yeni doğulan uşaqlarda anadangəlmə qüsurların sayının artması ilə bu uşaqların analarının talidomid qəbul etmələri arasında əlaqəni müəyyən edirlər. Araşdırmalar göstərir ki, onların anaları hamiləliyin erkən dövründə talidomid həbi qəbul ediblər.
Talidomid tezliklə apteklərdən yoxa çıxır və ondan təsirlənən ailələr növbəti bir neçə il ərzində dərmanı istehsal edən şirkətlərdən aylıq pul kompensasiyası alırlar. Talidomidin istifadəsi nəticəsində 40 minə yaxın insan periferik nevrit alıb, 80 000 hamiləlikdə düşük müşahidə edilib, 8 mindən 12 minə qədər yeni doğulmuş körpə fiziki qüsurla doğulub. Onlardan da yalnız 5 minə yaxını erkən yaşda ölməyib. Əvəzində ömürlük əlil olaraq qalıblar. Bu uşaqlardan biri də məşhur alman müğənnisi Tomas Quasthoff olub.
Mutasiya dərmanı
20-ci əsrin sonlarında ABŞ-dakı Dana-Faber Xərçəng Tədqiqat İnstitutunun alimləri aşkar ediblər ki, talidomid yüksək dərəcədə transkripsiya faktoru - “SALL4” amili də daxil olmaqla, genləri işə salan və söndürən zülalların deqradasiyasına səbəb olur. “SALL4”-ün deqradasiyası əzaların inkişafına və dölün böyüməsinə mənfi təsir göstərir.
Nəticədə ana hamiləlik dövründə talidomid qəbul etdiyi təqdirdə körpədə qol və ayaqların deformasiyası və ya olmaması, daxili orqanlarda qüsurlarla dünyaya gəlir. Bu nəzəriyyə mövcud elmi dəlillərlə dəstəklənir. Mutasiya olmuş “SALL4” geni olan insanların tez-tez barmaqları çatışmır, əzaları zəif inkişaf edir, göz, qulaq və ürək qüsurlu olur. Oxşar patologiyalar talidomid qəbul edən qadınların uşaqlarında da inkişaf edir. Tədqiqat aparan alim Erik Fişer bildirib ki, talidomidin yaratdığı doğuş qüsurları ilə “SALL4” mutasiyası arasındakı oxşarlıqlar heyrətamizdir.
Digər tərəfdən, Pensilvaniya Universiteti, London Gigiyena və Tropik Tibb Məktəbi və Yale Tibb Məktəbinin alimləri ən çox qaraciyərin kəskin zədələnməsinə səbəb olan yeddi dərmanı müəyyən ediblər. Bunlara stavudin, erlotinib, lenalidomid və ya talidomid, xlorpromazin, metronidazol, proxlorperazin və izoniazid daxildir. Talidomid daha əvvəl heç kimin təxmin etmədiyi iki enantiomerin qarışığıdır. Üstəlik, bu enantiomerlərdən yalnız biri embriona zərərli təsir göstərir.
Ziyandan xeyirə
Bütün mənfi hallara baxmayaraq, yuxu həbi kimi yaradılan talidomid hazırda cüzam və sümük iliyi xərçənginin müalicəsində istifadə olunur. Çünki əvvəllər müəyyən xəstəliklərlə mübarizə aparmaq üçün hazırlanmış dərmanların digər xəstəliklərin sağalmasına kömək edən xüsusiyyətlərə malik olması halları dünya praktikasında qeyri-adi deyil.
Məsələn, metformin şəkərli diabetlə mübarizə üçün hazırlanmış və daha sonra mədəaltı vəzi xərçəngi və arıqlamağa qarşı mübarizədə istifadə edilib. Bütün hallarda dərman şirkətləri nə qədər müasir texnikanın mövcud olmasına baxmayaraq, hazırlanan dərmanın əks-təsirindən də qazanc əldə etmək şanısını əldən buraxmırlar.
İlkin Nəcəf
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ