İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru sərhədlərlə bağlı YENİ XƏBƏR - Bu tarixdə...

Deputat: “Sərhədlərin bağlanmasını zəruri edən bütün hallar tamamilə aradan qaldırılıbsa...”

Azərbaycanda 4 ildir quru sərhədlər bağlıdır. 2020-ci il martın 24-dən etibarən COVİD-19 pandemiyası səbəbi ilə xüsusi karantin rejimi tətbiq olunur. Bu il Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddəti aprelin 2-dən iyulun 1-dək uzadılıb. Artıq bu müddətin bitməsinə bir neçə həftə qalıb və quru sərhədlərin açılacağı ilə bağlı xəbərlər var. Əhali isə neçə vaxtdır quru sərhədlərin bağlı qalması ilə bağlı narazılığını bildirir, əsas səbəb isə təyyarə biletlərinin olduqca baha olmasıdır.

Baxmayaraq ki, pandemiyanın bitməsi rəsmi olaraq ÜST tərəfindən elan edilib, lakin ölkəmizdə bu müddət uzadılıb. Ekspertlər, rəsmilər bunun səbəbini təhlükəsizliklə bağlı problemlərin olması ilə əlaqələndirirdilər.

Prezident İlham Əliyev də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumunda çıxışı zamanı məsələyə münasibət bildirmişdi: "Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb. Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik. Bizim bütün potensial risklərimizin kənardan gəldiyini söylədikdə mən bunu nəzərdə tuturdum”, - deyə dövlətimizin başçısı bildirib.

Ölkə başçısının da qeyd etdiyi kimi, artıq ölkəmiz həm epidemik, həm də təhlükəsizlik baxımından nəzarət altındadır. Torpaqlarımız geri qaytarılıb, işğaldan azad olunan ərazilərimiz silahlı qüvvələrimizin nəzarəti altındadır və bu torpaqlarda bərpa-yenidənqurma işləri aparılır.

Bir sözlə, ölkəmizdə asayişin qorunması ilə bağlı hər hansı əngəl yoxdur. Belə olduğu təqdirdə iyul ayından quru sərhədlərin açılması mümkünmü?

İqtisadçı millət vəkili Aydın Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:

aydin-huseynov.jpg (61 KB)

“Bu, Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilən məsələdir. İlk olaraq pandemiya ilə bağlı yollar bağlanmışdı. Bütün risklər aradan qaldırılıbsa, əlbəttə, açılması ehtimal oluna bilər. Digər tərəfdən, yüklərin daşınması ilə bağlı problem yoxdur. Yüklər daşınır. Yalnız minik avtomobillərdə gediş- gəlişə məhdudiyyət var. Sərhədlərin bağlanmasını zəruri edən bütün hallar tamamilə aradan qaldırılıbsa, açılması mümkündür”.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə quru sərhədlərin bağlı qalması üçün hər hansı əngəl yoxdur, bu yalnız ölkə turizminə zərər vurur:

natiq-ceferli-real (2).jpg (22 KB)

“Ölkəmizdə quru sərhədlər açıq olsaydı, potensial qazana biləcək rayonlarımıza diqqət edək:

Qusar rayonu - Sərhəddə yerləşən bu rayonda Şahdağ Turizm Kompleksi var, böyük hotellər orada, amma rəsmi rəqəmlərə görə, 2023-cü ilin 9 ayında Qusar rayonundakı hotellər 735 min manat ziyan edib. Onu da deyim ki, Şahdağ Turizm Kompleksi hələ büdcədən ildə 12 mln. manat dotasiya da alır.

Qazax rayonu - Sərhəddə yerləşən, quru sərhədlər açıq olanda hotellərinə tələbat olan rayonda 2023-cü ilin ilk 9 ayında hotellər 56 min manat ziyan ediblər.

Şəmkir rayonu - Sərhədə yaxın olan bu rayonun hotelləri bu ilin 9 ayında 23 min manat ziyan ediblər.

Balakən rayonu - Sərhədin 5 addımlığında yerləşən, əvvəllər avtobusla xaricdən gələn turist qrupları qəbul edən rayonun otelləri 2023-cü ildə 91 min manat ziyan ediblər.

Daxili turizmdən fəxrlə danışılan bölgələrdən biri də fəxrimiz olan Şuşa şəhəridir – 2023-cü ildə Şuşanın hotelləri 91,2 min manat ziyan ediblər. Daxili turizmdə önəmli yer tutduğunu dedikləri Xızı rayonunun hotellərinin 2023-cü ilin 9 ayında cəmi 90 min manat gəlirləri, 92 min manat da rəsmi xərcləri olub, yəni onlar da 2000 manat ziyan ediblər. Daxili turizmin inkişafı kimi təqdim edin bir bölgəmiz də Göygöl rayonudur. Təsəvvür edin ki, bu rayonun hotelləri 2023-cü ildə 133 min manat ziyan ediblər. Hanı bu quru sərhədlərin bağlı olmasının daxili turizmə xeyri, hardadır, niyə görünmür?! Tam tərsinə, ölkədə iqtisadi aktivliyin zəifləməsinin, ÜDM-in cəmi 0,5% artmasının səbəblərindən biri məhz bağlı olan quru sərhədlərdir. Bağlı quru sərhədlər ölkənin turizm sektoruna dəstək olmur, əksinə, çox böyük zərbə vurur...”

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR