İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurd ürəyi yemiş nazirlik

Yaxud YAP-ın 50 min üzvünün saxta çıxması

Deyir bir gün Molla Nəsrəddin küləkli havada, eşşəyin belində gedə-gedə ağzına qovut-qovurğa atırmış. Kimsə bunu qıraqdan görür, soruşur, Molla əmi, nə yeyirsən. Molla deyir: “Külək belə əssə, heç nə”. Ədliyyə Nazirliyinin YAP-dan başqa bütün partiyaların qeydiyyat kağızlarını brak çıxartması ilk baxışdan buna oxşayır - axıra heç nə qalacaq. Ya da tək YAP.

Prinsipcə, 70 il Sovet İttifaqı Kommunist Partiyasından özgə partiya yox idi, millət yaşamırdı ki? Yaşayırdı. İndən belə də, inşallah, YAP-la 70 il qol-boyun yaşayarlar. Dərindən düşünsəniz, özünüz də görərsiniz ki, bu saat orta statistik azərbaycanlının həyat məqsədlərini özündə ən çox əks etdirən siyasi idarə elə YAP-dır. Əliağa Vahid vəziyyəti vaxtilə dəqiq ifadə eləmişdir: “İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük, Yoxsa min-min məclisi-məstanələrdən çıxmışıq”.

Ədliyyə Nazirliyinin YAP-ı 750 min üzvlə qeydə alması isə prosedur olaraq maraqlıdır. Görəsən, 750 min nəfərə telefon zəngi vurub dəqiqləşdirmə aparmaq üçün nazirliyə neçə işçi və neçə gün lazım olmuşdur? Bunu riyaziyyat müəllimlərinin işə qəbul imtahanlarında sual kimi salmaq lazımdır.

Başqa tərəfdən, hökuməti YAP-a üzgörənlik etməkdə suçlamaq da olmur. Partiya sədrinin müavini Tahir Budaqov hələ 2021-ci ildə YAP-ın 800 min üzvünün olduğunu açıqlamışdı. Yəqin o vaxtdan bir az da artmışdır. Lap elə 800 min götürək. Qeydiyyatdan 750 min üzvlə keçmək istər-istəməz, dolayısı ilə olsa da, əlim qırılsın bunu yazdığım yerdə, oxuyanların da gözü zəifləsin: partiyanın 50 min üzvünün saxta çıxdığını göstərir!

Hesab edək 800 min üzvün 50 mini son iki ildə koronadan ölübdür. Ancaq yenə hesab düz gəlmir, çünki TƏBİB-in məlumatına görə, koronadan cəmi itkilərimiz 10 min nəfər ətrafındadır.

Deməli, nazirliyi müxalifətə qərəzli olmaqda suçlamaq düz deyil. Müsavat, AXCP, REAL partiyalarının hərəsində 5 min üzvdən əldə 400-500 nəfər qalmışsa, o biriləri saxta çıxmışsa, hakim partiyanın nazirlikdən aldığı zərbə daha acıdır. 50 min saxta üzv... Nırç... Nırç... Nırç... Təbrik edirəm. Gör nazirlikdə işləyənlər necə cəsur insanlardır. Halal olsun. Ekologiya Nazirliyi təcili maraqlansın, bəlkə son günlər ƏN işçiləri çöllərdə qanunsuz qurd ovlayıb ürəyini yemişlər. Hətta qorxuram nazir istefa versin.

Müxalifətçilərimizin qeydiyyata alınmadığına görə narahat olanlar varsa (məsələn, ABŞ səfirliyi; onlar adətən belə vəziyyətlərdə narahat olurlar), təklif edirəm rahat olsunlar. Müsavat, AXCP, REAL... Bütün müxalifət partiyaları qeydə alınacaqdır. Hətta irreal olanlar da. Çünki bizim iqtidara bundan gözəl, bundan uyğun müxalifəti heç yerdən tapmaq olmaz. Bizim müxalifət bizim iqtidarın tam eynisidir. Düşüncə, idarəçilik, demokratiyaya, insan azadlıqlarına, seçkilərə münasibət və sairə baxımından. Hətta latın dilində yazsaq, müxalifət iqtidarın “alter ego”sudur. Açması “başqa mən”, “ikinci mən” deməkdir. Şair bunu da gözəl təsvir eləmişdir: “Məni sorma mənə, məndə deyiləm, Bir mən vardır məndə məndən içəri” (Yunus Əmrə).

Sadəcə, “Beyrəyin qılıncının altından keçmək” lazımdır. 30 gün sonra təzədən dəftər-kitabı yığıb gedərsiniz, yaxşı bal toplayıb qəbul olunarsınız.  Həmçinin mərifətli siyasi təşkilat gərək böyük-kiçik yeri bilsin. Sizə kim deyirdi YAP-dan qabağa düşün? Gözləyərdiniz, YAP qeydiyyata alınardı, ondan sonra sənəd verərdiniz. Yoxsa hələ YAP təsdiqlənməyib, atlana-atlana gəlmisən ki, bəs mən də varam...

Bunlar hamısı mentalitetimizə, min illərin dərinliyindən süzülüb gələn adət-ənənələrimizə uyğun prosedurlardır. Atalar demişkən, böyüyünü tanımayan, qibləsini də tanımaz.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR