İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban kəsmək kimin boynuna gəlir - Bayrama sayılı günlər qaldı

Qurban bayramına sayılı günlər qaldı. Pandemiyadan sonra bayramın məhuddiyyətlər olmadan rahat qeyd ediləcəyi gözlənilir. İnsanlar da artıq bayrama hazırlıq görürlər. Qurban kəsməyin bəlli şərtləri, qaydaları var.

Qurban kəsmə vaxtı, bayram namazı qılınan yerlərdə bayram namazından sonra başlayır. Heyvanın kəsiləcəyi yerdə diz boyu bir çuxur qazılmalıdır. Qurbanlıq heyvanın gözləri örtülməlidir, ayaqları da bağlanmalıdır. 3 dəfə bayram təkbirləri deyildikdən sonra qurbanın boğazı kəsilir. Bəsmələ oxunduqdan sonra heyvan dərhal kəsilməlidir. Bundan əlavə, qurban kəsən şəxsin dəstəmazlı olması daha məqbuldur. Hər bir maddi imkanı olan insan minimum bir qoç qurbanı kəsməlidir. Qoçun yaşı 6 ayı keçməlidir, 8 ay və 1 yaşı olsa, çox yaxşı olar. Həmçinin, bütün əzaları yerində olmalıdır. Kəsilən qoç arıq olmamalıdır. Çünki kəsilən heyvanlar həm də fəqirlərə paylanılır.

Hind toyuğu, xoruz və digər quşların kəsilməsi İslamda qurban sayılmır. Minimum qurban qoyun və keçidən ola bilər. Dana, öküz və dəvədən qurban kəsilə bilər.

Qurbanlıq 3 hissəyə bölünməlidir. Onun hər əzası o 3 hissəyə qatılmalıdır. Bir hissəsini qurban kəsən insan öz ailəsinə, qalan 2 hissəsindən birini yaxın qohum əqrəbalarından olan yoxsullara, əgər onlar yoxdursa qonşularından və ətrafdan tanıdığı fəqirlərə verməlidir. Əgər özünün də o ətə ehtiyacı yoxdursa, kəsdiyi heyvanın hamısını paylaya bilər.

Din xadimləri bildirirlər ki, bəzi insanlar qurban kəsimini pul ilə əvəz etmək istəyirlər ki, bu, doğru deyil. Mütləq qaydalara uyğun olaraq heyvan kəsilib, ət paylanmalıdır. Ən əsası, qurbanı imkansız insanlar kəsməməlidir. Ailəsini, özünü normal şəkildə dolandıran insanlar kəsməlidir. Borcu olan insanlar üçün də qurban kəsmək doğru hesab olunmur və ya kimdənsə borc alıb qurban kəsmək olmaz. Müəyyən insanlar var, biznes qurmaq üçün 100-200 min manat borca giriblər, lakin bayramda mənim borcum var, mən kəsə bilmərəm deyirlər. Bu doğru deyil. Yaxud bir insanın fərdi olaraq 200-300 manat borcu var, amma qurban kəsir, bu da doğru deyil.

Qurbanlıq heyvanların kəsimi prosesi necə təşkil olunacaq? – AQTA rəsmisi  açıqlayır - 20.07.2021, Sputnik Azərbaycan

Aysel Fərziyeva

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva “Yeni Müsavat”a bildirildi ki, Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi məqsədilə heyvan kəsimi və satışı yalnız aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir: “Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Vətəndaşlar qurbanlıq heyvanları əvvəlcədən müəyyənləşdirilmiş heyvan satışı məntəqələrindən, qurbanlıq heyvan cəmdəklərini isə bayramdan əvvəl Agentliyin rəsmi saytında ünvanları qeyd olunan satış şəbəkələrindən sifariş verməklə əldə edə bilərlər. Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı hallarına rast gəlindikdə, vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, o cümlədən Agentliyin ”1003 Çağrı Mərkəzi"nə müraciət etməyi xahiş edirik".

Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur: “Hazırda respublikanın bütün yerlərində heyvan kəsimi məntələrinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. İndiyə kimi müəyyənləşdirilmiş yerlərin sayı təxminən 130-dan çoxdur. Bura həm diri heyvanların, həm də, heyvanlarının kəsim və satış məntələri aiddir. 70-ə yaxını kəsim məntəqələridir. Ola bilsin ki, rəqəmdə dəyişillik ola bilər. Proses davam etdiyindən Qurban bayramına bir neçə gün qalmış ünvanlar açıqlanacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR