Onlayn ictimai-siyasi qəzet
Rusiyada yüzminlərlə həmvətənimizin həyatına təsir edəcək qanunun – miqrasiya siyasəti konsepsiyasının həyata keçirilməsi üzrə iki illik fəaliyyət planının icrasına başlanılıb.
Federal idarələr və regional hakimiyyət orqanları 2018-ci ildə prezidentin fərmanı ilə təsdiq edilmiş qanunvericilik sənədindən irəli gələn vəzifələri icra edirlər.
Bu, Rusiya yaşayan milyonlarla miqrantın taleyini müəyyənləşdirəcək.
Miqrantlar üçün rus dili testi sistemi də mart ayına qədər modernləşdirilməlidir. Dövlət qurumları hər bir əmək mühacirininin "rəqəmsal profilləri" haqqında 2024-cü ilin dekabr ayına qədər hesabat verməlidir.
Hazırda miqrantlara münasibətdə Rusiyada ziddiyyətli mövqelər var. Federasiyanın təhlükəsizlik qüvvələri miqrantları ölkənin kriminallaşmasına “töhfə vermək”də suçlayırlar və öz mövqelərində israrlıdırlar. Onların əsaslandırmasına görə, miqrantlar özləri çox sayda cinayət törədir və yerli sakinləri özlərinə qarşı cinayət törətməyə təhrik edir, səbəb yaradırlar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu fikri həm “vətənpərvərlər” camiəsi, həm də Dövlət Dumasında müxalifət partiyaları tərəfindən böyük həvəslə qarşılanır. Bu barədə daha sonra ətraflı bəhs edərik.
Bununla belə, iqtisadçı ekspertlər, o cümlədən tikinti üzrə baş nazirin müavini işçi qüvvəsinin xaricdən alınmasının zəruriliyini bildirirlər. Onların fikrincə, Rusiyada inşaat sektorunun yükü tam olaraq əmək mühacirlərinin çiynindədir, onlar olmasa, bu sektor tezliklə çökər. Əslində eyni fikirləri iaşə və ərzaq (xüsusilə də faraş meyvə-tərəvəz) ticarəti sektoruna da aid etmək olar.
Rus Pravoslav Kilsəsi qastarbayterlərə münasibətdə bir müddət susduqdan sonra çox sayda “gəlmə”lərin köklü slavyanların mənəvi və əxlaqi dəyərləri üçün təhlükəli olduqları yanaşmasına qoşulub. Keşişlər hesab edirlər ki, mühacirlərin üzündən “din-iman əldən gedir”.
“Rusiyaya axışanlar”ın çoxunun heç də əmək miqrantları yox, immiqrantlar (birdəfəlik köçüb gələnlər) olduğu barədə geniş ictimai müzakirələr gedir. Ölkədə get-gedə belə bir total düşüncə şüurlara hakim kəsilir ki, Rusiyanın iqtisadiyyatı və demoqrafik durumu nə qədər “gəlmələr”dən asılı olsa da, onların ölkədə artmasına, başqa sahələrdə qabağa getməsinə, köklənməsinə imkan vermək olmaz. Başqa sözlə, ruslar miqrantları yalnız inşaat meydançasında, bazarlarda, küçə və həyətləri süpürən yerdə, bir sözlə, qara işlərdə görmək istəyirlər.
Bu yaxınlarda Rusiya parlamentində də bu məsələyə toxunulub, bəzi deputatlar deyiblər ki, miqrasiya siyasəti konsepsiyası əmək mühacirlərinin ölkəyə gəlişinə yaşıl işıq yandırsın, amma onların ailələrini özləri gətirməsi asan olmasın. Belə deyənlər II dünya müharibəsindən sonra işçi qüvvəsi sarıdan problem yaşayan Almaniyanın yeritdiyi siyasəti örnək götürürlər. O vaxtlar Almaniya milyonlarla əmək mühaciri qəbul edib, ancaq onların çoxu sonradan Almaniya vətəndaşlarına çevriliblər. Hazırda isə Fars\Ərəb körfəzi ölkələri qapılarını əmək mühacirlərinin üzünə açır, ancaq onlara ölkədə oturuşmağa, vətəndaş olmağa imkan vermir. Qulluq etməyə gələnlər qul olaraq da qalmalıdır – düşüncə budur. Ruslar da eyni siyasətin yeridilməsini istəyirlər.
Miqrantların Rusiyanın kriminogen durumuna mənfi təsir göstərməsinə gəlincə, bu, çılpaq faktdır. Doğrudan da Rusiyada az qala hər xalqın özünün “milli mafiyası”, mütəşəkkil cinayət qruplaşmaları var. Ancaq bu qəbildən olan kriminal ünsürlər miqrantların ümumi sayının 1-2 faizi qədər olmazlar. Tam əksəriyyət öz orta və xırda biznesi ilə məşğuldur. Sadəcə, onlar da çətinə düşəndə öz həmvətənlərindən ibarət olan “mafiya”yalara müraciət edir, buna görə onlara xərac ödəyirlər. Rusiyanın istənilən şəhərində çoxsaylı həmvətənlərimiz var və onların bir qismi sırf “himayədarlıq” işi ilə məşuldur.
Ötən əsrin 90-cı illərində Rusiyada həm yeni əmələ gəlmiş biznesmenlər, həm də “milli mafiya”lar arasında əməlli-başlı qırğın gedirdi. Elə bir gün olmazdı ki, ölkəyə Rusiyadan ən azı 3 meyit gəlməsin. Hətta keçmişdə təcili tibbi yardım maşını olmuş, sonradan özəlləşdirilmiş “RAF”, UAZ markalı maşınlar güzgülərinə qara lent bağlayaraq aeroportda müştəri gözləyirdilər, bilirdilər ki, Rusiyadan gələn təyyarələrdə mütləq meyit gələcək və ölü yiyələri onları kirayələrək rayonlara aparacaqlar. Gələn meyitlərin 95 faizi kriminal hesablaşmalarda öldürülənlər idi və məlum olurdu ki, onların çoxunu məhz öz həmvətənləri qətlə yetirib.
İndi Rusiya dövləti bu “sektor”u da nəzarətə götürmək, səliqə-sahman yaratmaq istəyir. Ancaq 10 cinayətkara görə 90 əmək mühacirinin həyatı pis yönə dəyişə, nəticədə ölkəmizdə yaşayan yüz minlərlə həmvətənimizin maddi sıxıntı yaşamasına gətirib çıxara bilər.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ