İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulvar İdarəsində “itən” 12 milyon – MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev, Əziz Mustafayev, Fuad Babayev və Rəşad Bədəlovun cinayət işi üzrə cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, prosesdə ittiham aktının bir hissəsi elan olunub. Növbəti prosesdə ittiham aktının digər hissəsi elan ediləcək. Qeyd edək ki, Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlayıb. Ortaya çıxan uyğunsuzluqların araşdırılması üçün materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində göndərilib.

İbtidai istintaqla İlqar Mustafayev Bulvar İdarəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəmələrinə dəlalət edən faktlar üzə çıxıb.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, həbs olunub. Digər müttəhimlər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub. Məhkəmə prosesi sentyabrın 8-nə təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR