Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas regionunun Rusiyaya verilməsi müqabilində sülh müqaviləsinə razı olduğunu qeyd edib. Ümumiyyətlə, Krım danışıqlar predmetindən çıxarılıb, Ukraynanın şərq hissəsi yenidən Rusiyaya güzəştə razılaşdırılıb. Alyaskada görüşdə Putinlə Donald Tramp arasında belə bir razılaşmanın olduğu üzə çıxdı. Buna baxmayaraq, bu görüş nəticəsiz başa çatdı”.
Bu fikirləri Musavat.com-a politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya artıq 11 ildir ki, Donbası tam şəkildə işğal edə bilmir: “Hazırkı müstəvidə Donbasın Rusiyaya güzəştə verilməsi, müharibənin növbəti mərhələyə danışmasıdır. Baxmayaraq ki, Rusiya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Putin Ukraynaya hücum edəndə tam olaraq ölkəni işğal etməyi planlaşdırmışdı. Hazırda isə, Donbasla kifayətləndiyini qeyd edir. Bu, Rusiyanın Ukraynada məğlubiyyəti, Avropa ölkələrinin toparlanması və Ukraynaya ciddi yardımların artırılmasından irəli gəlir.
Demək olar ki, Putin Ukraynanı tam işğal etmək planını müvəqqəti dayandırmaqda maraqlıdır. Hazırda Trampa sülh lazımdır və çalışacaq ki, Zelenskiyə təzyiqlər etsin.
Bir ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması naminə sülhün əldə edilməsi dayanıqlı olmayacaq və beynəlxalq hüququ sarsıdacaq. Həmçinin, bu qərar Rusiyanın digər ölkələrə qarşı aqressiv siyasətinə stimul verəcək.
Avropa liderləri və Ukrayna Trampın Putinlə razılaşdığı barədə planı qəbul etməyəcəklər. Əgər ABŞ və Avropa ölkələri payıza qədər Rusiyaya təzyiq etsələr, Putin daha çətin vəziyyətlə qarşılaşa bilər. Amma Tramp Avropanın təhlükəsizliyini təhdid edəcək razılaşmada maraqlıdır.
Putin Ukrayna ilə bağlı razılaşma əldə edib digər regionlara təsir etməyə çalışacaq. Xüsusilə, Cənubi Qafqaz və Mərkəzi Asiya Putinin yeni hədəfində olacaq”.
Cavanşir ABBASLI
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ