İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan Tehrana çağırıldı: İran niyə narahatdır - təhlil

Politoloq: “Məsələ yalnız Zəngəzur dəhlizi ilə bitmir”...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 1-də Tehrana rəsmi səfərə gedib. İranın “Mehr” agnetliyinin yaydığı məlumata görə, səfər İran rəsmiləri, o cümlədən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general Əli-Əkbər Əhmədianla görüşmək məqsədi daşıyır.

Məlumatda o da qeyd olunur ki, Ermənistan rəsmisinin səfərinin gündəliyinə regiondakı son hadisələrin və ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi və infrastruktur sahələrindəki məsələlərin müzakirəsi daxildir: “İran İslam Respublikası həmişə regional sülh və sabitlik naminə qonşu ölkələr və region ölkələri ilə əməkdaşlığa hazır olduğunu bəyan edib”.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin İrana səfəri İslam Respublikası üçün Qafqaz regionunda münaqişələrin regional potensial vasitəsilə həllinə öz nöqteyi-nəzərini ifadə etmək üçün fürsət oldu. IRNA xəbər verir ki, İran XİN rəsmisi səfərin iki qonşu ölkə arasında ikitərəfli münasibətləri və Qafqaz regionunda baş verən hadisələri nəzərdən keçirmək üçün danışıqların və təmasların davamı çərçivəsində baş tutduğunu deyib. Onun sözlərinə görə, İran Qafqazdakı vəziyyətə böyük əhəmiyyət verir və Ermənistan rəsmisinin İrana səfəri bu məsələlərin müzakirəsi üçün baş tutub. O, Tehranın Bakı ilə İrəvan arasında münaqişələrin dayandırılmasını alqışladığını qeyd edərək, İranın beynəlxalq və geosiyasi sərhədlərin istənilən dəyişikliyinə qarşı olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarına gəlincə, Naser Kənani bildirib ki, İslam Respublikası regionun bütün ölkələrinə fayda verəcək nəqliyyat şəbəkələrinin inkişafına sadiqdir, lakin beynəlxalq sərhədlərin dəyişdirilməsi və regiondan kənar müdaxilənin əleyhinədir: “İranın regionun sərhədləri ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz dəfələrlə öz mövqeyimizi bildirmişik. Biz bütün tərəflərin mübahisələrin siyasi və dinc vasitələrlə danışıqlar yolu ilə həlli üçün məsuliyyətli səylərinin zəruriliyinə inanırıq”.

XİN rəsmisi əlavə edib ki, İran Qafqazdakı problemlərin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır. Onun sözlərinə görə, Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır, səfərin dəqiq tarixi vaxtında açıqlanacaq. O, həmçinin planlaşdırılan səfərlə yanaşı, hazırda bir sıra məsələlər üzrə ikitərəfli müzakirələrin aparıldığını deyib və qeyd edib ki, bunlar arasında əsas məqam Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası və Qafqaz regionunda baş verən proseslərdir.

İran Xİn rəsmisinin açıqlamaları göstərir ki, Qriqoryanın Tehrana qəfil səfərinin məqsədi iqtisadi infrastruktur adı altında Zəngəzur dəhlizinin mümkün açılması ehtimalından qaynaqlanır.

Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Armen Qriqoryanın Tehrana səfərini İranın bölgədə yaranan yeni reallıqdan narahatlığının təzahürü kimi qiymətləndirir: “Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb. Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi. Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat çəkən uğurlu antiterror əməliyyatından dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə, Tehran Armen Qriqoryanı az qala hər ay Tehrana çağırır”.

Tehran nədən bu qədər narahatdır? Politoloqa görə, İranın ilk narahatlığı, həmişəki kimi, Zəngəzur dəhlizi ilə bağlıdır: “Tehran hesab edir ki, Azərbaycan uğurlu antiterror əməliyyatından sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq. Tehran qorxur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq. Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana mesaj göndərir ki, "möhkəm ol, mövqeyindən çəkinmə!" Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır. Azərbaycanın uğurlu antiterror əməliyyatı ilə Qarabağın tamamını nəzarətə götürməsi İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran bu ruh yüksəkliyindən narahatdır. Ancaq Tehran bunun qarşısını necə ala bilər ki? Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməkdir. Ancaq Tehranda bunu bacarmırlar, “adətlərindən” əl çəkmirlər, “qırmızı cizgilər” siyahısına Qarabağ separatçılarını da daxil ediblər".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR