Onlayn ictimai-siyasi qəzet
Sovet dövlətinin daxili siyasətinin N qədər əyər-əskiyi, neqativ cəhətləri olsa da, getdikcə məlum olur ki, din siyasəti normal olub, sekulyarlığa heç də əbəs yerə önəm verməyib.
İndi bir çoxları buna etiraz edə bilər ki, yox, o dövlət ateizmi təbliğ edirdi, dini etiqad azadlığını boğurdu, dindarları incidirdi və sair və ilaxır.
Əslində isə patriarx, şeyxülislam, müfti, katolikos, arxiyepiskop, ravvin kimi dini vəzifələr o vaxt da vardı və onlar öz kilsə, məscid, came, sinaqoq və məbədlərində ibadətlə məşğul idilər.
Sadəcə, hakimiyyət din xadimlərinin siyasətə qarışmasına imkan vermirdi, onları ciddi nəzarətdə, bəlli bir çərçivədə saxlayırdı.
Bunun əsas səbəbi o idi ki, əslində bolşevizm özü ümmətçilik ideyasına söykənirdi. Bu dövləti qurub-yaradanlar çoxmillətli və dini konfessiyaların çox olduğu nəhəng bir arealda hamını birləşdirməyin yeganə yolunu marksizm-leninizmdə tapmışdılar. Bu təlim əslində yeni din kimi bir şey idi, özünün peyğəmbərləri də vardı, müqəddəs kitabları da, yasaqları da, onlara riayət edən xalq kütlələri də.
Bolşeviklər anlayırdılar ki, dini sahəni özbaşına qoysalar, dini konfessiyalar arasında çox sürətlə nifaq toxumları cücərəcək və süni yaradılmış sovet xalqı param-parça olacaq.
Sonradan elə də oldu. Sovet xalqı təkcə milli mənzillərə dağılışmadı, eləcə də dini icmalara, məzhəblərə, cürbəcür təriqətlərə, sektalara bölündü.
Hazırda Orta Asiyada din xadimlərinin total nəzarətdə saxlanmasının əsas səbəbi də budur. Nəzarət olmayanda onlar müxtəlif dini məzhəblərə etiqad edənlərdən, dini məbədə toplaşanlardan qeyri-leqal partiyalar yaradılar və bu yolla öz siyasi ambisiyalarını təmin etmək istəyirlər.
Müxtəlif dinlərin yüksək mənsəbli xadimləri heç də həmişə sülh çağırışı etmirlər. Erməni katolikosu Qareginin, 44 günlük müharibədəki məğlubiyyətə görə baş nazir Paşinyanın əlinin havada qoyan keşiş Parqev Zeynalyanın, Moskvadakı Vysoko-Petrovski monastrının keşişi Ruben Mkrtçyanın, bu il hökumətə üsyan bayrağı açan keşiş Baqratın militarist çağırışları hər kəsə bəllidir.
Heç demə, possovet məkanının din xadimlərinin ağsaqqalı, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də başqa kateqoriyaya aid deyilmiş. O da sülh çağırışları etmək əvəzinə Ukraynanın yenidən Rusiyaya birləşdiriləcəyinə ümid etdiyini bildirib.
Patriarx Z svastikası altında başlanan Ukrayna müharibəsinə dair öz “sülhpərvər” mövqeyini “Rusiya dünyası: xarici və daxili çağırışlar” adlanan toplantıda açıqlayıb.
76 yaşlı patriarx, yəni Vladimir Mixayloviç Qundyayev sülhdən, qardaşlıqdan, hər cür müharibənin tezliklə başa çatması arzusundan danışmaq əvəzinə 2022-ci ildən bəri yalnız şovinist-militarist ovqatda bəyanatlar verən eks-prezident Dmitri Medvedyev kimi xarici qüvvələrin Ukrayna və Rusiya arasındakı münaqişəni alovlandırmasından, bunun “rus dünyası üçün ən aktual xarici təhlükə” olmasından danışıb.
Qundyayev hələ ötən ilin noyabrında demişdi ki, “Ukraynada xüsusi əməliyyat başa çatandan sonra müasir Ukraynanın bütün ərazisi Rusiyanın müstəsna təsir zonasına daxil olmalıdır”.
Bu, az oldusa, rus patriarxdan daha bir sitat gətirək. Kirill insanları nüvə silahından qorxmamağa çağırıb və açıq-aşkar barıtı çox edib: "Mümkün apokaliptik ssenarilər, həddindən artıq həyəcan və nüvə fərziyyələri ətrafında qorxu yaratmaq mənəvi cəhətdən faydalı deyil"; “Həqiqi məsihçilər dünyanın sonundan qorxmurlar. Biz böyük izzətlə gələcək, pisliyi məhv edəcək və bütün millətləri mühakimə edəcək həzrət İsanı gözləyirik. Lakin bu, o demək deyil ki, oturub baş verənlərə səssizcə baxmaq lazımdır, pisliyə müqavimət göstərmək, yüksək mənəvi idealları müdafiə etmək gərəkdir”.
Bir din xadimi bütün bəşər əhli üçün qiyamət demək olan nüvə müharibəsinə necə xeyir-dua verə bilər? Ağlasığmazdır.
V.Qundyayev son bir ildə Rusiya elitasını və ictimaiyyətini Ukrayna müharibəsi qədər düşündürən miqrant probleminə də toxunub. O bildirib ki, yerli əhalinin qeyri-mütənasib şəkildə miqrantlarla - fərqli sivilizasiya kodunun, fərqli tarixi təcrübənin daşıyıcıları ilə əvəzlənməsi ölkəmizdə kritik mədəni disbalansa səbəb ola bilər. “Bu da öz növbəsində dəyər nüvəsi pravoslavlıq olan “rus dünyası” üçün şübhəsiz təhlükə yaradır. Bundan əlavə, heç kimə sirr deyil ki, Rusiya dövlətçiliyinə birbaşa təhlükə yaradan radikal islamçılıq və ekstremizm ideyalarını təbliğ edənlər miqrant mühitini diqqətdən kənarda qoymur”, - patriarx deyib.
Bu da rus və pravoslav olmayan, başqa dini icmalara mənsub olan şəxslərin potensial təhlükə kimi görülərək Rusiyadan qovulmasına çağırış etməkdir.
Bunun ardından “kilsə heç vaxt, heç bir şəraitdə insanların milliyətinə və ya dininə görə ayrı-seçkilik etməyin tərəfdarı olmayıb” demək isə riyakarlıqdır.
Süqut etmiş kommunist rejimi məhz bu cür dağıdıcı, parçalayıcı, bölücü çağırış və hərəkətlərin qarşısını almaq üçün din xadimləri susdurur, dini məbədlərdə mənəviyyat məsələləri ilə məşğul olmağı tövsiyə edirdi.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ