İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorbaçovun qarşısında baş əyməyən məhkəmə SƏDRİ

Onu həbs təhlükəsi gözləyəndə Mərkəzi Komitədəki tanışları məsləhət görüblər ki, Mixail Qorbaçovla görüşsün. Vladimir Terebilov bu məsləhəti qəbul etməyib:

- Mən Qorbaçovun qarşısında baş əyməyəcəm. 15 il ədliyyə naziri, 5 il Ali Məhkəmənin sədri vəzifəsində işləmişəm. Bu illər ərzindəki fəaliyyətimə Qorbaçov yaxşı bələddir. Mən baş əymədən də o, mənim haqqımda ədalətli qərar verməlidir.

Beləliklə, Terebilov baş katibin qapısını döyməyib, Qorbaçov isə məhkəmə sədri haqqında qərar verməyə tələsməyib. Vladimir Terebilov mühakimə və müzakirə obyektinə çevrilməmək üçün ali məhkəmə sədri vəzifəsindən könüllü istefa verib. Qorbaçov bu istefa ilə qane olaraq Terebilovla bağlı cinayət işinin açılmasını dayandırıb.

TERE.png (176 KB)

Maraqlıdır, SSRİ Ali Məhkəməsi sədrinin adı hansı cinayətdə hallanıb, Terebilovu istefa ərizəsi yazmağa nə vadar edib?

1916-cı ildə Sankt-Peterburq şəhərində anadan olan Vladimir Terebilov hüquqşünas kimi ilk fəaliyyətinə Leninqrad vilayətində başlayıb. Leninqrad Hüquq İnstitutunda təhsil alarkən institutda qalmaq, elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəsə də, Terebilovu təyinatla vilayətin Parqolovo rayonuna müstəntiq göndəriblər. Sovet-alman müharibəsi başlayanda isə Terebilov mühasirədə qalan Leninqradda səfərbərlik dəstəsinin komissarı vəzifəsini icra edib. Şəhərin 900 günlük mühasirəsi dövründə Vladimir Terebilov ən ağır sınaqlardan keçib, Leninqradın müdafiəsi uğrundakı əməliyyatlarda dəfələrlə ölümlə üzləşib. Onun səfərbərliklə bağlı gördüyü işlər Moskvanın diqqətindən yayınmayıb və o, dəfələrlə xidmətlərinə görə mükafatlandırılıb.

Müharibədən sonra Terebilov elmi yaradıcılıqla məşğul olmaq arzusunu reallaşdırıb, Moskva Kriminalistika İnstitutunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Doktorluq işinin müdafiəsi ərəfəsində Vladimir Terebilov SSRİ Baş Prokurorluğuna işə dəvət olunub, Baş prokuror Roman Rudenko onu özünə böyük köməkçi təyin edib. Qısa müddətdə savadı, təşkilatçılıq bacarığı, dərin və mükəmməl hüquqi biliklərə malik olması ilə fərqlənən Terebilov bir ildən sonra istintaq idarəsinə rəis müavini vəzifəsinə təyinat alıb.

TERE SON.jpg (137 KB)

Vladimir Terebilov Mərkəzi Komitədə də tanınıb. O, əsasən ölkə miqyasında daha çox səs-küy yaradan cinayət hadisələrinin istintaqını apardığından tez-tez Kremlə çağırılıb. Həm Nikita Xruşov, həm də Leonid Brejnev Terebilovu şəxsən tanıyıblar. Onun Brejnevlə münasibəti isə daha yaxın olub. Elə bu münasibətin sayəsində Brejnev SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olanda, 1962-ci ildə Terebilovun daha yüksək vəzifəyə, SSRİ Ali Məhkəməsi sədrinin müavini vəzifəsinə irəli çəkilməsində mühüm rol oynayıb.

Zaman-zaman Terebilovla Brejnevin rəsmi münasibətləri dostluq müstəvisinə keçib. Xruşovun devrilməsindən sonra Brejnevin hakimiyyətə sahib olması Terebilovun da vəzifə dayaqlarını möhkəmləndirib və onun üçün yeni imkanlar açılıb. 1970-ci ildə Brejnevin təşəbbüsü ilə Terebilov SSRİ-nin ədliyyə naziri təyin edilib. Terebilov nazir vəzifəsində işləyəndə ölkənin ədliyyə sistemi üçün bir çox yeniliklərə imza atıb. O, 50 cildlik qanunvericilik toplusunun hazırlanmasına rəhbərlik edib, vəkillər haqqında yeni qanun qəbul edilib, Moskvada ədliyyə işçilərinin təkmilləşdirmə institutu fəaliyyətə başlayıb. 1977-ci ildə yeni Konstitusiyanın qəbul edilməsində isə Vladimir Terebilovun xüsusi xidmətləri olub.

TERE EN SON.jpg (159 KB)

14 il nazir vəzifəsində işlədikdən sonra Vladimir Terebilov 1984-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sessiyasında SSRİ Ali Məhkəməsinin sədri vəzifəsinə seçilib. O, eyni zamanda Özbəkistandan SSRİ Ali Sovetinin deputatı da seçilib. Terebilov həm də SSRİ-Nigeriya Dostluq Cəmiyyətinə rəhbərlik edib.

Uzun illər yüksək vəzifələrdə işlədiyi dövrdə Terebilovun adı “qara” işlərdə, korrupsiyada hallanmayıb. Amma SSRİ-nin süquta doğru getdiyi illərdə Vladimir Terebilov öz təmiz adını qoruya bilməyib. Özbəkistandan deputat seçilən məhkəmə sədrini dəfələrlə “pambıq işi” ilə bağlı ləkələmək, onu korrupsiyada ittiham etmək istəyiblər. Bu faktlar öz təsdiqini tapmayıb. Bəzi versiyalara görə, Terebilov hakimiyyətə gələn Qorbaçov üçün arzuolunmaz şəxs sayılıb və o, məhkəmə sədrini vəzifədən uzaqlaşdırmaq üçün səbəb axtarıb. Qorbaçovun arzusunu Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İnamcon Usmanxocayev gerçəkləşdirib, o, “pambıq işi” ilə bağlı istintaqa verdiyi ifadədə Terebilovla pul qarşılığında iş gördüyünü bildirib, qeyd edib ki, məhkəmə sədrinə rüşvəti “pambıq işi”nə görə yox, Özbəkistan məhkəməsində ştatların artırılmasına görə verib, 20 min rubl qarşılığında Terebilov Özbəkistan məhkəməsinə əlavə 26 ştat ayırıb.

İnamcon Usmanxocayevin ifadələri Qorbaçovun masasının üstünə qoyulanda baş katib qərar verməkdə tələskənliyə yol verməyib. Yəqin ki, o, Terebilovun yalvarışlarını gözləyib. Yuxarıda qeyd etdiyimiz kimi, Terebilov çıxış yolunu könüllü istefa verməkdə görüb. Qorbaçov rüşvət faktı ilə Terebilova cinayət işi açdırmaq fikrinə də düşüb. Həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsində olan Nikolay Rıjkov onu bu fikrindən daşındırıb.

Vladimir Terebilov istefasından sonra fəaliyyətini ömrünün sonuna qədər Moskva Dövlət Universitetinin hüquq fakültəsində davam etdirib. O, 2004-cü ildə, 88 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR