İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşusunun hamilə arvadını öldürmək istədi - Təfərrüat

Sumqayıt şəhərində hamilə vəziyyətdə olan qonşu qadını bıçaqlayaraq öldürmək istəyən Adbul Əsgərovun cinayət işinin təfərrüatı məlum olub.

"Ölkə.Az" xəbər verir ki, iyulun 22-si səhər saat 8 radələrində Corat qəsəbəsində 1995-ci il təvəllüdlü Aygün Müseyib bıçaqlanma diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə hamilə qadının həyatını xilas etmək mümkün olub.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.

Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu 1987-ci il təvəllüdlü Əsgərov Abdul Rahib oğlu saxlanılıb.

İş üzrə dindirilmiş Abdul Əsgərov bildirib ki, ailə üzvləri ilə birlikdə Corat qəsəbəsində ev 478-də yaşayıb. Qapı qonşusu olan Natiq Müseyiblə 2014-cü ildən problemi olub.

Belə ki, o, Natiqin Arzu adlı qohumu ilə nişanlanıb.

Atasından qalan torpaq sahəsini 48 min manata satıb, Yaşma bağlarında 30 min manata 6 sot torpaq sahəsi alıb. Qalan 18 min manatı isə Natiqə ona ev tikməsi üçün verib:

"Mən pul verdim ki, evi tik, mən də evlənib köçüm evimə. Natiq də evi yarımçıq tikərək, işi başa çatdırmadı. Bundan başqa, qonşum nişanlımla olan münasibətimə müdaxilə edib, bizi ayırdı. Sonra qız Natiqin tanışı ilə ailə qurdu".

Adbul Əsgərov ifadəsinin davamında bildirib ki, Natiqə verdiyi puldan cəmi ona 1000 mana pul qaytarıb:

"Borcundan cəmi 1000 manatını qaytardı. Hər dəfə pulumu istəyəndə aramızda münaqişə yaranırdı. Hadisə baş verən günü qisas almaq üçün, bıçağı götürüb qonşumun evinə yollandım. Darvazadan içəri keçib, bir neçə dəfə Natiqi çağırdım. Lakin cavab verən olmadı. Natiqin gizləndiyini düşünüb, evin arxa tərəfinə keçərək, pəncərədən içəri girdim. Yataq otağında Aygün Müseyibi və üç övladını gördüm. Uşaqlar qorxub, çölə qaçdılar. Qadın yoldaşının evdə olmadığını söylədikdə, əlindən tutub, yumruqla kürəyinə vurdum. Həyətə qaçan qadına çatıb, bıçaqla boynuna zərbə endirdim".

Aygün onun əlindən çıxaraq mətbəxə qaçıb və qapını arxadan bağlayıb. Buna görə o, içəri daxil ola bilməyib. Təxminən 15 dəqiqə sonra ünvana gələn Təcili Tibbi Yardım briqadası qadını xəstəxanaya, polislər isə onu bölməyə aparıblar.

Təqsirləndirilən şəxs əlavə edib ki, qonşusunun evinə getməkdə məqsədi Natiq Müseyibi bıçaqlamaq olub, sadəcə, həmin vaxt qarşısına arvadı çıxdığından onu vurub. Hadisə vaxtı qadının hamilə olmasını bilməyib, ona qarşı seksual xarakterli hərəkətlər etməyib.

Zərərçəkmiş Aygün Müseyib ifadəsində göstərib ki, qonşusu Abdul Əsgərovu 6 ildir ki, tanıyır. Bacısı Arzu Məmmədova onunla nişanlı olsa da, sonradan psixi problemlərinə görə ondan ayrılıb.

Əri Abdulun evini təmir edib və bunun qarşılığında müəyyən məbləğdə pul alıb. Evin xırda təmir işləri qalmağına baxmayaraq, Abdul verdiyi pulun hamısını qaytarmasını tələb edib.

"İyulun 22-si səhər saat 7 radələrində yoldaşımı işə yola saldım. Yataq otağında övladlarımla yatarkən, səs eşitdim. Çarpayıdan ayağa qalxanda Abdulun pəncərədən bükülü vəziyyətdə evə girdiyini gördüm. Ərimin işdə olduğunu desəm də, çiyinlərimdən tutub, çarpayıya itələdi. Qışqırıb, müqavimət göstərən zaman uşaqlarımın qorxub, çarpayının baş hissəsinə çəkildiklərini gördü. Hamilə olduğumu deməyimə baxmayaraq, Abdul başıma zərbə vurdu və mənimlə cinsi əlaqədə olacağını dedi.

Uşaqları otaqdan çıxartmağıma icazə verməsi üçün ona yalvardım. Əsgərov öz razılığı ilə yanına qayıdacağımı düşünüb, icazə verən kimi övladlarımı götürüb, çölə qaçdım. Darvazadan çıxıb, var-gücümlə qonşumun qapısını döydüm. Bu zaman Abdul arxadan mənə yaxınlaşdı. Səsimə qohumlarım və qonşularım gəlsələr də, Əsgərov bıçaqla mənə zərbələr endirməyə çalışaraq, onların kənara çəkilmələrini tələb etdi. Qolumdan dartıb, özünə tərəf çəkəndə yerə yıxıldım. Alnım dəmir boruya dəydi. Abdul mənə 6 dəfə bıçaq zərbəsi endirdi. Qonşum Əliabbas Abbasov Abdul Əsgərovu sakitləşdirərkən, dərhal darvazadan içəri qaçaraq, mətbəx otağının qapısını arxadan bağladım”.

Məhkəmə iclasında Abdul Əsgərov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Sonda məhkəmənin hökmü ilə Adbul Əsgərov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR