İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşuluğumuzda donuz qripi tüğyan edir, ölənlər var - Nə etməli?

Səhiyyə Nazirliyi təkzib edir, həkimlər isə qrip olduğunu deyirlər; pediatr: “Uşaqlarda qızdırma 3 gündən artıq davam edərsə, mütləq müayinə olunmalıdırlar”

Koronavirus pandemiyası zəifləyən kimi, regionda və dünyada başqa patogen viruslar baş qaldırıb. Donuz qripi (H1N1), quş qripi (H5N1) o qəbildəndir. Bədxah qonşumuz Ermənistanda isə neçə gündür məhz H1N1 tüğyan edir. Məlumatlara görə, artıq bu virusa yoluxmuş iki yüzdən çox xəstə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların 60%-i uşaqlardır. İki nəfər isə “donuz qripi”ndən ölüb.

Bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin yoluxucu və qeyri-infeksion xəstəliklər şöbəsinin müdiri Romella Abovyan bildirib. Onun sözlərinə görə, ölən hər iki xəstənin 35 yaşı var, onlardan birində yanaşı xəstəliklər, digərində piylənmə olub. “Hazırda pnevmoniya diaqnozu ilə 209 xəstə xəstəxanaya yerləşdirilib, onlardan 127-si və ya 60%-i uşaqdır. Reanimasiya şöbələrində 55 nəfər var, onlardan 47-si uşaqdır. Daha 584 SARS xəstəsi respublikanın müxtəlif xəstəxanalarına yerləşdirilib, onların 96%-i uşaqlardır”, - Abovyan deyib.

Öz növbəsində Ermənistan Səhiyyə Nazirliyinin pediatriya üzrə müşaviri Sergey Sarkisyan respirator sinsitial virusun da yayıldığını söyləyib. “Bu virus onunla fərqlənir ki, əksər uşaqlarda otit (qulaq infeksiyası - red.) yaradır. Nəticədə xəstəlik daha da mürəkkəbləşir və həkimlər əksər uşaqlara antibiotiklər təyin edirlər”, - deyə o qeyd edib.

Azərbaycanda “donuz qripi” təhlükəsi varmı? İnsanlar daha çox nələrə diqqət eləməlidir? Uşaqlar arasında yayılan virusların qonşu ölkədə özünü göstərən viruslarla nə dərəcədə eyniyyət təşkil edir?

Azərbaycanda vaksinasiya ilə bağlı durum müsbətdir”-Vaqif Qarayev

Vaqif Qarayev

Tanınmış pediatr Vaqif Qarayev yanvar ayının ilk günlərində havanın isti keçməsinə və tüğyan edən viruslara diqqəti yönəldib: “İsti hava Avropanın bir çox ölkələrində müşahidə olunur. Viruslar da hər yerə yayılıb. İndiki xəstəliklər müxtəlif variasiyalarda gedir: yüksək qızdırma, qızdırma və boğaz ağrısı, qızdırma-öskürək-burun tutqunluğu, ya da qızdırma-qusma-ishal. Ümumi infeksion əlamətlər də öz yerində. Ən çox narazılıq yaradan qızdırmanın aqressivliyi və dərman müalicəsinə tabe olmamasıdır. Dərmanların keyfiyyəti ilə bağlı iradlarla razılaşmaq olar. Amma dərman qəbulundan sonra qızdırmanın normaya düşməsinə çalışmayın. Bu heç lazım da deyil. Uşaqlarda qızdırma üç gündən artıq davam edərsə, mütləq müayinə olunmalıdılar. Özbaşına antibiotik qəbulu vəziyyəti ağırlaşdıra bilər. Üç yaşına qədər uşaqlarda qusma və ishal varsa, ilk gündən mütləq həkim nəzarətində olmalıdılar. Xalq təbabətindən istifadə qadağan deyil. Hamını nənə-babalarımız belə böyüdüb. Amma təhlükəli məqamları sadaladığım kimi çox vaxt həkimsiz keçinmək olmur”.

Həkim əlavə edib ki, narahatlıq doğuran digər təhlükə isə xəstə uşaqların məktəbə getməsidir: “Valideynləri narahat edən məsələlərdən biri də uşaqların sağalandan sonra təkrar yoluxmasıdır. Kollektivə gedən uşaq sağalandan sonra təkrar başqa virusla yoluxur. Son vaxtlar tez-tez soruşurlar, bizdə də donuz qripi varmı? Bizdə quş qripi varmı? İndi yüksək qızdırma ilə gedən xəstəlik nədir? Virusun adı nədir? Virusun adını bilmək üçün virusoloji müayinə lazımdır. COVİD istisna olmaqla bu xəstəliklər oxşar gedişatlıdır. Quş və donuz qripi ilə bağlı epidemioloji vəziyyət hələ ki, stabildir. Amma sanki bu stabilliyi pozmaq istəyirlər. Bu günlərdə ABŞ prezidenti C. Bayden bəyan etdi ki, dünya yeni pandemiyaya hazır olmalıdır. Dünyanın az qala altını üstünə çeviriblər. Müharibələr bir tərəfdən, digər tərəfdən də zavallı insanları pandemiya ilə qorxudurlar. Bircə bu mənəvi terror bitsəydi...”

“Hazırda Azərbaycanda donuz qripi aşkarlanmayıb”.

Bu barədə “Yeni Müsavat”ın Səhiyyə Nazirliyinə ünvanlandığı sorğusuna cavab olaraq bildirilib.

Mediaya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev isə bildirib ki, Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir: “Qış aylarında sadəcə koronavirus deyil, eləcə də artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir. Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlqla bağlı şikayətlər qış aylarında artmağa başlayır və sürətlə yayılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.

İstənilən halda həm  koronavirusa, həm də qripə qarşı aparılan profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə, sağlam qidalanaraq, mövsümə uyğun geyinərək, zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıdırlar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR