İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma rejim fakt qarşısında qoyuldu, bu şəhərin mərkəzində bayrağımız dalğalanacaq

 

“44 günlük Vətən müharibəsindən ötən dövr ərzində Azərbaycan Ermənistan tərəfini dəfələrlə sülhə, Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya üzrə danışığa dəvət etsə də, təəssüf ki, bütün bunlar baş tutmayıb, əksinə, qarşı tərəf təxribatçı mövqeyi seçərək sülhdən yayınmağa çalışır. Azərbaycanla Ermənistan sərhədində olduğu kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yerləşən qeyri-qanuni erməni hərbi birləşmələri Azərbaycan Ordu hissələrinə qarşı təxribatlar törədib, mina terroruna əl atıb, Qarabağdakı qondarma rejim qeyri"-qanuni şəkildə “prezident” seçkiləri keçirərək (9 sentyabr 2023), bütün dünyaya Azərbaycanla danışıqlardan yayındığını və revanşist mövqeyini nümayiş etdirib”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib. O xatırladıb ki, hələ ötən ilin oktyabrında Praqada baş tutan danışıqlar zamanı Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığını desə də, ərazinin demilitarizasiyasını gündəmə gətirsə də, qondarma rejim  bu mövqeyə qarşı çıxdı: “Separatçı rejim yenidən silahlanaraq revanş-döyüş mövqeyi tutacaqlarını açıqlamışdı. Bu açıqlamadan 2 həftə keçməmiş (12 dekabr 2022-ci ildə) Azərbaycan eko aktivistləri qondarma rejimə qeyri-qanuni silah daşınan Laçın yolunu bağladı, yəni qondarma rejimin silahla təminat yolu qapadıldı. 23 apreldə  (2023-cü il) burada nəzarət buraxılış məntəqəsi quraşdırılaraq qondarma rejim fakt qarşısında qoyuldu. Bütün bu mesajları düzgün oxuyub dərk etməyən güruh mənsubları öz inadlarından əl çəkməyib Azərbaycana qarşı daha sərt  bir mövqe sərgilədilər: yeni “prezident” seçməklə Azərbaycanın artıq bölgəyə sızma və təsir göstərmə imkanlarının sıfıra endiyini bəyan etdilər. Lakin Azərbaycan xoş danışıqlar dilindən anlamayan qondarma rejimi güc yolu ilə silahı yerə qoymağa məcbur etdi. Ermənilər silahlar başları üstündə uçuşandan sonra nəhayət ki, vəziyyəti anladılar. Odur ki, 19 sentyabr 13:00-da başlayan lokal xarakterli antiterror tədbirlərindən heç 24 saat keçməmiş təslim olduqlarını bəyan etdilər, 20 sentyabr 13:00-da isə antiterror tədbirləri dayandırıldı. Bu gün Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə tarixi bir görüş baş tutdu”.

Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan tarixində yeni bir səhifə açdığını vurğuladı:

“Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə dövlətimizə, millətimizə ən gözəl hədiyyə  suverenliyimizin bütün ölkə ərazisində bərpa olunmasıdır. Artıq Xankəndidəyik, erməni mənbələri Xankəndinin bir sıra kəndlərində Azərbaycan Ordusunun mövqeləndiyini açıqlayır. Bu şəhərin mərkəzində də bayrağımızın dalğalanmasına çox az qalır. Qondarma rejimin dünən yaydığı bəyanatla silahı yerə qoyduğu, qeyri-qanuni hərbi birləşmələrin tərksilah olunduğu bəyan edildi. Azərbaycan haqlı savaşında qalibdir və yeni zəfərlər qazanmaqdadır. Bütün bunları beynəlxalq aləmdə anti-Azərbaycan mövqeyindən nümayiş etdirməyə çalışan, saxta və yalan dolu məzmunlu paylaşımlarla beynəlxalq aləmin diqqətini həqiqətdən yayındıraraq Azərbaycana qarşı sərt qərarların, o cümlədən sanksiyaların tətbiq olunmasına çalışan Ermənistanın mövqeyi nəticəsiz qalacaq.

Təəssüf ki, Azərbaycan torpaqlarının 30 illik işğalı və istismarı dövründə bir dəfə də olsun Ermənistan hərbi-siyasi rəhbərliyinə, Xocalı qatillərinə qarşı sanksiya çağırışı etməyən Qərb deputatları bu gün Azərbaycana qarşı sanksiya çağırışı etməkdədirlər. 1 milyona qədər azərbaycanlı Ermənistan, Qarabağ və ətraf 7 rayondan qovularkən Ermənistana sərt mövqe ortaya qoymayan beynəlxalq ictimaiyyət, bu gün Azərbaycanın etnik təmizləmə siyasəti həyata keçirmədiyi halda, saxta erməni iddialarına və maraqlarına alət olurlar. Lakin bütün bunlar Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməz, çünki biz haqlı tərəfik. Azərbaycanın bütün addımları tarixi ədalətin bərpasına söykənir, beynəlxalq hüquq ilə əsaslandırılır, odur ki, legitim və haqlıdır”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR