İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılı kimlər və niyə bahalaşdırır - səbəblər  

Qızılın qiymətinin bahalaşması Azərbaycan bazarına da təsir göstərib. Əvvəl 585 əyar qızılın qramı 78-80 manata idisə, hazırda qiymət 88-90 manat arasında dəyişir. Müqayisə üçün bildirək ki, 2008-ci ildə qızılın 1 qramı 18 dollara satılırdı. Bu gün isə 62 dollardır.

Qızılın alış-satışının necə olduğunu öyrənmək üçün Musavat.com-un əməkdaşı “Moskva” Univermağında olub. Qızıl alveri ilə məşğul olan Şahin Abbasov sayta bildirib ki, Azərbaycanda qızılın bahalaşmasının bir səbəbi manatın devalvasiya ilə bağlıdır. Onun sözlərinə görə, dollar 1,70 manat olduqdan sonra qızıl da bahalaşdı. Ş.Abbasov bildirdi ki, qızılın bahalaşmasının digər səbəbi Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması ilə bağlıdır: “Bundan sonra qızılın unsiyası (31 qram) 3 faiz bahalaşaraq 1965 dolları keçib. Belə getsə qiymət artımın davam edəcək”.

Univermaqda işləyən digər satıcı Lalə Məmmədova isə hazırda ən çox tələbat olan qızıllardan danışıb. Onun sözlərinə görə, hazırda əsas tələbat gündəlik istifadə oluna bilən qızıl məmulatlarınadır.
“Əsasən çəkisi az, münasib qiymətə, incə qızıllara tələbat var. Qızılın bahalaşması müştəriləri də narahat edir. Bu həftə 583 əyar Rusiya qızılının alışı 58,5 manat, satışı 75 manat, 585 əyar Türkiyə qızılının alışı 58,5 manat, satışı 85-88 manat, 750 əyar İtaliya qızılının alışı 75 manat, satışı 95-115 manat, 999 əyar diş qızılının qiyməti isə 87,75 manatdır”, - deyə o əlavə edib.



Mövzunu Musavat.com-a şərh edən iqtisadiyyatçı Natiq Cəfərli bildirib ki, həmişə müharibələrin gərginləşdiyi dövrdə qızıl güvənli liman rolunu oynayır və qiyməti artır: “Rusiya-Ukrayna müharibəsinin ilk günlərində də belə oldu. Ancaq son vaxtlar müəyyən səngimələr var. Qızılın qiymətində daha kəskin bahalaşma gözlənilirdi. Hələ ki, qiymət 2000 dollara çatmayıb. Müəyyən enişlər və qalxışlar olub. Lakin bu təbiidir. Nə qədər ki, dünyada belə yüksək inflyasiya var, yatırımçıların bir çoxu bu sahəyə yatırım etməyə və öz vəsaitlərini qızılda saxlamağa çalışırlar. Bu da qiyməti bahalaşdırıb. İndi təqribən bir külçə qızıl 1950-1960 dollar civarındadır. Gərginlik azaldıqca qızılın qiymətində müəyyən enmələrin olması kifayət qədər yüksəkdir”.

Nərgiz KƏRİMQIZI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR