Onlayn ictimai-siyasi qəzet
Sabiq deputat Etibar Əliyev bu dəfə "Bu Şəhərdə" teatrını sərt şəkildə tənqid edib.
Musavat.com bildirir ki, sabiq deputat "Bu Şəhərdə"nin aktyorları - Rafael İskəndərov və Coşqun Rəhimovun çıxışlarını biabırçılıq adlandırıb, onları adət-ənənələri aşağılamaqda, küçə söhbətlərini səhnəyə gətirməkdə ittiham edib:
"Teatrın tərbiyəvi rolu danılmazdır. Teatrdan zövq almalısan, ürəkdən gülməlisən. Hətta, məşhur yumoristlərdən biri "ekoloji təmiz yumor" anlayışını işlətmişdi. Təsadüfən "Bu şəhərdə -2050" 81-ci bölümə baxdım. "Toy" adlandırdıqları tamaşada səhnəyə inkasator rolunda daxil olan Coşquna içki təklif olunur. Nimçədə gətirilmiş şərti arağı "sağlıq"lar deməklə içirlər. Rafael deyir, bu, sənin ananın sağlığına, içirlər. Sonra ata sağlığına içirlər. Sonra Rafael Coşquna deyir: "Mənim anamın sağlığına, mənim anam anaş toyuq-zaddır? Səninkinin sağlığına içirik mənimkinin yox"?
Baxırsan ki, tamaşaya xeyli gənc gəlib. Bu gənclər "Anaş toyuğun" nə olduğunu bilirlərmi? Yaxud sual versələr bunu onlara necə izah edə bilərik?
"Qadının ərəblə tanışıq" səhnəsi lap biabırçlıqdır. Şit hərəkətlər, adət- ənənələrimizi aşağılamaq, küçə söhbətlərini səhnəyə gətirmək teatrın süqutudur.
Teatrda parodiya sınanmış metoddur. Ancaq bunlar kimləri parodiya edirlər? Bayram Nurlunu, Xoşqədəmi, Hacı Nuranı, Elza Seyidcahanı? Parodiya janrını da gözdən salıblar.
İndi vəziyyət elə həddə gəlib çatıb ki, heç bir qüsuru tənqid etmək olmur. Ərköyünlük əxlaqa da təsir edib. Bir dəfə tanınmış şəxslərdən biri bunları tənqid etmişdi. Bu ekoloji kirli yumoristlər həmin şəxsi təhqir etməkdən çəkinmədilər".
Xatırladaq ki, Etibar Əliyev iki il öncə "Komedixana"nın aktyorlarını tənqid edərək, onları təlxək adlandırmışdı.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ