İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qırmızı Xaç”dan Azərbaycana qıpqırmızı pislik - ermənilərin xeyrinə “xaç gedişi”

Hüquqşünas: “Belə çıxır, bu qurum cinayətkarlara, silahlı  potensial terrorçulara pul paylayır...”

Laçın şəhəri və rayonun ətraf kəndlərində qanunsuz şəkildə məskunlaşmış, bununla da Azərbaycan Konstitusiyası və qanunlarını kobud surətdə pozaraq hərbi cinayətə yol vermiş ermənilərin torpaqlarımızı tərk eləməsi üçün iki həftədən də az vaxtları qalır. Təəssüf ki, ermənilər xislətlərinə sadiq qalaraq, yenə özlərindən sonra dağıntı, yanmış evlər saxlayırlar. Dünən yazı hazırlanarkən növbəti belə faktları təsdiqləyən videogörüntülər yayıldı.

Bu arada məlum olub ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Zabuxdan köçməyə hazırlaşan hər bir ailəyə əşyaların daşınması üçün 500 ABŞ dolları məbləğində vəsait ayırıb. Bunu kəndi tərk etməyə hazırlaşan ermənilərdən biri deyib.

Sual yaranır: ərazimizdə qanunsuz məskunlaşan erməni ailələrə Ermənistanın, separatçı-kriminal rejimin can yandırması təbiidir, hətta BBC və AzadlıqRadiosunun kənddən silsilə reportajlar hazırlayıb erməni ailələrin halına yanmasını da haradasa anlamaq olar, bəs beynəlxalq qanunları gözləməli və neytrallıq prinsipinə əməl eləməli olan Beynəlxalq Qırmız Xaça nə gəlib? Hansı əsasla o, Azərbaycan qanunlarını saymazlıqdan gələrək erməni ailələrinə vəsait ayırır? ABŞ-ın Qarabağdakı separatçı rejimə illərlə maliyyə yardımı ayırması ilə bu dəstəyin arasında nə fərq var ki? 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin belə bir addım atması gözlənilən idi: “Bu qəbildən olan beynəlxalq təşkilatlar özlərinin bu tipli fəaliyyətləri ilə əslində dünyada ayrı-ayrı güclərin, maliyyə qaynaqlarının, siyasi dairələrin, dövlətlərin maraqlarına xidmət edən siyasətin bir tərkib hissəsi olduqlarını göstərirlər.

Ermənistandakı siyasi vəziyyət stabilləşirmi? - (Xəyal Bəşirov) ARB24 (İŞ  VAXTI) - YouTube

Xəyal Bəşirov

Əslində onların nizamnamə və əsasnamələrində mandatları, fəaliyyət istiqamətləri tamamilə fərqli məsələlərdə öz əksini tapıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi maliyyə dəstəyi verdiyi ermənilərin Laçın meşələrini yandırmasının, təbiəti məhv etməsinin fərqində olmalıdır. Gözlərinin qarşısında həyata keçirilən ekoloji cinayətə bir humanitar təşkilat kimi münasibət bildirməlidirlər. Lakin bütün bu və digər cinayətlərə göz yumulur. Yenə də “ikili standartlar”ın şahidi oluruq. Beynəlxalq Qızıl Xaç Komitəsi ermənilərə münasibətdə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərə münasibətdə mandatına uyğun davranış nümayiş etdirmir. Bu davranış tək indi deyil, uzun illərdir müşahidə edilir".

Ekspert qeyd etdi ki, Azərbaycan ərazisi olan Laçında qanunsuz yerləşmiş ermənilərə pul paylanması dolayısı ilə cinayətkarlara pul verməkdir: “Çünki həmin ermənilər faktiki olaraq beynəlxalq konvensiyaları, Azərbaycan qanunlarını pozublar. Bu isə cinayət əməlidir. Məsələnin daha bir tərəfi odur ki, həmin ermənilərin bir çoxu bu gün də Azərbaycana qarşı döyüşəcəkləri barədə bəyanatlar səsləndirirlər və onların əslində silahlı terrorçular olması ehtimalı yüksəkdir. Belə çıxır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi cinayətkarlara, silahlı potensial terrorçulara pul paylayır.

Onlar əgər həqiqətən mandatlarının tələb etdiyi humanist addımlar atmaq istəyirlərsə, o zaman 30 il öncə Laçından doğma torpaqlarından zorla çıxarılan azərbaycanlıların öz torpaqlarına, evlərinə qaytarılması işinə dəstək versinlər. Humanitar fəaliyyət bax bu olar. Beynəlxalq qanunları açıq-aşkar pozmuş ünsürlərə maliyyə ayırmaq isə beynəlxalq hüququn pozulmasıdır".

Hüquqşünasın sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq hüquq səviyyəsində də ədalətin bərqərar olması yönündə genişmiqyaslı işlər görür və görəcək: “Ayrı-ayrı nüfuzlu beynəlxalq məhkəmələrə müraciətlər edilməsindən tutmuş, digər hüquqi addımlarımıza qədər, Azərbaycan dövləti olaraq ata bilərik. O zaman mandatına uyğun olmayan fəaliyyətlər göstərən və ya beynəlxalq qanunları pozmuş cinayətkarlara hər hansı formada yardım edən beynəlxalq təşkilatlar ifşa olunacaq. Bu da tarixdə bir nümunə kimi qalacaq və həmin beynəlxalq təşkilatların dünyada imicinə böyük zərbə olacaq, onlara beynəlxalq ictimaiyyətin etimadını azaldacaq”.

Etibar SEYİDAĞA
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR