İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada xəsarət alanlarla bağlı SON DƏQİQƏ: Rusiya vətəndaşlarının təxliyəsi BUNA GÖRƏ GECİKDİ - SƏBƏB

Bu gün səhər Aktau şəhərindən Moskvaya aviasiya qəzasında xəsarət alan 9 Rusiya vətəndaşı təxliyə edilib. Təxliyə olunanlar arasında bir uşaq da var.

Musavat.com xəbər verir ki, bu barədə Orda.kz nəşri mənbələrə istinadən yazıb.

Bildirilib ki, yaralıların təxliyəsi mürəkkəb danışıqlarla müşayiət olunub və bu proses bütün gecə davam edib.

Həkimlərin verdiyi məlumata görə, 3 Rusiya vətəndaşının vəziyyəti stabil ağır olaraq qiymətləndirilir, bir xəstənin isə vəziyyəti kritikdir.

Yaralananlar arasında 11 yaşlı bir qız da var; ona kəllə-beyin travması, qançırlar və çanaq sümüyü sınığı diaqnozu qoyulub.

Rusiyalıların təxliyəsi yalnız yerli vaxtla 08:30-da mümkün olub.

“Əvvəlcə təxliyə gecə yarısı planlaşdırılmışdı, sonra saat 03:00-a, daha sonra isə saat 06:00-a təxirə salındı. Rusiya FHN nümayəndəsi bildirdi ki, tərəflər uzun müddət razılığa gələ bilməyiblər. Yaralıların xəstəxanadan çıxarılması çətinliklə baş tutub. Ola bilər ki, həkimlər onları bu qədər tez göndərmək istəməyiblər”, – deyə mənbə məlumat verib.

Təxliyə edilənləri Rusiya FHN-in mütəxəssisləri, o cümlədən psixoloqlar müşayiət edib.

Daha əvvəl xəbər verilib ki, Aktau xəstəxanasına ümumilikdə 27 nəfər yerləşdirilib. Onların arasında Azərbaycan, Rusiya və Qırğızıstan vətəndaşları, həmçinin vətəndaşlığı müəyyən edilməmiş bir nəfər də var (şəxsi müəyyən etmək mümkün olmayıb, çünki o, huşsuz vəziyyətdədir). Xəstələr xəsarətlərin ağırlığına uyğun olaraq xəstəxananın müxtəlif şöbələrində yerləşdirilib.

“Onlar Səhiyyə Nazirliyinin protokoluna uyğun olaraq tam müalicə alırlar. Bütün yaralıların vəziyyəti nəzərdən keçirilib, müalicə taktikası razılaşdırılıb. Eyni zamanda psixoloqlar yaralılarla və onların yaxınları ilə işləyir. Hazırda 20 xəstə nəzarətdədir, onlardan altısı reanimasiya şöbəsindədir. İki xəstə travmatologiya şöbəsinə köçürülüb”, – deyə bu gün Mangistau vilayətinin səhiyyə idarəsindən bildirilib.

Dünən yerli həkimlərə dəstək məqsədilə Astanadan mütəxəssislər gəlib. Aktauya dərman vasitələrindən ibarət xüsusi yük də Aktobe vilayətindən göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR