Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, dünyaca məşhur Reuters agentliyi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı sensasiyalı məlumat yayıb. Agentlik bildirir ki, Azərbaycandakı istintaq prosesində iştirak edən 4 rəsmi şəxs təyyarənin Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulduğunu təsdiqləyib.
Bu açıqlama artıq həm yerli, həm də beynəlxalq mediada geniş rezonans doğurub. Mülki aviasiya üçün belə bir hücumun təsdiqlənməsi həm beynəlxalq hüquq baxımından, həm də Azərbaycan-Rusiya münasibətləri üçün ciddi əhəmiyyət kəsb edir.
Bu açıqlamalar hadisənin təsadüfi qəza olmadığını göstərir və məsuliyyətin birbaşa Rusiya HHM qüvvələrinə aid olduğunu təsdiqləyir. Təyyarənin vurulması ilə bağlı ilkin şübhələr, gövdəsində aşkarlanan dəliklər və GPS siqnallarının bloklanması ilə bağlı məlumatlar, artıq faktlarla dəstəklənir.
Musavat.com xatırladır ki, hadisə 25 dekabrda baş verib. Bakı-Qroznı reysi üzrə hərəkət edən AZAL-a məxsus Embraer 190 təyyarəsi, Qroznıya yaxınlaşarkən rabitə sistemlərinin sıradan çıxması səbəbilə marşrutundan kənara çıxıb və Kazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 sərnişin sağ qalıb. Sağ qalan sərnişinlər əsasən təyyarənin arxa hissəsində oturanlar olub. Qəza yerindən əldə edilən görüntülərdə təyyarənin gövdəsində şrapnelə bənzər dəliklər və qanad hissəsinin tamamilə qopduğu aşkar edilib. Bu, hadisənin bir raket zərbəsi ilə baş vermiş ola biləcəyinə dair iddiaları gücləndirib.
Reuters-in yaydığı bu məlumat beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Müxtəlif aviasiya təhlükəsizliyi ekspertləri və beynəlxalq təşkilatlar artıq Rusiyaya qarşı ciddi araşdırma tələbləri ilə çıxış ediblər. Beynəlxalq Aviasiya Təşkilatı (ICAO) və digər qurumlar məsələni diqqətdə saxladıqlarını bildiriblər.
Rusiya indiyədək bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin mütəxəssislər və siyasi analitiklər bildirirlər ki, belə bir hadisənin inkar edilməsi və ya məsuliyyətin üzərindən atılması iki ölkə arasında ciddi diplomatik gərginliyə səbəb ola bilər.
Azərbaycan isə hər zaman beynəlxalq hüququn prinsiplərinə riayət etdiyini nümayiş etdirib. Rusiya tərəfindən belə bir faciə ilə bağlı səmimi etiraf və üzrxahlıq gözlənilir. Bu, həm beynəlxalq ictimaiyyət qarşısında, həm də Azərbaycanla münasibətlərdə gərginliyin qarşısını almaq üçün zəruridir.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ