Onlayn ictimai-siyasi qəzet
İsrail HƏMAS-ın “döyüş maşınına” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan deyib ki, BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər:
“Siz HƏMAS İsrail xəstəxanalarına raketlər atdığı zaman Şuranı heç vaxt çağırmadığınız üçün üzr istəməlisiniz. HƏMAS Qəzzada nəzarətsiz döyüş maşını qurarkən, illərdir başınızı quma soxduğunuz üçün üzr istəyin”.
İsrail- HƏMAS müharibəsi bir daha göstərdi ki, BMT-nin əslində, adı qalıb. Qurum üzərinə düşən missiyanın öhdəsindən gələ bilmir.
BMT Təhlükəsizlik Şurası ona olan gözləntiləri doğrultmur, funksionallığı yox dərəcədədir və böyük qüvvələr arasında siyasi polemika meydanını xatırladır.
I Qarabağ müharibəsi dövründə Ermənistandan, Qarabağın özündən və 7 ətraf rayondan 1 milyonadək insan məcburi şəkildə ermənilər tərəfindən qovularkən, hər cür zorakılığa məruz qalarkən, beynəlxalq təşkilatlar müşahidəçi göndərmədilər. BMT 30 il ərzində ermənilərin razılığını alıb əraziyə missiya göndərə bilmədi və 4 qətnaməsi də havada qaldı. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını azad etdi və BMT-nin də qətnamələri bu yolla qüvvəyə minmiş oldu.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, hüquqşünas Günel Səfərova mövzunu Musavat.com-a şərh edərkən bildirdi ki, BMT TŞ-nin siyasi nüfuzu yoxdur. O xatırlatdı ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul edilməsinə baxmayaraq Ermənistan buna əməl etmirdi: “Sözügedən qətnamələrin yerinə yetirilməsi ilə bağlı tədbirlər intensiv təşkil olunmurdu. Halbuki, Fransanın təşəbbüsü ilə Ermənistana görə ən azı iki dəfə iclas çağırılıb. Hər iki iclasda Ermənistanın iddiaları fiaskoya uğradı qeyd olunub. Amma nəticə göz önündədir- Zelenskini alqışlayanlar Paşinyanı da alqışlayırlar. Qərb institutlarının hər hansı hüquqi mexanizmləri, ciddi nüfuzu yoxdur, daha çox siyasiləşmiş qurumlardır. Hüquq və məhkəmə ilə bağlı qurumlar da siyasiləşib”.
G.Səfərova İsrail-Fələstin müharibəsi ilə bağlı vəziyyəti belə şərh etdi:
“Azərbaycanın İsrail ilə güclü diplomatik münasibətləri, hərbi əməkdaşlığı var, müttəfiqimizdir. Qəzzada baş verən insanlıq dramını göz önünə gətirəndə qeyri-bərabər gücün tətbiqindən söhbət gedə bilər. HƏMAS terror təşkilatıdır, bu münaqişə uzun illərdir davam edir. Hesab edirəm ki, bu məsələ təcili həll olunmalıdır. İstənilən halda hədəf dinc əhali olmamalıdır. Srebrenitsa qətliamı Avropa hərbi qüvvələrinin hərəkətsizliyi nəticəsində baş verib. Yəni hüquq təminatçısı olan təşkilatlar artıq siyasiləşiblər. Hər hansı ölkə ilə münasibətlər yaxşıdırsa, o ölkəyə aid məsələləri gündəmə gətirirlər, pisdirsə, yerindəcə boğurlar”.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ