Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın həyata keçirdiyi meqalayihələr artıq Avrasiyanın enerji və nəqliyyat xəritələrini dəyişib, çoxtərəfli əməkdaşlıq üçün səmərəli formatların yaradılmasına gətirib çıxarıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac edilib ki, bu da bir il əvvəlkindən 9,3 faiz çoxdur. Ümumiyyətlə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya nəql olunan qazın ümumi həcmi 2020-ci il dekabrın 31-dən bu il sentyabrın ortalarına qədər təxminən 40 milyard kubmetr təşkil edib”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin sədr müavini, COP29-un keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat əlavə edib ki, 2026-cı ilin əvvəlinə qədər TAP-ın nəqletmə qabiliyyəti ildə 1,2 milyard kubmetr qaz artırılacaq. Bəzi Qərb siyasətçilərinin böhtanları və ikili standartlarının əksinə olaraq, Azərbaycan bütün öhdəliklərini yerinə yetirib və istər ənənəvi enerji sahəsində razılaşmalar, istərsə də enerji sahəsində sürətlə inkişaf edən təşəbbüslər üzrə gələcəkdə də ardıcıl əməkdaşlığa sadiqdir. Söhbət xüsusilə, respublikanın 2030-cu ilə qədər və sonrakı illərdə inkişafının əsas prioriteti kimi “təmiz ətraf mühit” və “yaşıl inkişaf” konsepsiyasının həyata keçirilməsi, o cümlədən bərpa olunan enerji mənbələri nəslinin inkişafı üzrə ölkəmizin öhdəliklərindən gedir. Burada enerji mənbələri, yaşıl enerji zonalarının yaradılması, neft və qaz əməliyyatlarının dekarbonlaşdırılması, enerji səmərəliliyi və elektrik mobilliyinin tətbiqi sahəsində görülən işlər xüsusi vurğulanmalıdır".
Millət vəkilinin sözlərinə görə, ölkəmiz 2030-cu ilə qədər milli və beynəlxalq səviyyədə iddialı meqalayihələr həyata keçirməyi planlaşdırır ki, bu da bizə yaşıl inkişaf ölkəsi və bərpa olunan enerji təchizatçısına çevrilməyə imkan verəcək. Ümumiyyətlə, Azərbaycanda 2030-cu ilədək istifadəyə veriləcək ümumi gücü 2250 MVt olan günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerji mənbələrinin payını 35,5%-ə çatdıracaq. Bu, təkcə 30%-lik hədəfimizi yeniləmək deyil, həm də milli enerji şəbəkəmizdə günəş və külək enerjisinin payını yeddi dəfədən çox artırmaq deməkdir. Bu dövr üçün əsas strateji hədəflərdən biri təxminən 5 GVt səviyyəsində əlavə enerji potensialının yaradılması və bu enerjinin Xəzər-Qara dəniz-Avropa və Azərbaycan-Türkiyə vasitəsilə Avropaya ixracını təmin etməkdir. Yaxın gələcəkdə isə “yaşıl” elektrik enerjisinin Mərkəzi Asiya ölkələrindən ölkəmizin ərazisi vasitəsilə Avropaya ixracı imkanları nəzərdən keçirilir və bununla bağlı 2024-cü il mayın 1-də “Yaşıl” elektrik enerjisinin Daşkənddə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Enerji Sistemlərinin İnteqrasiyası üzrə Əməkdaşlıq” sənədi imzalanıb. Əgər bu regional yaşıl enerji dəhlizləri bir-birinə bağlanarsa və Avropaya yönələrsə, 2030-cu ilə qədər Azərbaycan həm özü, həm də Asiyadan Avropaya geniş coğrafiyada yerləşən ölkələr üçün alternativ enerjiyə keçidə mühüm töhfə verəcək".
Fatma Yıldırım xatırladıb ki, bu təşəbbüslərin həyata keçirilməsi prosesində ölkəmiz Qarabağ regionunda fəal şəkildə “yaşıl” enerji zonası yaradır: "İşğaldan azad edilmiş ərazilərdə iyirmiyə yaxın kiçik su elektrik stansiyası da yenidən qurulub və tikilib. Oxşar layihələr Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir, burada günəş stansiyaları və su elektrik stansiyaları tikilir, o cümlədən elektrik xətləri çəkilir, yarımstansiyalar modernləşdirilir. Qarabağda bərpa olunan enerji mənbələrinin potensialının inkişafı istiqamətində növbəti addım Azərbaycan hökuməti ilə Cəbrayıl rayonunda Solar Limited şirkəti arasında Şəfəq Günəş Elektrik Stansiyasının (GES) layihəsi üzrə investisiya sazişinin imzalanması olub. Bütün bunlar Azərbaycanın iqlim dəyişiklikləri ilə qlobal mübarizədə verdiyi mühüm töhfələrdir".
Afaq Mirayiq,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ