Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycandan, öz dədə-baba yurdlarından didərgin salınan 300 minə yaxın azərbaycanlının ləyaqətli şəkildə yurd-yuvalarına qayıtması məsələsi Azərbaycan dövlətinin siyasətinin prioritetləri sırasındadır. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qərargahında qurumun İdarə Heyəti ilə görüşərkən qəti mövqeyini bəyan etmiş və sonrakı dönəmdə Qərbi Azərbaycan Konsepsiyasının qəbulu ilə faktiki olaraq bu məsələ ilə bağı güzəştsiz siyasətin sərgilənəcəyi bir daha ortaya qoyulmuşdu.
Dövlət başçımız Qərbi Azərbaycan İcması üçün məhz vaxtilə Qarabağdan məcburi köçkün düşənlərlə bağlı yaradılmış qurumun yerləşdiyi ünvanın seçilməsinin təsadüf olmadığını vurğulamışdı. Demişdi ki, “bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”. Düşməni və havadarlarını kifayət qədər narahat edən mövqedir, amma gec-gez baş verəcək, çünki həm İlahi ədalət, həm də beynəlxalq hüquq bunu tələb edir.
Bunun qarşılığında Qarabağ erməniləri ilə bağlı iddiaların dövriyyəyə buraxılması da məkrli niyyətdən xəbər verir. Ancaq ermənilər anlamaq istəmirlər ki, Qərbi Azərbaycan azərbaycanlılar üçün Vətənin bir parçasıdır, ancaq Azərbaycanın təkliflərinə rəğmən, Qarabağdan çıxıb gedən bir ovuc erməni yad torpaqda qalmağın mənasız olduğunu anladı, onlar buraya gəlmə olduqlarını davranışları ilə təsdiqlədilər. İşğal dövründə darmadağın etdikləri, inkişafına çalışmadıqları, hətta özlərinə normal ev-eşik tikmədikləri Azərbaycan torpağını abadlaşdırmaqdansa, əllərindən gələn pislikləri etmişdilər. Belə olduğu halda, öz istəkləri ilə Qarabağdan köçən ermənilərin geri qayıdışı ilə bağlı sərsəm iddiaların dövriyyəyə atılması həm də öləziməkdə olan separatizm xülyalarını yenidən gündəmə gətirmək, xüsusilə də sentyabrın ilk günlərində “miatsum” xəstəliyinə yoluxmuş canilərə əlavə oksigen vermək niyyəti güdür heç şübhəsiz.
Belə sərsəm təşəbbüslə çıxış edənlərdən biri, Ermənistanın revanşist sabiq xarici işlər naziri Vardan Oskanyan yenə xortlayıb. Xortlayan kimi də ağzını açıb növbəti dəfə Azərbaycan tərəfə hürüb, “artsax” xülyasını reallıq kimi yerli və beynəlxalq ictimai rəyə sırımağa cəhd edib. Üzdəniraq “Artsax xalqının kollektiv repatriasiyası (dönüş - red.) komitəsi” adlı təxribatçı qurumun koordinatoru olan V.Oskanyan öncə iddia edib ki, guya beynəlxalq birlik ermənilərin Qarabağa qayıdışı məsələsini müzakirə etməyə hazır olduğunu nümayiş etdirir: “Lakin bu məsələ irəliləməsi üçün danışıqların gündəliyinə daxil edilməlidir. Ermənistan ictimaiyyəti və "artsax"dan olan qaçqınlar hakimiyyətə təzyiq göstərməli, qayıdış məsələsinin (Bakı ilə - red.) danışıqların gündəliyinə salınmasını tələb etməlidir. Bu, özlüyündə Ermənistan üçün heç bir təhlükə ehtiva etmir. Mən buna əminəm və sübut edə bilərəm”. Sabiq nazir ardınca siyasi iştahasını bir az da artıraraq, “artsax sakinlərinin öz vətənlərinə hansı statusla qayıda biləcəyinə” aydınlıq gətirib: “Bu sual bizim görüşlərimiz zamanı tez-tez səslənir və mən həmişə cavab verirəm ki, qayıdış kollektiv və beynəlxalq təhlükəsizlik təminatları altında olmalıdır. Təbii ki, bizdən bunu necə təsəvvür etdiyimiz də soruşulur. Biz isə Kosovonun nümunəsini misal çəkirik”. Onun sözlərinə görə, Kosovoda olduğu kimi, Qarabağda da “artsax və BMT nümayəndələrinin iştirakı ilə birgə administrasiya” yaradılmalıdır: “Bu, minimum 3-5 il müddətinə keçid dövrü üçün idarəetmə ola bilər. Həmin müddətdə administrasiya Avropa Parlamentinin qəbul etdiyi qətnamənin tələb etdiyi kimi, Azərbaycanla danışıqlar aparıb "artsax"ın gələcək statusunu müəyyənləşdirməli, BMT-nin sülhməramlı qüvvələri "artsax"a yerləşdirilməlidir”, - deyə Oskanyan sərsəmləyib. Bu zaman unudub ki, bayırda 2024-cü ildir. Yəni bir ildir Qarabağda erməni separatizminin kökü kəsilib. İndi ermənilərin qayıdışı ən yaxşı halda “güzgü prinsipi” üzrə qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsi ilə paralel qoyulur. O da Qarabağda yaşamış erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi halda. Başqa sözlə, niyə soydaşlarımız üçün də Kosova variantı olmasın? Yoxsa ermənilər “köynəkdə” doğulub deyə, onlara xüsusi imtiyaz tanınmalıdır? Doğrudanmı bu Suriya ermənisi xəyal edir ki, Laçın yolu işğal dövründəki kimi hələ də “karvansara qapısı” olaraq qalır və rəsmi Bakı Azərbaycanın Konstitusiyasını və bayrağını saymayan bir ovuc quldur-separatçını təzədən Qarabağda yerləsdirməyə razı olar? Bu zat, görəsən, hansı planetdə yaşayır? Başqa yandan, Azərbaycan Avropa İttifaqının üzvü deyilsə, ermənipərəst Avropa Parlamentinin qərəzli qərarlarının Bakı üçün hansı hüquqi dəyəri və ya məcburi qüvvəsi ola bilər?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın yaratdığı yeni reallıqlardan danışdı: “Qarabağ məsələsi bitib, Azərbaycan ərazi bütövlüyünü təmin edib, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenlik bərpa edilib. Bunu hətta Azərbaycana düşmən kəsilən mərkəzlərin tamamı, o cümlədən Ermənistan hakimiyyəti və cəmiyyəti qəbul etsə də, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hələ də müqavimət göstərməyə çalışır. Bu şəxs xəstə təfəkkürə malikdir. 1990-cı illərin sonunda ondan İrəvanda müsahibə almışam və bu şəxsin reallığı necə inkar etdiyini o zaman özüm üçün müəyyənləşdirmişəm. Vardan Oskanyan hazırda oyundankənar vəziyyətdə qalıb, nə hakimiyyətdə, nə də müxalifətdə təmsil olunub. O, sadəcə, öz varlığını göstərmək üçün "Artsax xalqının kollektiv dönüş komitəsi" adlı təxribatçı qurum yaradıb". E.Şahinoğlu əminliklə bildirdi ki, xəstə düşüncəli sabiq nazirin bu fəaliyyətinə Ermənistanın özündə diqqət yoxdur: “Çünki erməni cəmiyyəti yaxşı anlayır ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etmədən bölgəyə qayıda bilməzlər. Vardanyan isə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan bu haqlı tələbini inkar etməyə çalışır. Oskanyan Qarabağ mövzusunun danışıqlar predmeti olmasına çalışsa da, Ermənistanın baş naziri Nikol Paşinyan mövcud reallıqları anlayaraq müzakirələrin hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması şəklində aparılmasına tərəfdardır. Vardan Oskanyan öz ölkəsində nəticə əldə etmədiyini anlayaraq Qətb ölkələrində sülənməyə başlayıb. O, xarici ölkələrdəki görüşlərində Kosovo modelinin Qarabağa tətbiqi üzərində "təkliflər" verir. Başdan-ayağa absurd təklifdir. Birincisi, Kosovo modeli ermənilər üçün bu qədər cəlbedici təklifdirsə, niyə İrəvan bu vaxta qədər Kosovonun müstəqilliyini tanımayıb? İkincisi, Kosovo həm də ona görə nümunə ola bilməz ki, bu bölgənin yüksək muxtariyyəti yoxdur. Kosova dövlətdir və bu dövləti tanıyanların sayı çoxdur. Oskanyanın xarici ölkələrdə nə danışmasından asılı olmayaraq, onu qəbul edənlər keçmiş diplomatı dinləməklə kifayətlənirlər".
Qafar Çaxmaqlı
Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə bildirdi ki, Vardan Oskanyan kimi sabiq separatizm dəstəkçiləri yenidən siyasi həyata girmək üçün bu metodu seçiblər: “Qarabağa ermənilərin dönüşü məsələsini cəlbedici siyasi vasitə kimi bu məqsədlə istifadə etmək istəyirlər. Kosovo variantı da bu şəxsin "yaradıcılığı"dır. Xalq arasında belə bir ümid yaratmağa çalışılır ki, Kosovo albanları da ölkələrindən çıxmışdılar, amma dövlət statusu ilə döndülər. Qarabağ erməniləri də belə edə bilərlər. Amma həmin toplumla Kosovo albanlarının fərqli statusu olduğunu bu nadan unudur. Qarabağ Azərbaycan torpağıdır və burada başqa qanunlar işləmir, oradan çıxan erməni o halda dönə bilər ki, Azərbaycan vətəndaşı olsun və Qarabağda törədilən cinayətlərdə əli olmasın". Q.Çaxmaqlı qeyd etdi ki, buradan gedən ermənilərin çoxu cinayətkardır, 30 il ərzində bulaşmadıqları cinayət qalmayıb: “Bakı bunların heç birinə göz yummayacaq və Qarabağ artıq elə bir ərazi deyil ki, kimsə əlini-qolunu sallayıb buraya girib-çıxsın. Mən Qarabağ ermənilərinin dönüş məsələsini heç vaxt qərbi azərbaycanlıların qayıdışı ilə eyniləşdirmirəm. Bu, tamamilə başqa prosesdir. Qarabağ erməniləri ilə bağlı Ermənistanda hansısa qurumun yaradılması separatizmin xortlamasıdır, Azərbaycana qarşı revanşizmin təzahürüdür. Adekvat cavabı olmalıdır. Ermənistan hakimiyyəti buna imkan verirsə, məsuliyyəti də o daşımalıdır”.
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ