İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya atəşkəsə qəti yox dedi! - Kreml İstanbuldan əsirləri götürdü, sülhü isə...

"Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüşün keçirilməsinin də əleyhinədir. Rusiya və Ukrayna nümayəndələri İstanbulda sadəcə əsirlərin dəyişdirilməsinə razılaşıblar. İki İstanbul görüşü hələ ki, əsirlərin dəyişdirilməsiylə yadda qalıb".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz sosial media hesabında qeyd edib.

Politoloq ehtimal edir ki, iyun ayının sonunda keçirilməsi planlaşdırılan növbəti görüş də İstanbulda keçiriləcək:

"Bunun özü Türkiyənin bölgədə və dünyada artan rolundan xəbər verir. Ankaranın müharibə aparan Moskva və Kiyevlə dialoq imkanları mövcuddur. Bu da Türkiyənin vasitəçi rolunu artırıb.

Bəs Kreml 30 günlük atəşkəsə niyə razılaşmır?"

Elxan Şahinoğlu bildirib ki, bunun bir neçə səbəbi var:

"Birincisi, 30 günlük atəşkəsdən sonra yenidən müharibəyə başlamaq Rusiya üçün çətin olacaq. Digərləri kimi Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub, ancaq buna açıq etiraz edə bilmir. Ancaq əgər 30 günlük atəşkəsdən sonra Kreml yenidən müharibəyə başlayarsa, bu, Rusiya cəmiyyətində narazılığı açıq müstəviyə keçirə bilər. Kreml sahibi bu baş verməsin deyə, müharibədə fasilə vermək istəmir.

İkincisi, 30 günlük atəşkəs təklifi qəbul olunarsa, bu, müddətin daha da uzanması ehtimalı yaranacaq. Kreml isə saxta referendumla Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirib, ancaq işğalçı ordu hələ həmin bölgələrin administrativ sərhədlərinə çıxa bilməyib.

Atəşkəs olarsa, Rusiyanın həmin bölgələrin tamamının işğalı mümkün olmayacaq. Yəqin Rusiya prezidenti Vladimir Putin düşünür ki, nə qədər ki, müharibədə fasilə verməyib, döyüşlər vasitəsilə bölgənin sərhədlərinə çıxmaq lazımdır. Halbuki, Kreml sahibini ətrafının yarıtmaz fəaliyyəti daha çox düşündürməlidir".

E. Şahinoğlu qeyd edib ki, Ukrayna kəşfiyyatının müharibədən uzaq ərazidə bombardmançı təyyarələri məhv etməsi Rusiyada idarəetmə sisteminin səhlənkarlığından xəbər verir:

"Putin Ukraynanın yarısını işğal etməyi düşünərkən müharibə onun evinin içərisinə qədər alovlanıb. Kreml sahibini bu daha çox düşündürməlidir. Müharibə davam etdikcə, Ukrayna kəşfiyyatı Rusiya ərazisində başqa əməliyyatlar da həyata keçirəcək".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR