Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiyanın hərb tarixinə şok hadisə kimi düşəcək əməliyyat baş verib. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya ərazisinin dərinliklərində keçirdiyi xüsusi dron hücumu ilə Moskvanın strateji aviasiyasına ağır zərbə endirib.
Musavat.com xəbər verir ki, Ukrayna kəşfiyyatı Murmansk və İrkutsk vilayətlərində yerləşən iki mühüm hərbi bazaya – Olenya və Belaya aerodromlarına gizli şəkildə sızaraq, kütləvi pilotsuz hücum həyata keçirib.
“Hörümçək toru” kod adı verilən əməliyyat çərçivəsində Ukrayna tərəfi 117 ədəd FPV tipli kamikadze drondan istifadə edib. Hər biri təxminən 1000 ABŞ dolları dəyərində olan bu dronlar vasitəsilə Rusiya ordusunun milyardlarla dollarlıq strateji aviasiyası ciddi şəkildə sıradan çıxarılıb.
İlkin qiymətləndirmələrə əsasən, hücum nəticəsində 40-dan çox strateji bombardmançı – Tu-95 və Tu-22M3 tipli təyyarələr, eləcə də A-50 erkən xəbərdarlıq sistemi daşıyan hava gəmisi məhv edilib və ya ciddi zədələnib. Ümumilikdə Rusiya Hərbi Hava Qüvvələrinin strateji bombardmançı potensialının 34 faizi sıradan çıxıb.
Əməliyyatın ən diqqətçəkən tərəfi isə hücumun Ukrayna ərazisindən deyil, birbaşa Rusiya daxilindən təşkil olunmasıdır. Məlumata görə, FPV dronları Rusiya ərazisinə yük maşınları ilə gətirilərək, hərbi bazaların yaxınlığında gizlədilib və daha sonra koordinasiyalı şəkildə işə salınıb. Bu isə Ukrayna xüsusi xidmət orqanlarının Rusiya ərazisinin dərinliklərində effektiv fəaliyyət göstərdiyini göstərir.
Əməliyyat UTX rəhbəri, general Vasili Malyukun nəzarəti altında planlaşdırılıb və icra olunub. Ukrayna mediası və müstəqil hərbi mənbələr bu hücumu simvolik və taktiki baxımdan Rusiya üçün sarsıdıcı zərbə kimi dəyərləndirirlər. Həm də bu, Rusiya ərazisində həyata keçirilmiş ən genişmiqyaslı və effektiv daxili diversiya əməliyyatı kimi tarixə düşə bilər.
UTX-in son günlərdə Rusiyada keçirdiyi digər əməliyyatlar da diqqətdən yayınmır. Belə ki, Mariupolda mülki əhalinin kütləvi qətliamında iştirak etmiş Rusiya ordusunun zabiti, mayor Zaur Qurtsiyev Stavropolda Ukrayna xüsusi xidmət orqanları tərəfindən aradan götürülüb.
Qeyd edək ki, o, hadisə zamanı Stavropol şəhər merinin müavini vəzifəsini icra edirdi.
Müşahidəçilər qeyd edirlər ki, bu əməliyyatlar Rusiya kəşfiyyatının ciddi boşluq buraxdığını nümayiş etdirir. Kreml xüsusi xidmətləri hazırda digər ölkələrə qarşı kiberhücum və təxribatlarla məşğul olduğu üçün ölkənin içində baş verən real təhlükələri gözdən qaçırır.
Azərbaycan Müdafiə Nazirliyinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a açıqlamasında bildirib ki, bu, Ukrayna kəşfiyyatı tərəfindən aylarla hazırlanmış əməliyyatdır:
“Murmansk və Kursk sərhəddən 5 kilometr uzaqda yerləşir. Dronlar isə Ukraynadan deyil, elə Rusiyanın öz ərazisindən yönəldilib. Bunu Rusiya rəsmiləri də açıqlama verib təsdiq etdilər. Vurulan təyyarələr strateji əhəmiyyət kəsb edir, hava məkanında bir dəfəyə 12-15 min kilometr məsafəni yanacaq doldurulmadan uçuş edə bilirlər. Onlar nüvə silahını daşıyan təyyarələrdir və artıq Rusiyada istehsal olunmur, indi 17 ədəd qalıb. Sovet dövründə istehsal olunublar. Bu təyyarələr Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bu əməliyyat Rusiyanın aviasiya parkına böyük bir zərbədir.
“Hörümçək toru” əməliyyatı Rusiyanın xarici kəşfiyyatının nə qədər zəif olmasını göstərdi. Xüsusi xidmət orqanları qabaqlayıcı addım kimi heç nə etməyib. Çünki ölkənin daxilində aparılan əməliyyatdan xəbərsiz olublar. Bu, Rusiyaya böyük bir zərbədir. Üç ildir ki, Ukrayna ilə müharibə gedir, ancaq Rusiya heç bir mühüm irəliləyiş əldə edə bilmir. Bir kəndi ələ keçirəndə isə bunu böyük bayram kimi təqdim edir. Rusiya özündən kiçik ölkələrə qarşı təxribat törədir, hədə-qorxu dilində danışır. Halbuki Rusiya Federal Təhlükəzislik Xidməti daxildəki problemlərlə məşğul olmalıdır. Bu ölkənin milli azlıqlarla ciddi problemi var. Məsələn, Tatarıstanda tatarlar öz dillərində cəmi 4 saat təhsil ala bilərlər. Bu da onların narazılığına səbəb olur. Başqırdıstanda da ayrı problemlər yaşanır. Bu, Rusiyanın daxilindəki narazılıqları göstərir.
Gələcəkdə böyük bir inqilabi partlayış ola bilər. Çünki Rusiya xüsusi xidmət orqanları o qədər zəifdir ki, öz ərazisindən qalxan dronların haradan buraxıldığını bu gün də müəyyən edə bilmir.
Rusiyanın milli azlıqlar yaşayan ərazilərinə də bu proseslər gedir. Bu yaxınlarda tatarlarla görüşdüm, bunu onlar da etiraf etdilər. İnsanları böyük məbləğdə pulun müqabilində döyüşlərə aparırlar. Şimali Koreyadan, Afrika ölkələrindən muzdlu döyüşçülər gətirirlər. Rusiyanın canlı resursu və maliyyəsi artıq çökür. Üç ildən çoxdur ki, Ukrayna ilə müharibə aparır, iqtisadiyyatı buna nə qədər tab gətirə bilər ki?!
Ağır tonnajlı gəmilərinə ağır sanksiyalar tətbiq olunsa, Rusiyanın iqtisadiyyatı çox geri düşəcək. Bütün su hövzələrində Rusiya gəmilərinə sanksiya qoyulması məsələsi qaldırılıb, bu, ağır zərbədir. Bu müharibə Ukrayna xalqı öz ərazi bütövlüyünü təmin edənə qədər davam edəcək”.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ