İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi azərbaycanlılar hüquqlarını necə bərpa etsin - Ermənistanın növbəti hiyləsi

Əsabəli Mustafayev: “Rusiya bu regiondan çıxandan sonra bütün o məsələlər, problemlər öz həllini daha tez tapacaq”

Son vaxtlar Ermənistan növbəti hiyləyə əl atıb. Onlar bu dəfə Azərbaycanda, Qarabağda yaşayan ermənilərin hüquqları məsələsi ətrafında şou düzəldirlər.

Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, digər vətəndaşlar kimi erməni vətəndaşların da hüquqları qorunacaq, onların təhlükəsizliyinə təminat verilir. Ancaq Ermənistan rəsmiləri yenə də hansısa status məsələsini qabardır və spekulyasiyalar edir.

Qərbi Azərbaycan İcması bununla bağlı olduqca arqumentli bir bəyanat yayıb.

Bəyanatda deyilir: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmilər bugünlərdə verdikləri bəyanatlarında Azərbaycanda yaşayan ermənilərin hüquqları məsələsi ilə bağlı spekulyasiya edərək ölkəsinin aqressiv və riyakar siyasətini nümayiş etdirməkdə davam edir.

Xatırladaq ki, Ermənistan hökuməti bu ölkədə vaxtilə kompakt şəkildə yaşamış yüz minlərlə azərbaycanlının hamısını qovub və onların mədəni irsini sistemli şəkildə dağıdıb. Ermənistan hökuməti həmin insanların qanuni təmsilçisi olan Qərbi Azərbaycan İcmasının qayıdış hüququnun təmin edilməsi üzrə dialoqa başlamaq çağırışlarına cavab vermir.

Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmaq hüququnu təmin etməkdən nümayişkaranə şəkildə imtina etməsi azmış kimi, Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunması bəhanəsi altında Azərbaycan Respublikasının ərazi bütövlüyünə zidd olan və dövlətlərin daxil işlərinə qarışmaq prinsipini pozan yanaşma sərgiləyir. Ermənistan rəsmiləri Azərbaycanda yaşayan ermənilərlə bağlı hansısa beynəlxalq mexanizm yaradılması kimi sərsəm ideyalarını səsləndirməkdə davam edirlər".

Bəyanatda daha sonra vurğulanır ki, Ermənistan hökumətinin Qərbi Azərbaycan İcmasının dialoq çağırışını cavabsız qoyması və Azərbaycan hökumətinin dialoq dəvətinə mənfi cavab vermiş və Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar qarşı çıxan separatist ünsürlər üçün hansısa beynəlxalq mexanizmin yaradılmasına çalışması bu ölkənin destruktiv siyasətini göstərir:

“Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətdən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı tələb edir”.

Qərbi azərbaycanlıların dədə-baba torpaqlarında icma halında yaşama hüququnun tanınması üçün bir neçə ay öncə rəsmi işlər başlamışdı. Bu, Ermənistanın “vətəndaşların təhlükəsizliyi” iddialarına qarşı ən tutarlı bir arqumentdir. Nədənsə son vaxtlar bu yöndə təbliğat azalmış kimi görünür. Hazırda işlər hansı səviyyədədir? Beynəlxalq məhkəməyə müraciətlər göndərilibmi? Ermənistan bu istiqamətdə müzakirələrə başlamazsa, hansı hüquqi yolu seçməyimiz effekt verər?

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev tezliklə sülh müqaviləsinin əldə olunacağına inanır: “Hazırkı dövrdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması imkanları real görünür. İmkanlar artıq çox genişlənib. Bu sülh müqaviləsinin bağlanmasında dünyanın aparıcı ölkələrinin-Amerika və digərlərinin-istəkləri çoxdur. Çünki onların bu regionda iqtisadi maraqları çox böyükdür. Onları enerji ehtiyatlarının təhlükəsiz daşınması, beynəlxalq nəqliyyat yollarının işlənməsi daha çox maraqlandırır. Ona görə də güman edirəm ki, onlar bu sülh danışıqlarına böyük dəstək verirlər. Burada sülh müqaviləsinin bağlanmasında yeganə marağı olmayan ölkə Rusiyadır. Çünki Kreml hesab edir ki, sülh müqaviləsi bağlanan kimi bu artıq ona regionda marağın itməyinə səbəb olacaq və nəticədə bu regionu tərk edə bilər. O isə bunu istəmir. Ona görə ki, əsrlərlə bu regionda öz qüvvələrini, təsirini saxlayır. Rusiyanın elə bir iqtisadi qüdrəti yoxdur ki, iqtisadi rıçaklarla dünyanın hansısa regionunda öz mövcudluğunu təmin etsin. Bu dövlət hər zaman ancaq zor gücü ilə hər hansı bir regionda özünü saxlaya bilib. Sülh müqaviləsinin şərtləri qəbul edildikcə onun ətrafında gedən müzakirələr daha da sərtləşir. Bu da əslində gözləniləndir. Çünki həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində bu müqavilənin şərtlərinə baxışlar müxtəlifdir. Yada salmaq lazımdır ki, əsrlərlə bu ölkə arasında münaqişələr, konfliktlər olub. Bunu da qızışdıran ölkələr olub. Bu ölkələr sırasında da Rusiya öndə gəlir. Əsrlərlə beyinlərdə, zehinlərdə insanlar nifrət, düşmənçilik hisslərini yaşadıblar. Xüsusilə 1988-ci ildən sonra başlanan müharibədə insanların qırılması, müharibənin getməsi, baş verən dağıntılar, əlbəttə, birdən-birə yaddaşlardan silinməyəcək. Həm də Ermənistan hakimiyyətinin öz ölkəsində mövqeyi zəifdir. Çünki Ermənistan cəmiyyəti parçalanıb, böyük bir hissə Rusiyanın, onun ideologiyasının təsiri altındadır. Rusiya onlara böyük təsir göstərə bilər. Dediyim kimi, Rusiya bu müqavilənin bağlanmasını heç istəmir. Buna görə də Ermənistan hökuməti müxtəlif manevrlər etməyə məcburdur ki, ölkədəki ictimai, siyasi, sosial qrupları razı sala bilsin, nəticədə narazılıqların, iğtişaşların baş verməsi, hakimiyyət çevrilişi yaşanmasın. Reallıq bunu tələb edir. Ancaq getdikcə sülh müqaviləsinə yaxınlaşacağıq və çox uzun zaman keçməyəcək ki, sülh müqaviləsinin bağlanmasının şahidi olacağıq”.

Hüquqşünas çox vacib bir məqama da toxundu: “Burada manevrlərdən biri də Qarabağda yaşayan ermənilərin taleləri ilə bağlıdır. Açıq şəkildə görünür ki, Ermənistanın güclü siyasi qüvvələri belə sülh müqaviləsinin bağlanmasını kapitulyasiya, Qarabağda yaşayan ermənilərin satılması kimi təqdim etməyə çalışırlar. Burada da müəyyən dərəcədə müvəffəqiyyət qazana bilirlər. Erməni iqtidarı da müəyyən yollara baş vurur. Hesab edirəm ki, bu danışıqlarda dövlətimiz çox düzgün mövqe tutub. Keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin hüquqi, yaşayış təminatını öz üzərinə götürür, amma eyni zamanda da bunu Ermənistandan qovulmuş azərbaycanlıların taleləri ilə bağlayır. Bu da çox güclü arqumentdir. Görünən odur ki, bu danışıqlarda bu arqument davam etdiriləcək. Beynəlxalq aləm də başa düşür ki, doğrudan da böyük bir Azərbaycan icması var. Hansı ki, vaxtilə Ermənistandan qovulublar. Ədalət də tələb edir ki, əgər Azərbaycanda yaşayan ermənilərin taleləri həll olunursa, azərbaycanlıların da taleləri həll olunsun. Mənə elə gəlir ki, müəyyən dərəcədə qarşılıqlı razılaşma əsasında dərhal olmasa da, bir müddətdən sonra bu məsələlər həll olunacaq. Azərbaycan tərəfi düz edərək, danışıqlarda öhdəlik götürür ki, ərazisində yaşayan, ölkə vətəndaşı olan ermənilərin hüquqlarını təmin edəcək, öz vətəndaşları kimi. Amma onunla razı deyiləm ki, belə bir arqument irəli sürülsün ki, ermənilərin hüquqlarının müdafiə olunması bizim daxili işimizdir. Çünki dünyada bir standart var. İnsan haqları hər bir ölkənin daxili işi deyil. Onun əleyhinəyəm ki, insan haqları daxili iş kimi təqdim edilə bilməz. Mətbuatdan görürəm ki, danışıqlarda Azərbaycan tərəfi heç də bunu belə təqdim etmir, yəni daxili işi olduğunu demir. Sadəcə, özünün vəzifəsi kimi təqdim edir ki, bəli, həmin ermənilər vətəndaşlarımdır, onların hər birinin hüquqlarını təmin edəcəm, necə ki, digər vətəndaşları etdiyim kimi. Necə təqdim olunması mətbuatda gedir. Ekspertlər, mütəxəssislər tərəfindən qeyd olunur ki, hər bir regionda yaşayan insanların seçmək, seçilmək hüquqları var. Bələdiyyələr, yerli idarəetmə orqanları mövcuddur. Bu vasitələrlə istənilən yerdə yaşayan insanlar öz hüquqlarını realizə edə bilirlər. Necə ki, digər regionlarda yaşayan etnik millətlərin nümayəndələri bunu edirlər.

Misal üçün, ləzgiləri, talışları, udinləri və digərlərini qeyd edə bilərəm. Azərbaycan dövlətinin verdiyi hüquq və vəzifələrdən istifadə edirlər. O cümlədən də Qarabağda yaşayan ermənilər də bu hüquq və vəzifələrdən istifadə edə biləcəklər. Sadəcə, burada əsas problem Rusiyadır. Bu ölkənin təsiri ilə erməni cəmiyyətində güclü şəkildə formalaşan təsir dairəsi buna imkan vermir. Düşünürəm ki, sülh müqaviləsi ilə bağlı Azərbaycan ona dəstək verən beynəlxalq güclərin, ölkələrin dəstəyinə söykənərək, addım-addım bu məsələni həll edə biləcək. Bir daha təkrar edirəm və bunu vacib sayıram. Azərbaycan Ermənistandan deportasiya edilmiş azərbaycanlıların hüquqları ilə Qarabağda yaşayan ermənilərin hüquqlarını eyni sıraya qoyur. Ən doğru olanı da budur. Biz demirik ki, sülh müqaviləsi bağlanan kimi azərbaycanlılar Ermənistana köçürüləcək. Bu dərhal alınmaya da bilər. Öncə Azərbaycan cəmiyyəti bunu hazır olmalıdır. İndi tələb oluna bilməz ki, sülh müqaviləsi o şərtlə bağlansın ki, onlar ora köçürülsün. Belə şərt müqavilənin bağlanmasını uzada bilər. Ancaq gələcəkdə bu mübarizə davam etməlidir. Bizim indiki halda ilk vəzifəmiz sülh müqaviləsinin bağlanmasıdır. Azərbaycan üçün heç bir itkilərə gedilmədən bu əldə olunmalıdır. Ölkələrarası əlaqələrin güclənməsi də burada vacib amildir. Ermənistan yavaş-yavaş Rusiyanın təsir dairəsindən çıxarılmalıdır. Bu da beynəlxalq qüvvələrin köməyi ilə edilə bilər. Ölkələr arasında əlaqələr yarandıqca düşünürəm ki, azərbaycanlıların geri qaytarılması prosesi daha da tezləşəcək. Təki həmin vaxt Rusiyanın təsiri sıfıra endirilsin. Əminəm ki, Rusiya bu regiondan çıxandan sonra bütün o məsələlər, problemlər öz həllini daha tez tapacaq. Ermənilər də Azərbaycan tərəfin verdiyi imkanlardan yararlana biləcəklər. Bu imkanları həyatlarında gördükcə, özlərini Azərbaycan vətəndaşları kimi apara biləcəklər”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR