İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Bakıya ŞANTAJ - Yeni hücum dalğası başladı 

Azərbaycanın düşmənləri ən müxtəlif platformalarda  birləşir

İnsan Hüquqları Evləri Fondu və daha 10 beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycana qarşı yeni hücumlara start verib. 11 təşkilatın İnsan Hüquqları Evləri Fondunun saytında dərc olunmuş müraciətində deyilir ki "2025-ci ilin yanvarında Azərbaycanın səlahiyyətlərinə dair səsvermə ərəfəsində AŞ PA  Azərbaycan nümayəndə heyəti yenidən təşkilata qəbul   etməzdən əvvəl ölkənin cavab verməli olduğu dəqiq meyarları hazırlamalı və əməl olunmasını təmin etməlidir". (Mənbə: “Turan”)

Bəyanatda iddia olunur ki, guya 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan parlament nümayəndə heyətini səsvermə hüququndan məhrum etməklə bağlı qərarından sonra ölkə hökuməti  hüquq müdafiəçilərinə, vəkillərə, müstəqil jurnalistlərə, müxalifətçi siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına və alimlərə təzyiqi artırıb.

“Avropa Şurası Parlament Assambleyasının üzvləri 2025-ci ildə Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin bərpası üçün aydın şərt kimi Azərbaycandan insan hüquqları sahəsində öz öhdəliklərinə əməl etməsini tələb etməlidirlər.

Beynəlxalq təşkilatlar payız sessiyasında Avropa Şurası Parlament Assambleyasına bütün qanunsuz həbs olunanların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməyi, habelə onların mülki və siyasi hüquqlarının tam bərpa olunmasına və Azərbaycanda tənqidi əhval-ruhiyyəli şəxslərin təqibinə son qoyulmasına nail olmağı tövsiyə ediblər.

Onlar həmçinin Azərbaycanın Avropa məhkəməsinin qərarlarının icrasına nəzarəti gücləndirməyi xahiş edirlər.

Bakının COP29-la şantajı da davam edir. Sözügedən bəyanatda guya hüquq müdafiəçilərinin, müstəqil jurnalistlərin və vətəndaş cəmiyyətinin digər nümayəndələrinin 11-22 noyabr tarixlərində Bakıda COP29-da iştirak etməsilə bağlı ciddi narahatlıq var.

Sənədi İnsan Hüquqları Evləri Fondu, Jurnalistləri Müdafiəsi Komitəsi, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlığı, Freedom Now, Human Rights Watch,  Hollandiya Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, People in Need, Ümumdünya İşgəncələrə Qarşı təşkilat (OMCT) və "Azərbaycanda repressiyaların dayandırılması üzrə Anar Məmmədli kampaniyası" imzalayıblar.

Rəsmi Moskva konkret addımlar atmalıdır.”- Xəyal Bəşirov

 Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, mətbuatda adları gedən bu təşkilatların bir çoxu həmişə özlərinin fəaliyyətlərində anti-Azərbaycan mövqeyi, qərəzli yanaşmaları ilə seçiliblər. Onların bu cür qərəzli mövqeyi heç də təsadüfi deyil: ““Human Rights Watch”, “Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və bir sıra təşkilatlar var ki, onların fəaliyyətlərinə baxsaq,  heç zaman Azərbaycanın insan hüquqları ilə bağlı təklif etdiyi mövzularda Azərbaycanla əməkdaşlıq etmək istəməyiblər. Ancaq  Azərbaycanı qaralamağa xidmət edən məqamları dilə gətirməyə çalışıblar. Çünki həmin təşkilatlar Azərbaycana qarşı olan dövlətlər tərəfindən sifarişlə işləyirlər, erməni diasporasının pullarından qidalanırlar. Azərbaycan hüquqi dövlətdir və insan hüquq və azadlıqları məsələləri mövzusunda bir çox beynəlxalq təşkilatlar, ABŞ kimi dövlətlərlə əməkdaşlığımız olub və mövcuddur. Amma yuxarıda adları çəkilən təşkilatlar əməkdaşlıqdan yayınıblar, qərəzli mövqelərini həmişə ortaya qoyublar. Budəfəki bəyanatları da sifarişdən və qərəzdən irəli gələn hərəkətdir. Azərbaycanın öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini bərpa etməsi, bölgədə yeni reallıqlar yaratması, müstəqil siyasət yürütməsi bir sıra dövlətləri və həmin dövlətlərin sifarişi ilə fəaliyyət göstərən təşkilatları narahat edir. Onlar bu reallıqları həzm edə bilmirlər. Ona görə də son zamanlar Azərbaycana qarşı haqsız hücumlarını genişləndiriblər. Ən müxtəlif istiqamətlərdən hücumlar təşkil edilir, qarayaxma kampaniyası həyata keçirilir”.

Ekspert vurğuladı ki, insan hüquqları məsələsi həmin təşkilatların əlində sadəcə, bəhanədir. Əslində onlar insan hüquqları və azadlıqlarına necə yanaşdıqlarını Ermənistandan yüz minlərlə azərbaycanlının qovulmasına, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün hüquqlarının ermənilər tərəfindən ayaq altına atılmasına susqunluq nümayiş etdirməklə ortaya qoyublar. Azərbaycanlıların təməl hüquqları Ermənistan tərəfindən pozulduğu zamanlarda, hətta indi də pozulmasına baxmayaraq həmin təşkilatlar buna münasibət bildirmirlər. Ona görə də həmin təşkilatları hüquq müdafiə təşkilatları kimi qəbul etməyin özü düzgün deyil: “Yüz minlərlə azərbaycanlının hüquqlarının Ermənistan tərəfindən pozulduğunu gözardı edən təşkilatların Azərbaycanda bir neçə fərdin guya hüquqlarını qoruduqlarını bəyan etməkləri və bunun üzərindən Azərbaycana qarşı kampaniya həyata keçirmələrini Azərbaycan rədd edir. İkinci Qarabağ müharibəsindən əvvəl də bu cür kampaniyalarla rastlaşırdıq. Amma ikinci Qarabağ müharibəsindən sonra və xüsusilə son zamanlar anti-Azərbaycan kampaniyası daha da genişləndirilib. Səbəbini isə yuxarıda qeyd etdik. Azərbaycanın qalib ölkə, COP-29 kimi mötəbər beynəlxalq tədbiri keçirən güclü ölkə olmasını istəməyən qüvvələr var. Həmin qüvvələr qondarma təşkilatlara bəyanat yaymaq sifarişi verirlər. Həmin qüvvələr deyəsən fərqində deyil ki, Azərbaycan özü də haqsızlıqlara görə Avropa Şurasını boykot edir. Yəni Azərbaycan onlara yalvarmır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR