İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb nəşrindən iddia - Rusiya Bakını niyə raketlə vursun?

“Financial Times”ın əldə etdiyi məxfi sənədlərdə Qərblə bağlı hədəflər inandırıcı görünsə də, Rusiyanın “qara siyahı”sında Azərbaycanın da olması kifayət qədər şübhəlidir

Rusiya donanması NATO ilə potensial münaqişə vəziyyətində Avropanın dərinliklərindəki hədəflərə qarşı nüvə başlıqlı raketlər buraxmağa hazırlayıb. Bunu “Financial Times”ın əldə etdiyi məxfi sənədlər sübut edir. Sənədlər göstərir ki, Rusiya NATO ilə sərhədlərindən xeyli kənara çıxan münaqişə ehtimalını nəzərdən keçirib.

Belə ki, Rusiya Qərbi Avropaya bir sıra kütləvi hücumlar planlaşdırıb. Hədəflər sırasında Fransanın qərb sahilindəki və Böyük Britaniyadakı obyektlər, Barrou-Furnessdəki sualtı gəmiqayırma zavodu daxildir. Sənədlərdə həm adi, həm də taktiki nüvə başlıqları daşıya bilən raketlərin hədəfləri təfərrüatlı şəkildə göstərilib. Onlar həmçinin göstərirlər ki, rus zabitləri münaqişənin əvvəlində strateji məqsədlərə nail olmaq üçün nüvə zərbələrindən istifadə etməyin məntiqli olacağına inanırdılar.

“Sənədlərdə Rusiya donanmasının müxtəlif istiqamətlərdə sürpriz və qabaqlayıcı zərbələr endirməyə imkan verən yüksək manevr qabiliyyəti vurğulanır”, - nəşr yazır. Bu materiallara əsasən, nüvə silahları digər silah növləri ilə birlikdə istifadə üçün nəzərdə tutulub. Operativ istifadədən daha çox təqdimat məqsədilə tərtib edilmiş xəritələrdə Rusiya dəniz qüvvələri üçün Avropada NATO-nun 32 hədəfi təsvir edilib. Xüsusilə Baltik Donanması Bergendəki hərbi dəniz bazası da daxil olmaqla Norveç və Almaniyadakı hədəflərə zərbə endirməlidir. Şimal Donanmasının Böyük Britaniyanın sualtı həyəti kimi müdafiə obyektlərini hədəf alacağı ehtimal edilir.

Təqdimat həmçinin Qara və Xəzər dənizlərində, eləcə də Sakit okeanda mümkün münaqişə ssenarilərini, o cümlədən Rusiyanın hazırkı müttəfiqləri olan Çin, İran, Azərbaycan və Şimali Koreya ilə mümkün müharibələri təsvir edir. NATO-nun keçmiş rəsmisi Uilyam Alburkun sözlərinə görə, bu, Avropada müəyyən edilmiş yüzlərlə, hətta minlərlə hədəfin yalnız kiçik bir hissəsidir. O qeyd edib ki, Rusiyanın bütün qitəni vura bilməsi o deməkdir ki, NATO ilə qarşıdurma zamanı bütün Avropadakı hədəflər risk altında ola bilər.

Qərblə bağlı hədəflər inandırıcı görünsə də, Rusiyanın “qara siyahı”sında Azərbaycanın da olması kifayət qədər şübhəlidir. Çünki Rusiya-Azərbaycan münasibətləri 10 il əvvəl də, indi də müəyyən edilmiş çərçivələr həddindən heç vaxt çıxmayıb. O səbəbdən, Qərb nəşrinin əldə etdiyi sənədlərə şübhə ilə yanaşmağa əsaslar var. Bəs “Financial Times”ın bu iddiasını indi yaymasında məqsəd nə ola bilər?

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, nəşrin yaydığı məxfi sənədlərin hansı kəşfiyyata məxsus olduğu bilinmir. “Yeni Müsavat”a danışan hərbi analitikin fikrincə, həmin məlumatlarda Rusiyanın hərbi potensialı diqqətə çatdırılıb. Bununla belə, R.Məmmədli Rusiyanın Avropa şəhərlərinə zərbələrini gözləmir: “Rusiyanın hərbi qüdrəti Qərb ölkələrinə zərbələri mümkün edir, lakin inanmıram ki, siyasi-hərbi rəhbərlik bu planlamanı həyata keçirib. Rusiyanın apardığı hərbi əməliyyatlar NATO-nu çəkindirmək məqsədi daşıyır. Hazırda Rusiyanın Norveç, Almaniya və ya Britaniya dəniz donanmalarına hücumlar etməsi qlobal müharibəyə səbəb ola bilər. Rus ordusu isə Ukrayna ərazilərində NATO dövlətlərinin hərbi potensialına qarşı vuruşur. NATO silahı ilə rus silahının toqquşması var, amma əsgərləri üz-üzə gəlmirlər”.

Hərbi ekspert İran, Azərbaycan və Şimali Koreya ilə müharibə ehtimalını isə nonsens sayır: “Bu, bir nəşrin hədsiz şişirdilmiş fantaziyasıdır. Rusiya İranla və Şimali Koreya ilə niyə müharibə etsin axı? Azərbaycanla müharibəni heç təsəvvür etmək olmaz. Əvvəla, Moskva Bəyannaməsi imzalanıb, əlaqələr yüksək səviyyədədir, ikincisi, tərəflərin biri-birinə hazırda hansı nifrəti və ya düşmənçiliyi var ki, müharibə zəmini hazırlasın? Ən nəhayət, bizim Rusiyanın hərbi potensialına qarşı müharibə imkanlarımız nə qədər var? Hələ regionda Azərbaycanla qardaşlığı olan Türkiyənin proseslərə müdaxiləsini demirəm. Yəni hansı tərəfdən baxsan, absurd görünən iddialardır”.

R.Məmmədli hesab edir ki, bu cür iddiaların tirajlanması hibrid müharibənin nəticələridir: “Rusiyanın Azərbaycanla üz-göz edilməsini arzulayan Qərb dairələri var. Bu da həmin istəyin tərkib hissəsidir. Avropa paytaxtlarında Rusiyanın bütün qonşuları və dostları ilə konfliktə girməsini istəyirlər: Gürcüstan, Ermənistan, Moldova, Ukrayna... İndi də Azərbaycan, sonra Qazaxıstan, Tacikistan, İranla qarşıdurma vəziyyəti yaranması arzusundadırlar. Məqsəd Rusiyanı postsovet məkanında sıxmaqdır. Amma Azərbaycan Rusiya ilə siyasi-iqtisadi münasibətlərdə hər zaman vicdanlı və ağıllı siyasət yürüdür. Eyni zamanda Rusiya ilə münaqişəsi olan ölkələrin sayını artırmaq şimal qonşumuzun zəiflədilməsinə, hegemon gücdən əyalət dövlətinə çevrilməsinə hesablanıb. Faktiki Azərbaycan dezinformasiya hücumlarına məruz qalmaqdadır və belə xəbərlərə qarşı informasiya cəbhəsində mübarizə aparılmalıdır”.

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

Qabil Hüseynli 

Professor Qabil Hüseynli də zənn etmir ki, Rusiya özünə vuruşacaq yeni cəbhələr açsın: “Müharibə indi onun içərilərinə daxil edilib və əks-təsir etməyə başlayıb. Onun bu münaqişədən taqətsiz çıxacağını nəzərə alsaq, yeni-yeni müharibələrə girişəcəyini gözləmirəm. Düzdür, Rusiya tarixən qan üçün susayır və müharibə aclığı hiss edəndə hansısa ərazidə münaqişə yaradır, amma budəfəki savaş onu on illərlə yeni müharibələrdən uzaq qalmağa məcbur edəcək. Bəli, Rusiya çökməyə bilər, amma zəifləyəcək və hazırda onun sərhədlərini aşıb Ukrayna əsgərlərinin bu ərazilərə daxil olması göstərir ki, Moskvanın başını indi öz içərisində qatırlar və yorurlar. Belə olan halda, onun müvazinəti qalmayacaq ki, xəritədə göstərilən Fransanın qərb sahilindəki və Böyük Britaniyadakı obyektlərə, xüsusən də Barrou-Furnessdəki sualtı gəmiqayırma zavoduna zərbələr endirsin. Mən indiki halda, belə bir qlobal qanlı müharibəni təsəvvür etmirəm”.

Q.Hüseynli Azərbaycanla müharibəni isə ümumiyyətlə, istisna edir: “Moskva-Bakı əlaqələri sınaqdan çıxmış münasibətlərdir. Qarabağda başa çatan konflikt və işğal faktına son qoyulması, ardınca sülhməramlı qüvvələrin regiondan vaxtından tez çıxması bu münasibətlərdə yeni bir səhifə açdı. Ona görə də Qərb mediasının bu uğursuz iddiaları ayaq açıb yeriyən məlumatlar deyil. Azərbaycan Rusiya siyasətində korrekt və dəqiqdir. Kreml lideri hər zaman bu əlaqələri yüksək dəyərləndirir. Azərbaycan Prezidenti də Rusiya ilə dostluq və tərəfdaşlıq əlaqələrinə həmişə xüsusi diqqət yetirir. Ukrayna müharibəsi kontekstində Moskva-Bakı münasibətləri spesifik xarakter daşıyır və burada Ankara faktoru nəzərdən qaçırıla bilməz. Bu baxımdan, Rusiyanın müttəfiqləri ilə belə müharibələrinin olacağı haqda deyilənlər həqiqətə nəinki yaxın deyil, üfüqdə belə görünmür. Hazırda İran dron, Şimali Koreya mərmi verir, Rusiya bu ölkələrlə əlaqələrini gücləndirir, niyə onlarla savaşsın ki? O halda nə dostu qalar, nə müttəfiqi, dünyada tam təcrid olunmuş ölkəyə çevrilər, üstəlik, onun müttəfiqləri ilə düşmənçiliyi Qərbdəki rəqiblərinin də çörəyinin üstünə yağ çəkmiş olacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR