İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb mediasında anti-Azərbaycan dalğasının altında gizlənənlər

 

Azərbaycana qarşı media kampaniyasının hədəfləri nələrdir?

Qərb mediasında Azərbaycana qarşı qaralama kampaniyası yenidən güclənib. Avropa ölkələrində fəaliyyət göstərən bir sıra media orqanları Azərbaycanı, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi fonunda tənqidləri artırıb.

Oxşar media kampaniyaları daha əvvəl də olub. Xüsusən də 44 günlük müharibə dövründə siyasi və hüquqi müstəvidə Azərbaycanın haqlı mövqeyini qəbul edən Qərb hakimiyyətləri fonunda media resursları Azərbaycan əleyhinə ən sərt yazıları, reportajları yayımlayır, birbaşa müsahibələrdə dövlət başçısına ən sərt sualları verirdilər. Ancaq məlum olduğu kimi, Azərbaycanın haqlı mövqeyi qarşısında media tənqidlərinin hər hansı nəticəsi olmurdu.

Cəbhədə döyüşlər dayansa da, Azərbaycana qarşı “media müharibəsi” hələ də davam edir. Xüsusən də gərgin məqamlarda, sülh danışıqlarının həssas mərhələyə qədəm qoyduğu dövrlərdə Azərbaycana qarşı Qərb mediasında hücum dalğası şiddətlənir.

Aydındır ki, bu media və onu müşayiət edən sosial şəbəkə kampaniyalarının bir əsas məqsədi var: Azərbaycanı beynəlxalq ictimai rəydə haqsız, təcavüzkar (xüsusən də sentyabrdakı eskalasiya zamanı və ondan sonra) ölkə kimi göstərmək, Azərbaycana qarşı Avropada mənfi fikir formalaşdırmaq, nəhayət, bütün bunlar sayəsində sülh danışıqlarında Azərbaycanı təzyiq altında qoymaq və beləliklə də Bakını güzəştə məcbur etmək.

Əlbəttə, indiki mərhələdə Azərbaycanın Qərb dövlətləri və siyasi mərkəzləri ilə ciddi konflikti və ya belə demək olarsa, anlaşmazlığı yoxdur. Avropa İttifaqı Azərbaycanın qitənin enerji təminatındakı rolunu yüksək qiymətləndirir, Bakı ilə tərəfdaşlığa xüsusi önəm verir. Hətta Ermənistan-Azərbaycan danışıqlarında belə Avropa İttifaqı mümkün qədər tərəfsiz və barışdırıcı rol almağa çalışır.

Azərbaycana qarşı kampaniyanın arxasında iki mühüm qüvvə dayanır. Birinci qüvvə ənənəvi erməni lobbisidir. Yuxarıda da qeyd olunduğu kimi, bu kampaniya Azərbaycanın Qərb ictimai rəyində gözdən salınması, aqressor kimi təqdim olunmasına və son nəticədə Bakıya təzyiqlərə xidmət edir. Bu istiqamətdə media hücumlarının arxasında erməni lobbisi və onun uzantıları dayanır.

Azərbaycana qarşı media hücumlarının arxasında dayanan ikinci qrup isə Rusiyaya bağlılığı olan dairələrdir. İlk baxışdan qeyri-adi görünsə də, bu qrupun hədəfi çox sadədir: Azərbaycan və Qərb siyasi institutları arasında münaqişənin dərinləşməsi və son nəticədə rəsmi Bakı ilə Avropa hökumətləri və siyasi institutları arasında münasibətlərin pisləşməsi.

Əvvəlki illərin təcrübəsi göstərir ki, Qərb institutlarının Bakıya qarşı “səlib yürüşü” son nəticədə Avropa ilə Azərbaycan arasında siyasi münasibətlərin pisləşməsinə gətirib və bunun bərpa olunması uzun zaman alıb. Aydın məsələdir ki, indiki həssas məqamda Azərbaycan və Avropa arasında münasibətlərin pisləşməsi, istər-istəməz Bakını Rusiyaya tərəf “itələyir”.

Yuxarıda qeyd etdiyim kimi, bunun daha əvvəl də yaşanmış təcrübələri var. Üstəlik hazırkı həssas məqamda, sülh danışıqları prosesində Avropanın Azərbaycanla münasibətlərinin soyuması Bakını istər-istəməz digər vasitəçiyə - Moskvaya yaxınlaşdırır. Hazırda tənqidlərin oktyabrın 30-da Soçidə planlaşdırılan Əliyev, Paşinyan və Putin görüşü öncəsi artması bu ehtimalı daha da qüvvətləndirir.

Ancaq indiki şəraitdə Azərbaycana qarşı çirkli media kampaniyasının nəticə verəcəyi, yəni müəyyən olunan hədəfə nail olması ehtimalı azdır. Çünki birincisi, medianın qara kampaniyasından fərqli olaraq Avropa siyasi dairələri Bakı ilə münasibətləri pozmaq fikrində deyil, çünki bu hazırkı vaxtda onların özləri üçün daha ağır nəticələrə səbəb ola bilər. İkincisi, Azərbaycan həm müharibə, həm də müharibədən sonrakı qarşıdurmalarda üstün tərəf kimi çıxış edir, buna görə də danışıqlar prosesində Azərbaycan üstün mövqeyini qoruyub saxlayır. Nəhayət, Qərbdə Azərbaycanın haqlı mövqeyini qəbul  və müdafiə edənlər var. Buna görə də növbəti media kampaniyasının uğur qazanması real deyil, ən azı yaxın perspektivə baxdıqda.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR