İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Ərdoğan-Putin görüşünə qarşı

ABŞ niyə indi Rusiyadan alınan "S-400"ün qaytarılması şərtini yada saldı? 

“Türkiyə çətin ki, "F-35" yeni nəsil qırıcı proqramına qayıdacaq, lakin Rusiyadan alınan "S-400" zenit-raket kompleksləri ilə bağlı problemi həll edərsə, bu təyyarələri ala biləcək”. Bunu ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk CNN Türk telekanalına açıqlamasında deyib.

“Türkiyənin "F-35" proqramında iştirakına mane olan "S-400" probleminin həllinə yönəlmiş bütün addımları alqışlayırıq, əgər bu məsələdə irəliləyiş əldə olunarsa, Türkiyə ilə yenidən danışıqlara başlamaqdan məmnun olarıq”, - deyə diplomat bildirib.

Yada salaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan "S-400" aldıqdan sonra "F-35" inkişaf proqramından çıxarılıb. Respublika bu qırıcılar üçün bəzi komponentlər, gövdə elementləri və bəzi sistemlər istehsal edirdi. Birləşmiş Ştatlar bəyan edib ki, Türkiyənin proqram iştirakçılığına qayıtması yalnız "S-400"dən imtina edəcəyi təqdirdə mümkündür.

Bu arada, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Astanada planlaşdırılan danışıqların konkret tarixi və gündəliyi yaxın vaxtlarda bəlli olacaq. Bu barədə “RİA Novosti” Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən xəbər verir ki, Ərdoğanın gərgin iş qrafikinə baxmayaraq, diplomatik kanallarla müvafiq işlər aparılır. İyunun 11-də Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün iyulda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində baş tuta biləcəyini bildirmişdi. Ümumiyyətlə, ABŞ-ın yenidən "S-400"dən imtina  tələbini gündəmə gətirməsi onu göstərir ki, Qərb kifayət qədər müstəqil siyasət yürüdən Türkiyə prezidenti Ərdoğanın Putinlə görüşünə qarşıdır. Çünki regionun iki mühüm ölkəsinin liderinin istənilən mövzuda razılaşmaları Qərbin maraqlarına uyğun deyil.

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

Abutalıb Səmədov

Bu barədə “Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiyadan "S-400" zenit raket kompleksi aldıqdan sonra Türkiyəyə qarşı sanksiyalar tətbiq olundu və "F-35" proqramından çıxarıldı: “Həmin proqrama görə, Türkiyə "F-35" üçün mindən artıq detal istehsal edirdi. Bu, Türkiyə iqtisadiyyatına kifayət qədər ciddi üstünlüklər verirdi. Ancaq nə ABŞ geri çəkildı, nə Türkiyə "S-400"dən imtina elədi. Nəticədə Türkiyə "F-35" proqramından çıxarıldı və 6 ədəd "F-35" təyyarəsi üçün ödənilmiş məbləğin qarşılığında "F-16" qırıcılarını istədi. Uzun danışıqlardan sonra artıq bugünlərdə 40 ədəd "F-16" qırıcılarının Türkiyəyə verilməsi barədə razılıq əldə olunub. Üstəlik, 80 ədədə yaxın "F-16" qırıcılarının da modernləşdirilməsi üçün müəyyən ehtiyat hissələr veriləcək. İndiki şəraitdə Türkiyənin "F-35" proqramına qayıtması mümkündürmü? Təbii ki, mümkün deyil. Hətta "S-400"dən imtina eləsə, tutaq ki, onu Azərbaycanda və ya başqa bir yerdə yerləşdirsə də, yenə də "F-35" proqramına qayıtması qeyri-mümkündür. Çünki bu, kifayət qədər ciddi məsələdir. Türkiyədə istehsal olunan həmin o mindən artıq ehtiyat hissələri artıq başqa dövlətdə istehsal olunur. Elə amerikalı səfir də onu qeyd edib ki, bu məsələnin mümkünlüyü çətindir. Üstəlik, Türkiyənin "S-400"dən imtina etmək fikri də yoxdur. İndiki şəraitdə Rusiya-Türkiyə münasibətləri Amerikanı qane edirmi? Müəyyən mənada qane edir. Elə "F-16" barədə qəbul olunan qərar da bunu göstərir. Ancaq Rusiyanı qane eləmir. Bugünlərdə Peterburqda keçirilən iqtisadi forumda Vladimir Putin açıq şəkildə dedi ki, Türkiyə Qərbdən iqtisadi yardım, kreditlər, qrantlar almaq istəyir və bu yaxşıdır, ancaq bunu Rusiya ilə əlaqələrin pozulması hesabına etmək istəyirsə, bu, Ankaraya müəyyən problemlər yarada bilər. Həqiqətən də Rusiya Türkiyənin əsas ticarət tərəfdaşıdır. Həmçinin kifayət qədər borcu da var. Rusiya ilə turizmdə əməkdaşlıq çox yüksək səviyyədədir, türklərin Rusiyanın tikinti sektorunda iştirakı məsələsi, "Qazprom"a olan borclar məsələsi var. Yəni Rusiya ilə əlaqələrin soyuması Türkiyəyə ciddi problemlər yarada bilər".

Ekspert qeyd etdi ki, bir tərəfdən də Türkiyədə iqtisadiyyat ürəkaçan durumda deyil və buna görə Türkiyə Qərbə yaxınlaşmaq məcburiyətindədir. Ancaq bütövlükdə Türkiyənin yeritdiyi müstəqil siyasətdən imtina etmək fikri yoxdur: “Xarici işlər naziri Hakan Fidanın son Çin və Rusiya səfərinin əsas məqsədlərindən biri Türkiyənin BRİKS-ə  qəbul olunması məsələsini müzakirə etmək idi və bunun da Qərbə xoş gəlməyəcəyi mübahisəsizdir. Prezident Putinlə prezident Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında görüşü Qərbi razı salmır, amma ciddi şəkildə narahat edəcəyi də gözlənilmir. Ancaq orada Qərbi narahat edə biləcək razılaşmalar ola bilərmi? Türkiyə indi çətin ki, Qərbi ciddi şəkildə narazı salacaq addımlar atsın. Ona görə də Ərdoğanla Putinin görüşü mütləq olacaq və ABŞ-da kiminsə istəyinə görə bundan imtina etməyə ehtiyac da yoxdur. Üstəlik, Türkiyə Ukrayna məsələsində də müstəqil mövqe tutmaqda davam edir. İsveçrədə keçirilən sülh konfransında açıq şəkildə bəyan eləyəcək ki, Rusiyasız bu tədbirlərin keçirilməsi əhəmiyyətsizdir. Bundan əvvəl də sülhlə bağlı Ukraynanın qətiyyən qəbul eləmədiyi Ərdoğan planı ortaya çıxmışdı. Yəni Türkiyə mümkün qədər mövcud imkanlar daxilində öz müstəqil siyasətini davam etdirəcək, ancaq təbiidir ki, həm Rusiyanın, həm də Qərbin münasibətini nəzərə alacaq. Çünki hər iki tərəflə çox ciddi bağları var”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR