İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb Azərbaycana yeni təzyiq formasına əl atacaq” - Rusiyadan açıqlama

Bakıdan reaksiya: “Vaşinqtonun Azərbaycan qazının alınmasından imtina edilməsi üçün Bakı ilə enerji layihələrində iştirak edən Qərb dövlətlərinə təzyiqlər edəcəyi barədə iddiaların gerçəkləşəcəyi inandırıcı deyil”

Azərbaycanda fevralın 7-nə təyin edilən erkən prezident seçkisi əcnəbi analitiklərin də diqqət mərkəzindədir. Onların bir çoxu bu təyinatı həm də rəsmi Bakının Qərblə, xüsusən də ABŞ və Fransa ilə sadə olmayan münasibətləri kontekstində izah edirlər.     

“Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərarın bir neçə səbəbi var. Bu, ölkənin suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi, regionda, eləcə də dünyada nüfuzunun artması səbəbindən Bakıya qarşı artan çağırış və təzyiqlər sayəsində bölgədə yaranmış yeni reallıqda ölkənin yeni inkişaf səviyyəsinə qalxmasıdır. İlham Əliyev yenidən işə başlamağı zəruri hesab edir. Əliyev siqnal verdi: yeni Azərbaycan heç kimin özünə təzyiq göstərməsinə imkan verməyəcək, barışmaz və daha da güclü olacaq”.

Bunu rusiyalı tanınmış hərbi və siyasi analitik İqor Korotçenko deyib (Axar.az). 

Onun fikrincə, erkən seçki məntiqli həll yoludur: “Əliyev hesab edir ki, dost olmayan dövlətlər fəallaşıb və artıq regionda vəziyyəti silkələmək cəhdləri edilir, eyni zamanda Bakıya təzyiqlər davam edir. Son vaxtlar ABŞ və Fransanın Bakıya qarşı tamamilə qeyri-dost siyasətini, AB-nin isə kifayət qədər ziddiyyətli mövqeyini görürük. Belarusda, ən son isə Serbiyada vəziyyəti sarsıtmaq cəhdlərini gördük. Bu, Qərb təzyiqinin ümumi alətidir. Bu yaxınlarda Azərbaycanda Fransa xarici kəşfiyyatının agent şəbəkəsi üzə çıxıb. Ona görə də seçki Qərbin planlarını, o cümlədən ölkədə sabitliyi pozmaq üçün "beşinci kolon" yaratmaq planlarını alt-üst etməkdir. Bakı əvvəllər Ermənistana səfər etmiş və Bakıya gəlməyi planlaşdıran Dövlət Departamentinin nümayəndəsi Bononun səfərindən indi imtina edib. Bəli, Azərbaycan suverenliyini bərpa etdikdən sonra ölkə əleyhinə siyasət nümayiş etdirən dövlətləri indi açıq şəkildə yerinə oturdur. Amma aydın şəkildə anlamaq lazımdır ki, Bakıya təzyiq yalnız artacaq".

Ekspertin ehtimalına görə, Qərb Azərbaycana yeni təzyiq formasına əl atacaq. Belə ki, Vaşinqton Bakı ilə enerji layihələrində iştirak edən digər Qərb ölkələrinə - Azərbaycan nefti və qazının alıcılarına təzyiq göstərməyə çalışacaq: “Bu vəziyyətdə Azərbaycan təhlükəsizlik məsələlərini kompleks şəkildə həll etməlidir. Rəqib o qədər də sadə deyil: ABŞ-a meydan oxumaq, Fransaya meydan oxumaq - bu, çox ciddidir”.

Əlavə edək ki, bugünlərdə Fransanın yeni təyin olunmuş xarici işlər naziri, cinsi azlığın nümayəndəsi Stefan Sejurne öz sələfi Kolominadan daha ermənipərəst və qatı antitürkçü kimi tanınır. Avroparlamentin (AP) deputatı qismində o, dəfələrlə Azərbaycan və Türkiyə əleyhinə çıxışlar edib, Bakıya qarşı sanksiyaların tətbiqinə çağırıb. Guya AB Azərbaycana münasibətdə kifayət qədər sərt davranmır. Demək, Bakı-Paris münasibətlərində gərginliyin artması gözləniləndir. 

Ümumilikdə Korotçenko haqlımı, Bakıya, neft-qazımızın alıcılarına təzyiqlər arta bilərmi? Bu xüsusda hər hansı təhlükə varmı? Bölgədə yalnızca sülh və əməkdaşlıq istəyən, buna səylər edən Azərbaycandan nəyə görə narazıdırlar? 

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, rusiyalı siyasi ekspert İqor Korotçenko həmişə ədalətli və qərəzsiz mövqedən çıxış edir. O, Ermənistan-Azərbaycan qarşıdurmasında və torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə apardığımız zaman Rusiya telekanallarında Azərbaycanın haqlı mövqeyini dəstəkləyirdi. O ki qaldı onun son açıqlamaları və proqnozuna, əvvəla, Azərbaycanda növbədənkənar prezident seçkisini zəruri edən səbəbləri ölkəmizin Prezidenti açıqlayıb. İkincisi, Vaşinqtonun Azərbaycan qazının alınmasından imtina edilməsi üçün Bakı ilə enerji layihələrində iştirak edən Qərb dövlətlərinə təzyiqlər edəcəyi barədə iddiaların gerçəkləşəcəyi isə inandırıcı deyil: “Hörmətli Korotçenkonun hansı prizmadan bu proqnozu verdiyini də nəzərə almaq lazımdır. Korotçenko nə qədər Azərbaycanın dostu olsa da Rusiya vətəndaşıdır və Rusiya dövlətinin maraqlarını qorumağa borcludur. Bu gün Rusiyanın da iqtisadi çətinliklərlə üz-üzə qalmasında ABŞ-ın xüsusi rolu olduğu üçün rusiyalı ekspertlər bu vəziyyətin təsiri altında mülahizələr söyləyirlər. Onlar hesab edir ki, Amerika Rusiyaya qarşı həyata keçirdiyi taktikaya bənzər taktikanı, məsələn, Azərbaycana da tətbiq edə bilər. Lakin bu mülahizələrin gerçəkləşəcəyi ehtimalı demək olar yoxdur. Çünki bu gün Azərbaycan digər Qərb ölkələri, o cümlədən bir sıra Avropa İttifaqı ölkələri ilə neft və qaz layihələrinin həyata keçirilməsində öndə gedən dövlətlərdəndir, Azərbaycan etibarlı tərəfdaşdır. Nəzərə almaq lazımdır ki, nəhəng neft-qaz mənbəyi olan Rusiya sanksiyalar altındadır və belə vəziyyətdə Avropa da əziyyət çəkir, problemlər yaşayır. Çünki Rusiya nefti və qazını əldə edə bilmirlər. Ona görə də bir tərəfdən də Vaşinqton onlara "Azərbaycan qazından imtina edin" tələbi qoymaz. Belə bir tələb irəli sürərsə belə, Qərb dövlətlərinin bunu qəbul edəcəyi də inandırıcı deyil".

Ç.Qənizadənin sözlərinə görə, amma bir şeyi də unutmayaq ki, bəzi ölkələr Azərbaycan qazından və neftindən müəyyən dərəcədə asılı olsalar da yenə də Ermənistanın yanındadırlar: "Məsələn, Yunanıstan. Bu cür ölkələr sözdə Cənubi Qafqazda sülh istədiklərini bəyan etsələr də, reallıqda sülhə xidmət edən, sülh yaranmasına çalışan Azərbaycanı deyil, sülhdən yayınan, sülh müqaviləsini imzalamayan, ətraf ölkələrə ərazi iddialarından əl çəkməyən Ermənistanı müdafiə edirlər. Bu isə bir daha təsdiq edir ki, həmin ölkələrin maraqları bölgədə sülh deyil, konflikt olmasıdır. Konflikt olan zaman bölgə dövlətlərinə təsir rıçaqları əldə etmiş olurlar. Ona görə də sülhün bərqərar olmasını istəyən Azərbaycanı müxtəlif bəhanələrlə sıxışdırmağa çalışırlar. İkincisi, Avropada bir xristian klubuna çevrilən Avropa Parlamenti kimi qurumlar var. Belə qurumlar və bəzi dövlətlər beynəlxalq hüququ, insan hüquq və azadlıqları kimi dəyərləri kənara qoyaraq xristian təəssübkeşliyi təsiri altında addımlar atırlar. Ermənilərə dəstək verməyə çalışmaları həm də bundan qaynaqlanır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR