İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevadan Türk dünyasına çağırış - VİDEO

İyunun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının parkında Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub.

Musavat.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva festivalın açılış mərasimində çıxış edib.

Açılış mərasimində iştirak edən qaziləri, ustad Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” sözləri ilə salamlayan Q.Paşayeva, bütün iştirakçılara, özəlliklə kitabları sərgilənən müəlliflərə uğurlar arzulayıb. Festivalın Günəşli havada keçirilməsinə vurğu edən Komitə sədri Şəhriyarın məşhur “Heydər babaya salam” poemasının məşhur misralarını xatırladıb, Türk birliyindən Güney Azərbaycana doğan olan və eyni zamanda Güneydən Türk dünyasına doğmaqda olan Günəşdən söz açıb. Q.Paşayeva bu Günəşin 44 günlük II Qarabağ müharibəsindəki tarixi Zəfərimizlə şərtləndiyini vurğulayıb.

Q.Paşayeva festivalın Ümummilli lider Heydər Əliyevin əlamətdar yubileyinə ad edilməsini, ümumən festivalın adını, məram-məqsədini çox anlamlı hesab etdiyini bildirib. O, Mədəniyyət Komitəsinin məmnuniyyətlə dəstək verdiyi festivalın ortaq türk qurumlarının da təşkilati dəstəyi ilə keçirilməsinin Türk dünyası ədəbiyyatçıları, yazarlar və naşirlər üçün önəm daşıdığını, yaxşı işbirliyi ortamı yaratdığını söyləyib.

Festivalın Azərbaycanın elm ocağı olan Elmlər Akademiyasının bağında və Akademiyanın dəstəyi ilə keçirilməsinin də çox anlamlı hadisə olduğunu vurğulayan Q.Paşayeva, bütün bunları Azərbaycan Türkiyə strateji müttəfiqlik birgə fəaliyyətinin təntənəsi adlandırıb: “Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının eyni mədəniyyət və adət-ənənəyə malik olan qardaş xalqların sıx işbirliyinə - Türk dünyasının birliyinə, ortaq keçmişdən ortaq gələcəyə gedən qutlu yola töhfə olacağına inanıram.

Azərbaycanla qardaş dövlətlər arasında dostluq, qardaşlıq bağları günbəgün inkişaf etməkdədir. Bu gün qardaş ölkələrimizi təmsil edən şair, yazıçı, ədəbiyyatşünas və naşirləri burada salamlamaq çox xoşdur.

Ortaq türk qurumlarının hamısının bizimçün əziz olduğunu bir daha vurğularkən, qeyd etmək istərdim ki, 2021-ci ilin payızında Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi xüsusi hadisədir. İnanırıq ki, Şuradan təşkilata gələn yol, təşkilatdan dövlətlər birliyinə aparacaqdır. Dövlət başçılarımız yazarların, ümumən yaradıcı insanalrın, onları birləşdirən qurumların, ümumən vətəndaş cəmiyyət institutlarının qarşısında geniş yollar açıb. Bəli, yeni imkanlar yaranıb və bu imkanlar xalqlarımızın, ölkələrimizin daha da yaxınlaşması, qüdrətlənməsi üçün istifadə edilməlidir.

Bir daha vurğulamaq istərdim ki, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirməyə, gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına, nəşriyyatlar, yazarlararası işbirliyi ortamının yaranmasına xidmət edən böyük söz bayramıdır.

Təşkilatçılara, əməyi keçən hər kəsə təşəkkür edir, bütün iştirakçıları ürəkdən salamlayır, yazarlarımıza, nəşriyyatlarımıza davamlı işbirliyi arzulayıram. Uğurlar!”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR