İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Türk Dili və Ədəbiyyatı Dərnəyinin rəhbər təmsilçiləri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türk Dili və Ədəbiyyatı Dərnəyinin (TDƏD) rəhbər təmsilçiləri ilə görüşüb. TDƏD başqan müavini Üzeyir İlbak, TDƏD Ərzurum şöbə başqanı Murat Ərtaş, TDƏD Ərzurum şöbəsi İdarə heyətinin üzvləri – Murat Güvən, Ərdal Barın, Kürşat Əli Kaplan, Nihat Kılıçoğulları, Adəm Karamanla Mədəniyyət Komitəsində baş tutan görüşdə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsinin vacibliyinə vurğu edilib. TDƏD təmsilçiləri qurumun məramı-məqsədi, həyata keçirdiyi layihələr, planlar və Azərbaycanla əlaqələrin gücləndirilməsi istəkləri barədə danışıb.

Komitə sədri qardaş ölkənin aydınları ilə görüşdən şad olduğunu bildirərək, mədəniyyət, ədəbiyyat və sənətlə bağlı layihələrin, nəşrlərin günün tələbləri səviyyəsində daha da inkişafının məqsədəuyğun olduğunu deyib: “Biz artıq qardaş, dost və qonşu olmaqla yanaşı, strateji müttəfiqlərik. “Şuşa Bəyannaməsi”nin bir neçə bəndi biləvasitə mədəniy­yətlə bağlıdır. Sizin qurumunuz, cəmiyyətdə dil şüurunun yerləşməsini və inkişafını təmin edəcək fəaliyyətlər həyata keçirmək, bu mövzuda çalışan şəxslərə və təşkilatlara dəstək olmaq, eləcə də, uluslararası ədəbi-mədəni, elmi əlaqələri genişləndirmək kimi nəcib məqsəd üstənib.

Sizin önümüzdəki illərdə həyata keçirməyi düşündüyünüz fəaliyyətlər təqdirəlayiqdir. Çox şadam ki, bizim respublika ilə, uyğunprofilli qurumlarla əməkdaşlığın gücləndirilməsi də planlarınıza daxildir. Planlaşdırdığınız uluslararası toplantı, konfrans, simpozium, panel və konqreslərin mövzusunun müəyyənləşməsində, təşkilində Azərbaycandan olan həmkar qurumlarla əməkdaşlığınız ümumi işin xeyrinə olar. Bu sırada, hər cür bilgi, bəlgə və yayınları əhatə edən “Türk dili və Ədəbiyyatı Kitab­xanası” qurmaq, hər türkün zövqlə oxuyacağı 100 kitabdan ibarət bir “ailə kitablığı” yaratmaq fikriniz diqqətəlayiqdir. Ümid edirəm, bu nəcib işləriniz başarı ilə həyata keçəcək.

Ayrıca, Ərzurumla Azərbaycanın bölgələrinin daha sıx ədəbi-mədəni əməkdaşlığında sizin dərnəyin öz töhfələri ilə iştirakının yaxşı nəticələr evrəcəyinə inanıram.

Bu il Azərbaycanda “Şuşa İli”dir; Şuşa şəhərinin qurulmasının 270, görkəmli Azərbaycan şairi, ünlü siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin 305, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin övladı – “Xanqızı” olaraq tanınan Xurşudbanu Natəvanın 190 illik yubileyidir. Qurumunuzun mətbu orqanının Azərbaycana həsr etmək istədiyiniz xüsusi sayını, bu əlamətdar yubileylər başda olmaqla Şuşaya, “Şuşa İli”nə həsr etməyiniz yerinə düşərdi.

Bir daha, sizləri Azərbaycanda, Milli Məclisin Mədəniyyət Komitəsində salamlamaqdan şad olduğumu bildirir, uğurlar diləyirəm”!

Komitə sədri qonaqlara Natəvanın, Şəhriyarın portretlərini, kitablar, habelə Xarıbülbül və Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Görüşdə Millət vəkili İlham Məmmədov iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR