İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid Ramin Quliyevin anası ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin leytenantı, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Ramin Quliyevin anası Sabirə Quliyeva ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Qənirə Paşayeva müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və ziyalı üçün də örnək təşkil etdiyini söyləyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidin əziz ruhuna ehtiramını bildirib:

“Əziz bacım, hər bayramda ilk anılacaq insanlar sırasında ən öndə Siz şəhid anaları gəlirsiz. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Füzulidə də, Şuşada da bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş igid oğlunuzun timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəncanlı insan üçün bir mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidin anasını və onun timsalında ailənin bütün üzvlərini, doğmalarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

Azərbaycan Ordusunun şəhid leytenantı Ramin Rizvan oğlu Quliyev (07.11.1998, Binəqədi, akı – 05.10.2020, Füzuli) 2005-2013-cü illərdə Binəqədi rayonunda Q.Babayev adına 179 saylı tam orta məktəbdə, 2013-2016-cı illərdə isə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin nəzdindəki Heydər Əliyev adına Hərbi İnstitutda) ali hərbi təhsil alıb.

Ramin Quliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Leytenant Samir Əliyev 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid zabitimiz Binəqədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ramin Quliyev “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 05.11.2021-ci il tarixli Sərəncamı əsasında Ramin Quliyev 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR