İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid Nicat Mustafayevin anası ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Nicat Mustafayevin anası Lalə Mustafayeva ilə görüşüb.

Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

Komitə sədri Azərbaycan Respublikasının ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və aydın üçün də örnək təşkil etdiyini söyləyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər görüşün onunçün çox əziz, doğma görüş olduğunu deyib, şəhidin əziz ruhuna ehtiramını bildirib:

“Əziz şəhid anası, dəyərli bacım,

hər əziz bayramda ilk anılacaq insanlar sırasında ən öndə Siz şəhid anaları gəlirsiz. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm!

Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Füzulidə də, Şuşada da bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş igid övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirəm”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o da, şəhid ailələri ilə görüşü hər bir aydın, hər bir işadamı və vətənpərvər insan üçün bir mənəvi borc olaraq xarakterizə edib, şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanıb. O, şəhidin anasını və onun timsalında ailənin bütün üzvlərini, doğmalarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid anasına bayram hədiyyələri təqdim edilib.

***

Azərbaycan Ordusunun şəhid əsgəri Nicat Bəkir oğlu Mustafayev 08.10.2001-ci ildə Bakı şəhərində doğulub. Əslən Qərbi Azərbaycanın Pəmpək mahalı, Hamamlı elinin Qursalı kəndindəndir. O, ailəsiylə birlikdə Binəqədi qəsəbəsində yaşayırdı. 6 yaşında Q.Baxşıyev adına 179 saylı tam orta məktəbin I sinifinə yollanıb, IX sinifdən təhsilini Azərbaycan Dövlət Dəmir Yolu Liseyində davam etdirib.

Hələ uşaqlıqdan idmanla maraqlanan Nicat Mustafayev, 7 yaşından fərqli idman növləri ilə, özəlliklə güləşlə məşğul olub. Çoxlu medal və diplomlarla təltif olunub. Azərbaycan bayrağını bir çox ölkələrdə dalğalandırıb. 10 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Nicat əsgərlikdə kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstəyə seçilib. O da digər igid əsgərlərimiz kimi döyüşə həvəslə, inamla qoşulub.

Son dəfə ailəsi ilə 3 oktyabr 2020-ci ildə telefonla danışıb. Ailəsi o tarixdən sonra Nicatla əlaqə qura bilməyib. Əsgər Nicat Mustafayev ilk dəfə Murov istiqamətində döyüşüb; oradan Füzuli, Cəbrayıl istiqamətinə göndərilib və Füzuli istiqamətindəki döyüşlərin birində düşmən snayperi ilə vurularaq şəhid olub. Şəhid əsgərimiz Binqədi qəsəbə qəbristanlığında yerləşən “Vətən Müharibəsi Şəhidləri Xiyabanı” kompleksində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Nicat Bəkir oğlu Mustafayev “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR