İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid mayor Abbas Qasımovun həyat yoldaşı ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Vətən Müharibəsinin şəhidi, Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımovun xanımı Siddiqə Qasımova ilə görüşüb.

Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini söyləyib. O, 8 Mart – Beynəlxalq Qadınlar Günü və milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhidlərin ömür-gün yoldaşları, ailə üzvləri ilə hər bir görüşün onunçün doğma görüş olduğunu deyib, şəhid zabitin əziz ruhuna dərin sayğılarını bildirib: “Qarşıdan, şəhid zabitimizin ad günü gəlir. Şəhid mayorumuzun iki övladı yadigar qalıb. İnanırıq ki, hər ikisi Vətənimizə atalarının adına layiq övladlar olacaq, həyatda öz layiqli yerlərini tutacaqlar.

Çox şükürlər olsun, şəhidlərimizin ruhu bugün şaddır. Şuşada, Laçında, Kəlbəcərdə bayrağımız dalğalanır, ordumuz güclüdür və üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş həyat yoldaşınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik. Ruhları şad olsun”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir iş adamı və vətənpərvər biri üçün ümdə mənəvi borc olduğunu qeyd etmişdir, şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanmışdır. Şəhidimizin həyat yoldaşını və onun timsalında ailənin bütün xanım üzvlərini 8 Mart - Beynəlxalq Qadınlar Günü və şəhidin digər doğmalarını isə qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.



Görüşün sonunda Komitə sədri Q. Paşayeva və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru və hərbi pilot, Vətən müharibəsi şəhidi Abbas Rza oğlu Qasımov (17.03.1986, Rəhimabad, Zəngibasar, Qərbi Azərbaycan – 27.09.2020, Füzuli rayonu) hələ 6 yaşındaykən atasını itirib. 1988-ci ilin noyabr ayında ailəsi ilə birgə ermənilər tərəfindən doğma ev-eşiyindən deportasiya edilib və Bakının Binəqədi rayonunda məskunlaşıb. 1993–2003-cü illərdə Binəqədi rayonunda F.İsgəndərov adına 157 saylı tam orta məktəbdə təhsil alıb. 2003–2007-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında (indi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında) ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qalıb.

Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, döyüşlərin ilk günü, baş leytenant Xalid Gözəlovla birgə şəhid olub. – Şəhid Abbas Qasımov və Xalid Gözəlov müharibənin ilk şəhidləri sayılır. Şəhid mayorumuz II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə mayor Abbas Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Abbas Qasımov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli digər Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə də təltif edilib.

Şəhid zabitimiz həmçinin “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalı ilə təltif edilib.
Mayor Abbas Qasımov hərbi xidmət illərində “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” (26.06.2008), “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” (18.08.2009), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” (26.06.2013), “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” (18.08.2014), “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” (18.08.2019) yubiley medalları, “Qüsursuz xidmətə görə” III (26.06.2015) və II dərəcəli (26.06.2020) medallarına layiq görülüb.

Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR