İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük müharibənin bir addımlığında : Vaşinqton İsraili savaşdan çəkindirə biləcəkmi...

Hizbullah rəhbərliyində boşalan yerlərin hamısına yeni təyinatlar həyata keçirilib. Artıq təşkilatda “boş yer yoxdur”. Bu barədə açıqlamanı Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim bildirib.

8 oktyabr Hizbullah və İsrail arasında toqquşmaların başlamasının ildönümü münasibəti ilə yaydığı müraciətdə Nəim Qasim bildirib ki, təşkilatda daha əvvəl müəyyən edilmiş qaydalara əsasən İsrail hücumları nəticəsində dünyasını dəyişmiş lider və komandirlərin hamısının yerinə təyinat olub. Şeyx Nəim Qasim uzun illər Hizbullah baş katibinin müavini olub, əsasən siyasi məsələlər və təşkilat adından çıxışlar edib və faktiki olaraq təşkilatın ikinci adamı olub.

Şeyx Nəim Qasim: Hizbullahın dağıdıcı reaksiyası yeni mərhələni təsbit etdi  - Sahar Azeri

Ancaq Şeyx Nəim Qasim yeni təyin olunan şəxslər haqqında məlumat verməyib, “zamanı gələndə” açıqlanacağını deyib. Eyni zamanda bir neçə gündür barəsində heç bir məlumat alınmayan Haşim Səfiəddin haqda da danışmayıb.

Atəşkəs müzakirələri barədə danışan Nəim Qasim Əmal hərəkatının lideri, Livan parlamentinin sədri Nəbih Berrinin sülh danışıqlarını və verdiyi açıqlamaları dəstəklədiyini bildirib, ancaq əlavə edib ki, atəşkəs olmadan sülh danışıqlarına getməyin mənası yoxdur.

İsrail ordusu Livan ərazisinə yeni zərbələr endirib - Oxu.az

Qeyd edək ki, oktyabrın 1-dən etibarən İsrail ordusu Livana məhdud quru əməliyyatlarının başlandığını elan edib. Əməliyyatın hədəfi Hizbullah qüvvələrini İsraillə sərhəddən 30 kilometr məsafədə yerləşən Litani çayından şimala sıxışdırmaqdır. İsrail ordusu şimal-şərq və mərkəzdən Livan ərazisinə daxil olub, ötən müddətdə İsrail qüvvələri ilə Hizbullah döyüşçüləri arasında toqquşmalar baş verib.

Şeyx Nəim Qasim deyib ki, onların əsas hədəfi düşmən ordusunu yormaq və ağır itkilər verdirməkdir. O, hazırda sərhəddə amansız toqquşmaların davam etdiyini də qeyd edib.

İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib - AZƏRTAC

İsrail ordusu isə hava bombardmanlarının coğrafiyasını genişləndirib, ordu xəbərdarlıq edib ki, növbəti günlərdə dəniz hədəfləri də vurulacaq. Eyni zamanda sahil turizm bölgələrinə də xəbərdarlıq edilib. İsrail bombardmanları artıq Litani çayının cənubunda yerləşən Tir (Sidon) şəhərində eşidilməyə başlayıb. Lakin sərhəddə toqquşmalar haqda məlumatlar azdır, mövcud interaktiv xəritələrdə İsrail ordusunun ciddi irəliləyiş edə bilmədiyi görünür. Bu da Hizbullah qüvvələrinin qəfil hücumları, pusqular, ordunun sürətli irəliləməsinə mane olan dağlıq relyef ilə izah edilir. Yayılan kadrlarda Hizbullah qüvvələrinin İsrail ordusuna qarşı qəfil hücumlar həyata keçirdiyi görünür. Bu isə o deməkdir ki, ordunun yaxın müddətdə Litani çayına çatması o qədər də real deyil.

İsrail Livana zərbə endirdi: yaralılar var

Hazırda İsrail ordusunun Livanda əsas “silahı” aviasiyanın bombardmanlarıdır. Ağır bombardmanlar Hizbullah komandirləri və təşkilata məxsus hərbi infrastruktur, raket anbarlarını hədəfə alır. İsrail komandanlığı ağır aviasiya zərbələri ilə Hizbullahın təchizat şəbəkəsini çökdürmək və cəbhədəki qruplarla arxa hissə arasındakı əlaqəni kəsməyi hədəfləyir. Lakin təxminən 20 ilə yaxındır, 2006-cı il 34 günlük müharibədən bu yana Livan-İsrail sərhədində tunel şəbəkələri və səngərlər inşa edən Hizbullahın İsrail qüvvələrinə müqavimət potensialı hələ də çox güclü hesab olunur.

Livan fəlakət astanasında - Yeni müharibə dünyanı nə ilə təhdid edir? -  Ayna.az

Hazırda faktiki olaraq 3 cəbhədə - Qəzza, Livan və İordan çayının qərb sahilində hərbi əməliyyatlar həyata keçirən İsrailin əsas məqsədi isə İranı bölgəyə “dartmaq” və həlledici müharibəyə cəlb etməkdir. Doğrudur, İran sonuncu raket zərbələri ilə də böyük müharibədən yayındı. Lakin İsrail elan edib ki, İrana daha sərt və amansız zərbə endirəcək. Əgər İsrail rəhbərliyi ABŞ-la hesablaşmadan İranı qarşıdurmaya çəkəcək ağır zərbə endirsə bu, regionda amansız qarşıdurmaya səbəb ola bilər. Bu ssenari isə hər kəsdən öncə 4 həftə sonra seçkiyə gedəcək ABŞ üçün arzuolunmazır. Bir sözlə, indi Yaxın Şərqdə müharibənin qarşısını alacaq əsas faktor ABŞ, daha doğrusu Amerikadakı seçkilər ola bilər. Yaxın Şərq indi böyük müharibəyə heç zaman olmadığı qədər yaxındır.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR