İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin diqqətinə! Ceyranbatan gölünün yaxınlığındakı bu yol ölüm saçır - VİDEO

Xırdalan şəhəri, Həsən Əliyev küçəsində (Ceyranbatan gölünün yaxınlığı) yol tamamilə dağılıb, sürücülər hər an təhlükədədir.

Musavat.com-a müraciət edən şəhər sakinləri bu barədə məlumat veriblər.

Bizimlə söhbətdə hər gün o istiqamətdə avtomobil idarə edən Xırdalan şəhər sakini Sevda Qasımzadə problem barədə danışıb.

O qeyd edib ki, xüsusilə axşam saatlarında yolun kənarında işıqlar yanmadığına görə təhlükəli vəziyyət yaranır:

“Xırdalan şəhərində yaşayan vətəndaş olaraq yolların vəziyyəti ilə bağlı çox narahatıq. Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, Ceyranbatan gölünün yaxınlığında düz yolun ortası o qədər dağılıb ki, bir çala yaranıb, yəni yararsız vəziyyətədir. Həmin yoldan yük maşınları hər dəqiqə şütüyür. Bir tərəfdən də işıq dirəkləri işləmir, qaranlığa görə kimsə gedib həmin çalaya düşə bilər. Əslində bu yolda tez-tez qəzaların baş verməsinə səbəb də yolun bu vəziyyətdə olmasıdır”.

“Ümumiyyətlə, axşam saatlarında bu yolda hədsiz sıxlıq olur, saatlarla tıxacda qalırıq”, - deyə şəhər sakini əlavə edib.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib, cavablandırıldığı təqdirdə yayımlayacağıq.

Musavat.com ərazidən çəkilmiş videonu təqdim edir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR