İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid əsgər Murad Vəliyevin anası ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Murad Vəliyevin anası Kəmalə Vəliyeva ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini söyləyib. O, 8 Mart – Beynəlxalq Qadınlar Günü və milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox doğma görüş olduğunu söyləyib, şəhid əsgərin əziz ruhuna ehtiramını bildirib:

“Əziz bacım, hər əziz gündə, bayramda ilk anılacaq insanlar sırasında öndə şəhid anaları gəlir. Sizi bütün bayramlar münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Şuşada bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında sayğılarla baş əyirik. Ruhları şad olsun”!

Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəncanlı insan üçün ümdə mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə yaxından maraqlanıb. Şəhidimizin anasını və onun timsalında ailənin bütün xanım üzvlərini 8 Mart – Beynəlxalq Qadınlar Günü və şəhidin digər doğmalarını isə qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

*

Azərbaycan Ordusunun şəhid əsgəri Murad Süleyman oğlu Vəliyev (11.02.1997– 27.09.2020) – 2003-cü ildə Bakı şəhəri S.Məmmədov adına 301 saylı tam orta məktəbin I sinfinə daxil olub, 2007-ci ildən Bakı şəhəri İ.Məmmədov adına 298 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Ali təhsilini Bakı Biznes Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb. Universiteti bitirdikdən sonra Daşkəsən rayonuna həqiqi hərbi xidmət keçib.

Murad könüllü olaraq cəbhəyə yollanmış və komandiri ilə birlikdə 27 sentyabrda – II Qarabağ müharibəsinin ilk günü şəhid olub.

Qəbri Binəqədinin Biləcəri qəsəbəsindədir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Murad Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR