İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Özbəkistanda Buxara şəhər Hakimi ilə görüşüb - FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxara şəhər Hakimi Camol Nasırovla görüşüb.

Musavat.com xəbər verir ki, Qənirə Paşayeva Buxara şəhər Hakimi Camol Nasırovla görüşdə tanınmış azərbaycanlı Yusif Qarabağinin bu şəhərdə xatirəsinin əbədiləşdirilməsinin vacibliyindən danışıb.

Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Buxaradakı Azərbaycan diaspor təşkilatının rəhbəri Kamran Babayev də iştirak edib.

Buxara şəhər hakimliyində keçirilən görüşdə, şəhərin rəhbəri Camol Nasırov Buxarada ilk dəfə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsini vilayət sakinləri üçün mühüm mədəniyyət hadisəsi kimi dəyərləndirib, dost və qardaş ölkələrimiz arasında günbəgün yüksələn əməkdaşlıqdan məmnunluq ifadə edib, ürək sözlərini bölüşüb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, MM Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Buxarada olmaqdan çox məmnun olduğunu bildirən Qənirə Paşayeva, səmimi görüş üçün şəhər hakimi Camol Nasırova təşəkkür edib.

140-a yaxın önəmli memarlıq abidəsinin mövcud olduğu qədim Buxaranın ümumən tarixi yerlərlə zəngin bir şəhər olduğunu vurğulayan Q.Paşayeva, şəhərin Orta Asiyada, Türk-İslam dünyasında çox önəmli yerə sahib olduğunu deyib: “Böyük İpək yolu üzərində yerləşən Buxaranın uzun müddət ticarətlə yanaşı, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərməsi, UNESCO-nun Buxaranın tarixi mərkəzini Ümumdünya irsi siyahısına daxil etməsi hər bir türkün qürurudur. Azərbaycanda bir an öncə Buxaranı görmək istəyən yüzminlərlə qardaş-bacınız vardır və hesab edirəm ki, mən sizə onların hamısının salamlarını çatdırmış oluram”.

Q.Paşayeva Azərbaycanla Özbəkistan arasında tarixdən gələn, özünəməxsus köklü ənənələrə malik əlaqələrin son 31 illik müstəqillik dönəmində dərinləşdiyini və günümüzdə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini deyib. Komitə sədri bütün əməli fəaliyyət sahələrini əhatə edən əlaqələrin daha da yüksəlməsi, yeni töhfələrlə zənginləşməsi üçün rəsmi qurumlarla yanaşı aydınların, mədəniyyət işçilərinin, ədəbiyyatçıların, sənət xadimlərinin də üzərinə mənəvi məsuliyyət düşdüyünü deyib.
Q.Paşayeva Azərbaycanla Özbəkistan arasında təkcə mədəniyyət sahəsində deyil, bütün əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın günü-gündən inkişaf etdiyini bildirib, bütün bunların xalqlarımızın birlik ruhuna cavab verdiyini vurğulayıb: “Azərbaycanla Özbəkistan arasında hər bir əməli fəaliyyət sahəsi üzrə yaxşı təcrübə mövcuddur. Ölkələrimizin dostluq, qardaşlıq təcrübələri bütövlükdə Türk ölkə və topluluqlarının ümumi maraqlarına da cavab verir”.

Qənirə Paşayeva Buxara ilə Azərbaycan şəhərləri arasında əlaqələrin genişləndirilməsi, qardaşlaşmış şəhərlər layihəsinin icrası, Buxara Dövlət Filarmoniyası, Dövlət Universiteti ilə Azərbaycanın regionlarındakı təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı olaraq səfərlərin reallaşdırılması barədə təkliflərlə çıxış edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən "Şuşa ili" elan olunduğunu və bu məqsədlə Azərbaycanla yanaşı Özbəkistanda da çoxsaylı tədbirlər keçirildiyini vurğulayıb. O, Buxarada yaşamış tanınmış azərbaycanlı elm xadimi Yusif Qarabağinin şəhərdə xatirəsinin əbədiləşdirilməsi və bu məqsədlə onun məqbərəsinin abadlaşdırılması təklifi ilə çıxış edib. Özbək tərəfi təklifləri yüksək qiymətləndirmiş və müvafiq qaydada baxılacağını bildirib.

Sonda qarşılıqlı hədiyyələrin təqdimi olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR