İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində geniş məruzə ilə çıxış edib

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində geniş məruzə ilə çıxış edib

Millət vəkili, Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində geniş məruzə ilə çıxış edib.

Ötən il də bu universitetdə olduğunu məmnuniyyətlə xatırladan Q.Paşayeva, iki qardaş ölkənin mədəniyyət, təhsil və elm xadimlərinin, sözügedən sahədə çalışan mütəxəssislərin, yaradıcı aydınların əməkdaşlığının önəmindən danışıb. Mədəniyyət, təhsil və elm ocaqları arasında əlaqələrin sistemyaratma xüsusiyyəti olduğunu vurğulayan Q.Paşayeva, belə əlaqələrin qalıcı və daha təsirli olduğunu söyləyib:

“Çox şadam ki, müvafiq təhsil, mədəniyyət, elm ocaqlarımız arasında əlaqələr günü-gündən genişlənir. Bu, həm müəssisələr arasında, həm ümumən ölkələrimiz arasında, həm də üzv olduğumuz beynəlxalq qurumlar səviyyəsində baş verir. Bu sırada, ortaq türk qurumlarını, məsələn Beynəlxalq Türk Akademiyasını xatırlada bilərik. Elə bilirəm, bütün səviyyələrdəki əlaqələr model proqramların tərtibi, tətbiqi, ortaq dərsliklərin yazılması, habelə təcrübə mübadiləsi, tələbə-müəllim mübadiləsi və b.

formatlarda, platformalarda davam və inkişaf etdirilməlidir. Əgər ayrı-ayrı coğrafiyalara mənsub olan, dil, din və s. fərqliliklərə malik xalqlar əməkdaşlıqda uğur qazana bilirsə, eyni soykökə malik xalqlarımızın sıx əlaqələrinin daha böyük uğurlara vəsilə olacağı şübhəsizdir.

Bizi birləşdirən dəyərlər o qədər çoxdur ki, onları öyrənmək və öyrətmək özü ümumtürk inteqrasiyasına xidmət edən hadisəyə çevrilir. Çox şadam ki, Azərbaycanla Özbəkistan arasında bütün əməli çalışma sahələri üzrə əlaqələr güclü əməkdaşlığa çevrilib. Özəlliklə, dövlət başçılarımızın möhkəm dostluğu, qardaşlığı bizlər üçün bir nümunədir.

Yeri gəlmişkən, Əlişir Nəvainin adını daşıyan Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin yaradılması, Mərkəzin təqdirəlayiq fəaliyyəti ulularımızın ruhunu şad edən, gənc nəslə yol göstərən mühüm mənəviyyat hadisəsisidr”.

Ədəbi-mədəni əlaqələrin keçmişindən və bugünündən geniş bəhs edən Q.Paşayeva çıxışının sonunda ona göstərilən qonaqərvərlik üçün universitet rəhbərliyinə, tədbirin bütün iştirakçılarına təşəkkür edib.

Əlişir Nəvainin adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzini ziyarət edən Komitə sədri, Füzulinin miniatür üslubda işlənmiş rəsmini Mədəniyyət Komitəsi adından bu Mərkəzə bağışlayıb. O, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə yaradılmış Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin təqdirəlayiq fəaliyyətinin iki qardaş ölkənin aydınları, yaradıcı insanlar və ictimai fəal gənclər arasında əməkdaşlıq ruhunu gücləndirdiyini, yeni imkanlar açdığını söyləyib.

Q.Paşayeva universitetin ictimai fəal tələbələri, gənc müəllimləri ilə də görüşərək, fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Sonda Azərbaycan tarixinə, mədəniyyətinə maraq göstərən gənclərə Q.Paşayeva tərəfindən Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub, onlar respublikamıza dəvət edilib.

Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva universitetə Qarabağ motivli əsərlər, xatirə hədiyyələri, dünyaşöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun rəsm əsərini, eləcə də, mədəniyyətimizə, tariximizə aid nəşrlər bağışlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR