Onlayn ictimai-siyasi qəzet
Kamran Əsədov: “Təhsilin keyfiyyəti müəllimlərin əmək haqqına bağlı deyil, amma...”
Orta məktəblərimizdə təhsilin keyfiyyəti aktual olaraq qalır. Səbəblər sırasında çox vaxt pedaqoqların az maaş alması göstərilir. Məktəbdənkənar repetitorluq fəaliyyəti də ilk növbədə bu amillə əlaqələndirilir.
“Müəllimin maaşının yüksək olması yerində edilən bir tələbdir. Ancaq əmin deyiləm ki, maaş 2 dəfə artsa, təhsilin keyfiyyətinə bir o qədər təsir edəcək. Elə sahələr olub ki, maaşların bir neçə dəfə artmasına baxmayaraq, nəticə elə həmənki olub”.
Bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində qonaq olarkən deyib.
Keçmiş nazir haqlıdırmı? Təhsil ekspertləri bu xüsusda nə düşünür, nə təklif edirlər?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:
“Hazırda ölkəmizdə 4432 orta təhsil məktəbi var və bu təhsil müəssisələrində 1,6 milyon şagird təhsil alır, onların tədrisinin təşkili ilə isə 150 min nəfərə yaxın müəllim çalışır. Etiraf edək ki, təhsilin keyfiyyətinə müxtəlif amillər təsir göstərir. Təhsil əsasən 3 komponentdən ibarətdir- təhsil alan, təhsil verən və məkan. Bunun ardınca isə təbii ki, resurslar, təhsil verənlərin bilik və bacarıqlarının keyfiyyəti gəlir.
Birmənalı şəkildə deyə bilmərik ki, məktəblərdə təhsilin keyfiyyəti müəllimlərin əmək haqqına bağlıdır. Bu, qətiyyən belə deyil. 2022, 2024-cü ildə keçirilən sertifikasiya imtahanlarının nəticələrinə baxanda görürük ki, zəif nəticə nümayiş etdirən müəllimlərə 3 min manat maaş da verilsəydi, onlar öz üzərlərində işləməzdilər. Əlbəttə ki, maaş əsas təsir göstərici amillərdən biridir, amma məhz həmin müəllimlər, hansı ki, az balla müəllimlik ixtisasına daxil olublar, sonda yüksək ixtisaslı mütəxəssisə çevrilmədən əmək bazarına daxil olublar".
Kamran Əsədova görə, ölkədə repetitorluğun geniş yayılması da müəllimlərin əmək maaşları ilə əlaqəli deyil: “Səbəb ağır, çətin imtahanlarla bağlıdır. Yəni dünyanın heç bir ölkəsində belə bir imtahan modeli yoxdur ki, siz 5-6 il əvvəl oxuduğunuz, öyrəndiyiniz fənlərdən, mövzulardan imtahan verəsiniz. Təbii ki, 5-6-cı siniflərdə keçirilən informasiyalar əksər hallarda unudulur. Beləliklə, bu gün ölkədə repetitorların sayı ona görə çoxdur ki, ölkədə qəbul imtahanları çox çətindir.
Qəbul imtahanları sadələşdirilməlidir. Bu gün sertifikasiyadan keçən kifayət qədər müəllim var ki, əmək haqqı 1000 manatdan çoxdur. Hətta ayda 2000 manatdan çox əmək haqqı alan müəllimlər var. Direktorların əmək haqqı kifayət qədər artıb. Hazırda şagird sayı 500-dən çox olan direktorlara əlavə pul ödənilir. Və yaxud şagird sayı 2500-dən çox olan məktəblərin direktorlarının aylıq maaşı 3000 manatdan çoxdur. Bütün bunların hamısı son 3 il ərzində təhsil sistemində maliyyələşmənin çox böyük sürətlə dəyişdiyini göstərir.
Müəlliminin maaşının yüksək olması keyfiyyətə təsir göstərir, amma müəllimin bilik və bacarıqları müasir dövrün tələblərinə cavab vermədikdə, bu maaş onlara heç cür təsir göstərməyəcək. Beləliklə, bir daha qeyd edirəm ki, təhsilin keyfiyyəti məsələsini müəllimin maaşına bağlamaq doğru deyil. Biz sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərin maaşının artırılmasında maraqlı olmalıyıq ki, onlar üçün bu motivasiya olsun, rəqabət mühiti yaratsın".
Kamran Əsədov müəllimlərin maaşlarının artırılmasına ehtiyac olduğunu vurğulayıb: “Onlar daha yaxşı sosial vəziyyətə layiq olan insanlardır. Hesab edirəm ki, müəllimlərə dövlət qulluqçusu statusu verməli, onları kommunal, nəqliyyat xərclərindən azad etməliyik. Amma bu heç də bütün müəllimlərə şamil olunmamalıdır. Kimin ki, nəticələri yaxşıdır onların daha yaxşı əmək haqqı almağa haqqı var. Amma diplomu qəbul olunmayan, qeyri-qanuni yolla işə qəbul olan, sertifikasiya imtahanında uğursuz nəticə göstərən, buraxılış və qəbul imtahanlarında şagird nəticələri zəif olan müəllimlərlə yaxşı nəticə göstərən müəllimləri eyniləşdirmək ədalətli deyil”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ