Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib ki, Qərbdə Qazaxıstan neftinə tələbatın potensial artımı onun hazırda işlək vəziyyətdə olan Bakı-Supsa kəməri ilə Azərbaycandan tranziti məsələsini gündəmə gətirir.
Musavat.com xəbər verir ki, Qazaxıstanın energetika nazir 2022-ci ilin mart ayından dayanmış Bakı-Supsa neft kəmərinin bərpası üçün SOCAR ilə aparılan danışıqlar barədə danışıb.
Qazaxıstanın Azərbaycanla neft nəqli sahəsində əməkdaşlığının özəlliyi ondan ibarətdir ki, ölkələr çox fərqli keyfiyyətdə neft istehsal edirlər: Azərbaycanın SOCAR şirkəti “Azeri Light” markalı yüksək keyfiyyətli açıq neft, Qazaxıstanda isə tərkibində yüksək kükürd olan daha ağır dərəcəli “qara qızıl” istehsal olunur. Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan əsas regional boru kəməri ilə nəqli alıcıların tələb etdiyi neftin keyfiyyətini təmin etmək üçün əlavə iş tələb edir.
Bakı-Supsa kəmərinin yenidən işə salınması hər iki ölkə üçün neftin tranzitini xeyli asanlaşdıracaq, çünki o, ayrıca boru kəməri ilə ixrac olunacaq. Eyni zamanda, rentabellik məsələsi də var – Bakı-Supsanın ötürmə qabiliyyəti ildə 7 milyon tondan artıqdır.
Akkenjenovun sözlərinə görə, Astananın Bakı-Supsa boru kəməri və Gürcüstanın Supsa limanı vasitəsilə Qərbə neft tədarükü üçün böyük perspektivləri var. Bu baxımdan qazax neftçiləri azərbaycanlı həmkarları ilə daim əlaqə saxlayırlar.
“Bu ilin ilk altı ayında Azərbaycan ərazisindən mövcud marşrutlar üzrə təqribən 750 min tona yaxın neft vurulmuşdusa, bütün ötən il ərzində bu rəqəm bir milyon yarım tona yaxın olub” Akkenjenov deyib.
O qeyd edib ki, Qərbdə Qazaxıstan neftinə tələbat artarsa, Azərbaycan ərazisindən tranzit həcmləri artırıla bilər. Məhz belə artım perspektivi Astananı Bakı-Supsa boru kəmərinin yenidən işə salınması ilə bağlı danışıqlara sövq edir.
Qeyd edək ki, uzunluğu 837 kilometr olan Bakı–Supsa neft boru kəməri 1997–1998-ci illər ərzində çəkilib. Azərbaycan neftini Qərb istiqamətinə nəql edən bu kəmər Səngəçal terminalından başlayaraq Gürcüstan Qara dəniz sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 millimetr olan Bakı–Supsa kəmərinə neftin vurulmasına 1998-ci ilin dekabrında başlanıb. 1999-cu il aprelin 17-də isə kəmərin rəsmi açılışı olub. Qərb ixrac marşrutu boyunca 3-ü Azərbaycanda və 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstanda), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) inşa olunub. Neftin yığılması üçün Gürcüstanın Supsa terminalının ərazisində ümumi həcmi 1 milyon barel təşkil edən 4 iri çən inşa olunub.
İlk vaxtlarda bu kəmərlə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” və “Azəri” yataqlarından çıxarılan neft nəql olunub. Belə ki, Bakı yaxınlığındakı Səngəçal terminalından Qara dəniz sahilində yerləşən Supsa limanına göndərilən xam neft buradan tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınıb. 2021-ci ilin yekunlarına əsasən, Bakı–Supsa boru kəməri ilə 4,2 milyon ton neft nəql olunub. İxrac olunan bütün neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb.
Musavat.com
14 Iyul 2025
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ